İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəyin üç sərhəd kəndi təhlükədə: sakinlər dövlətə üz tutdu - VİDEO

Gədəbəy rayonunun Çobankənd, Şahdağ, Çiçəkli kəndlərinin sakinləri çıxılmaz durumla üzləşiblər. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 8 dekabr tarixli sərəncamına əsasən, adları çəkilən kəndlərə asvalt çəkilərkən sakinlərin avtomobil yolu demək olar ki, bağlanıb. İndiyə qədər aidiyyatı qurumlara, Gədəbəydəki səlahiyyət sahiblərinə edilən müraciətlər nəticəsiz qalıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sərəcamın icrası "Gəncə Körpü Tikinti-2" ASC-yə həvalə olunub. Sakinlər bildirir ki, bu qurumun rəhbəri Aqibət Məmmədova şirkətin işçiləri vasitəsilə müraciət etsələr də, hələ də bir tədbir görülməyib.

Nəticədə sakinlər ümid yeri kimi Musavat.com-a üz tutublar. Kəndlərin camaatı deyir ki, artıq həyatları təhlükədədir. Cəmi 3 metrlik yol qoyublar ki, adi balaca maşın da dönə bilmir. Xüsusilə, həmin kəndlərdən Bakıya sakinləri daşıyan Vita şoferləri daha çətin durumla üz-üzədirlər. Çünki, hər gün iki kərə o yoldan keçməli olurlar. Bu da sərnişinlərin də həyatlarını təhlükəyə salır. Təsəvvür edin ki, sakinlər başqa yerə getmək üçün uzun yol qət edərək, həmin bağlanan yeri keçib avtomobillərə əyləşməyə məcbur qalıblar. Xəstəsi olanların da bir anlıq durumlarını düşünək...

Uzun illər Şahdağ orta məktəbinə rəhbərlik edən Ramiz Əliyev saytımıza bunları deyib: “Öncəliklə bizə yüksək səviyyədə yol çəkilməsi üçün verdiyi sərəncama görə Cənab Prezidentə sakinlər adından təşəkkür edirik. Yol idarəsinin işçilərinə də minnətdarıq. Amma çox ciddi problemlə də üzləşmişik. Burada siyasi motiv yoxdur. Sadəcə xahiş edirik. Aidiyyatı qurumlara, bu yolu layihələndirənlərə müraciət edirik. Belə yol qoymaq olmaz. Bu yolu 1-2 metr genişləndirmək mümkündür. Asvalt döşənəndən bu yolla hərəkət etmək müşkülə çevrilib. Qəzalı vəziyyət də yaranıb. Avtomobil birbaşa dönə bilmir. Normal sürət olsa belə yenə də həyatı təhlükə yaranır”.

Sakinlərdən Ramiz Zodanov isə, hər kəsdən kömək istəyir: “2023-cü ildə bu və rayonun başqa yollarının asvaltlanması üçün 11 milyon pul ayrıldı. Bunun üçün Prezidentimizə minnətdarıq. Amma bizi çox çətin durumla üzbəüz qoyublar. Layihələndiriləndə görmürlər ki, burada 3 metr qoymaz olmaz. Sakinlərə niyə əziyyət verirlər? İki kənddə hardasa 500 ə yaxın təsərrüfat var. Hardasa 3 kənddə toplamda 5 minə yaxın əhali yaşayır. Camaatla oyun oynayırlar. Xeyrimiz, şərimiz, xəstəmiz var. Necə hərəkət edək? Bu qədər xərc çəkilib, körpü tikilibsə, asvalt döşənibsə, niyə görülən bu müsbət işlərə kölgə salınır? Diqqətlə baxın, boş yer də var. Yolu rahat şəkildə genişləndirə bilərlər. Sadəcə baxın yoxdur. Artıq bir neçə maşın telefon xəttinin dirəyinə, həmçinin işıq dirəyinə dəyib. Həyatımız təhlükədədir. Biz başqa heç nə istəmirik. 2 metr yolu genişləndirsinlər. 2 metrdən ötrü 5 min əhalinin taleyi ilə oynamaq olmaz. Bu qədər çəkilən xərci bərbad vəziyyətə salmaq olmaz. Bunu kimlər edir? Məqsədləri nədir? İndi biz sakinlər nə edək? Ermənistanla sərhəddə olan kəndlərdir. İndi köçək gedək? Boş qalsın bu yerlər? Yerli məmurlar ölkə başçısının gördüyü bu müsbət işlərə kölgə salmaqla məşğuldurlar. Artıq sakinlər bu cür yaşayışa tab gətirə bilmirlər. Bilmirlər ki, gündəlik qayğıları ilə məşğul olsunlar, ya da bu cür problemlərlə. Yəqin ki, bu müraciətimiz nəzərə alınar”.

Sakinlər deyir ki, asvalt yol bir neçə gündür ki, istifadəyə verilib, artıq demək olar ki, hər gün maşın qəzası xəbəri eşidirik. Artıq işıq dirəklərinin, telefon xətlərinin tab gətirmədiyi də qeyd olunub. Kəndin işığı, telefonu tez-tez kəsilir.

Sonda sakinlər onu da bildiriblər ki, problemlər həll olunmasa, Gədəbəy rayon icra başçısı Orxan Mürsəlovun qəbuluna düşməyə cəhd edəcəklər.

Cavanşir ABBASLI
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR