İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın yeni səfirindən iddialı açıqlama - Azərbaycanla körpülər...

Makron Cənubi Qafqaz imkanlarından yararlanmaq “eşqinə” düşüb; Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? 

Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut azərbaycanlılara müraciət ünvanlayıb. Səfirliyin sosial media hesabında paylaşılan müraciətdə qeyd olunur: 

“Əziz azərbaycanlı dostlar, Fransanın Azərbaycandakı səfiri kimi sizə ilk dəfə müraciət etməkdən böyük məmnuniyyət duyuram. Bu tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir”. 

Sofi Laqut sələfi Ann Buayona ehtiramını çatdıraraq, çətin dövrdə Fransa ilə Azərbaycan arasında münasibətlərin davamlılığı üçün onun əməyini yüksək qiymətləndirdiyini qeyd edib. Diplomat həmçinin yaxın vaxtlarda Bakıda və bölgələrdə insanlarla tanış olacağını, Fransa ilə Azərbaycan əlaqələrinin inkişafına töhfə verən şəxslərlə əməkdaşlıqdan məmnunluq duyacağını bildirib. Onu da qeyd edib ki, fransız dilinə marağın dəstəklənməsi və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq. 

Sonda Sofi Laqut bildirib: “Əminəm ki, birlikdə Fransa dəyərlərini və maraqlarını yüksək tutmağa, ölkələrimiz və xalqlarımız arasında münasibətləri inkişaf etdirməyə davam edəcəyik. Mən sizə arxalanıram!” 

Yada salaq ki, Sofi Loqtun sələfi Ann Buayon azad Şuşaya ilk dəfə ayaq basan fransız səfir kimi tarixə düşüb. Bəs yeni səfir nə ilə yadda qalacaq, hansı pozitiv ilkə imza atacaq? İki ölkə münasibətlərində davam edən soyuqluğu aradan qaldıra biləcəkmi? Onun çağırışı nəyə hesablanıb və nəticəsi olacaqmı? 

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında yeni səfirdən daha çox rəsmi Parisin Bakıya münasibətində səmimi olmasının vacibliyini vurğulayıb: “Son bir neçə ildə Fransa dövlətinin Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmasından dolayı rəsmi Parislə münasibətlərdə gərginliklər yaranmışdı. Bu gərginlik təbii olaraq Fransanın Azərbaycandakı səfirliyi ilə münasibətlərə də təsir etmişdi. Ermənistanla sülh danışıqlarının gedişatı, kommunikasiya xətlərinin açılması perspektivləri, nəhayət, Vaşinqtonda sülh maddələrinin paraflanması münasibətlərdə müəyyən dəyişikliklər yaratmağa başladı. Fransanın Vaşinqtonda paraflanıb imzalanmış sənədi, Minsk Qrupunun buraxılması ilə bağlı iki ölkənin verdiyi bəyanatı dəstəkləməsi münasibətlərin müsbətə doğru dəyişəcəyinə ümidlər yaratmışdı. Fransanın Azərbaycandakı səfirinin verdiyi pozitiv açıqlamaları məhz bu gedişatla əlaqələndirirəm. Eyni zamanda səfirin işğaldan azad olunmuş ərazilərimizə səfərini də kommunikasiyaların yeni mərhələyə keçməsi istiqamətində bir addım kimi dəyərləndirirəm. Adətən ölkələr arasında münasibətlərin gərginləşməsi səfirlərin fəaliyyəti ilə bağlı olmur. Onlar öz ölkələrinin siyasətini həyata keçirməyə borcludurlar, yaxud ölkənin yanlış siyasəti belə onları buna qarşı çıxmağa imkan vermir. Təbii ki, bütün səfirlər istəyir ki, işlədiyi ölkə ilə geniş uğurlu diplomatik əlaqələr qursun, qarşılıqlı mədəni və iqtisadi lahiyələrin həyata keçirilməsində rolu olsun və s. Amma bütün bunlar səfirin işindən asılı deyil. O səbəbdən hesab edirəm ki, Fransa səfirinin müraciəti səmimidir. Amma onun istəyinin, arzularının həyata keçməsi ölkəsinin bölgəmizlə bağlı siyasətindən asılı olacaq. Rəsmi Parisin Azərbaycanla münasibətlərində sonuna qədər səmimi olması əsas faktor olmalıdır. Əks halda, səfir istəsə belə ölkəmizlə uğurlu münasibətləri qurmaq iqtidarında ola bilməyəcək. Hələlik münasibətlərin yaxşıya doğru getdiyi məqamdan istifadə etməklə səfir əvvəlki dövrlərdən fərqli olaraq pozitiv jestlər etməyə çalışacaq. Bunun necə və hansı səviyyədə olacağını gələcək göstərəcək”. 

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Fransa Cənubi Qafqazın imkanlarından yararlanmağı düşünür: “Fransa artıq Azərbaycana qarşı münasibətini dəyişib. Bu, nüans təkcə Parisin Bakıya münasibətinin dəyişməsi deyil, həm də fransızların Güney Qafqaza baxış və yanaşmalarının yenilənməsindən qaynaqlanır. Artıq Avropada Rusiya təhdidi artmaqdadır. Bu fonda Fransa Cənubi Qafqazın imkanlarından yararlanmağı düşünür. Digər tərəfdən, burada Orta dəhliz məsələsi var. Fransalı səfirlər öz açıqlamalarında dolayı yolla Orta dəhlizdən asılı olduqlarını bildiriblər. Orta dəhliz məsələsində Fransa Böyük Britaniyanı sıxışdırmağa çalışır. Burada da Azərbaycan faktorundan yararlanmaq istəyir. Amma Bakı ən yaxın keçmişi unutmaq niyyətində deyil. Fransa ermənipərəst mövqeyi ilə artıq özünü çıxılmaz vəziyyətə salıb. Azərbaycan hər kəslə bərabərtərəfli münasibətlərdə maraqlıdır. Fransa da bunun fərqindədir və Bakının bu xoşməramlı xarakterindən yararlanmaq istəyir. Düşünürəm ki, Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşması məhz Parisin davamlı xoş rəftarından asılı olacaq. Fransada başa düşürlər ki, Ermənistanı müdafiə etmək onlara heç nə verməyəcək. Bu baxımdan, Bakı ilə əməkdaşlıq indi Paris üçün başlıca prioritetdir”. 

Cavanşir ABBASLI, 
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR