İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözdən əlil musiqiçilərlə REPORTAJ - “Qaranlıq dünya”nın işıqlı səsləri -VİDEO

Bakının sakit bir məhəlləsində küçənin səsi musiqinin səsinə qarışan bir məktəb var. Burada görünməyənlərlə eşidilənin sehrli vəhdəti yaşanır. Adı 38 nömrəli 11 illik musiqi məktəbidir. Ancaq bu bina təkcə musiqi məktəbi deyil – bu, işığa həsrət gözlərin duyumla dünyanı dərk etdiyi bir məkandır. Burada gözdən əlil uşaqlar musiqi dili ilə danışmağı öyrənir, notları eşidərək, duyaraq, bəzən də əzbərləyərək ifa edirlər.

Bu məktəbdə 159 şagird təhsil alır. Onlar dərsə gedərkən kağız üzərindəki cızıq-cızıq notlara baxmırlar, çünki o notlar onların barmaqlarında, qəlblərində və eşitmə yaddaşlarındadır. Tar, kamança, qarmon, nağara, skripka, kanon, fortepiano – alətlərin səsləri bu uşaqların iç dünyasının pəncərəsinə çevrilib.

Uşaqlar gündüz eyni həyət daxilində yerləşən internat məktəbində ümumi təhsil alır, dərslər bitdikdən sonra isə musiqi məktəbinin qapısından içəri girərək səslərlə yeni bir dünyaya addım atırlar.

Məktəbin direktoru Əsab Əliyev özü də bu binanın yetişdirdiyi balaca musiqiçilərdən biri olub. Deyir, həyat onu yenidən doğma divarların arasına gətirib: 

“1993-cü ildə müəllim kimi geri döndüm. 2008-ci ilə qədər müəllim işlədim. Sonra direktorumuz dünyasını dəyişdi, mənə dedilər ki, bu işi sən davam etdirməlisən. O gündən bu günə yolumu bu uşaqların yanında görürəm”. 

Əsab müəllimin dediklərindən belə aydın olur ki, məktəbi bitirənlər sonradan Bakı Musiqi Akademiyası, Milli Konservatoriya və Mədəniyyət Universitetində təhsilini davam etdirir. Bəziləri isə elə məktəbin özündə müəllim kimi fəaliyyət göstərməyə başlayır.

Hazırda məktəbdə 40 əsas, 7 əvəzçi müəllim çalışır. Onlardan 21-i gözdən əlildir. Onlar bu uşaqları daha yaxşı anlayır, hiss edir və onların duyğularını musiqiyə çevirə bilirlər.

“Biz istəyirik ki, bu müəllimlər təkcə burada deyil, ölkənin bütün musiqi məktəblərində dərs desin. Amma təəssüf ki, imkanlarımız məhduddur”, – deyə Əsab müəllim etiraf edir.

Onun sözlərinə görə, hazırda dərsliklər bray əlifbası ilə çap olunmağa başlayıb. Onlar Moskvadan, Sankt-Peterburqdan (Leninqrad) gətirilən materialları Azərbaycan dilinə uyğunlaşdırırlar:

“Çalışırıq ki, hər alət üzrə ayrıca bray dərslik hazırlayaq. Hər uşaq notu görə bilməsə də, onu eşidir və duyur. Bu duyum onların ən böyük üstünlüyüdür”.

Qarmon müəllimi Vüsal Qəhrəmanov 2006-cı ildən bu məktəbdə dərs deyir. Deyir ki, bu uşaqlarda duymaq görməkdən daha güclüdür:

“Bəzən fikirləşirsən ki, bu qədər çətinlik içində necə bu qədər istedadlı ola bilərlər? İnanın, onların ritm duyumu, eşitmə qabiliyyəti çox yüksəkdir. Musiqiləri bir dəfə eşitmək bəs edir ki, əzbərləsinlər”. 

12 yaşlı Cəmil Məmmədov qarmon dərslərinə böyük həvəslə gəlir. Deyir ki, qarmon onun könül dostudur:

“Milli rəqsləri çalmağı xoşlayıram. Ən çox da innabı və kürdi rəqslərini. Mən qarmonçu olmaq istəyirəm”.

Yusif Qədirov isə kamançada ilk addımlarını atır. Onun sevdiyi əsər "Qatar"dır. Kamançanın simlərində ritm tapan bu uşaq deyir ki, kamança çalmaq onun arzusuydu: “Artıq evdə darıxmıram. Məşğuliyyətim var, mənim də bir alətim var”.

Piano müəlliməsi və konsertmeyster Jalə Mayılova üçün bu məktəb bir məktəbdən də artıqdır:

“Əvvəllər çətin idi. Görməyən uşaqla notları necə öyrənim? Amma zaman keçdikcə gördüm ki, onlar başqa bir gözlə – qəlbləri ilə eşidirlər. Bu gün deyə bilərəm ki, bu uşaqlardan çox şey öyrənmişəm.”

Konsertmeyster İlqar Əhmədov da onların ifasına könüldən müşayiət olur:

“Onlarla işləyəndə insan daha çox yaşamaq, yaratmaq istəyir. Motivasiyadırlar.”

Kifayət Sadiq qızı – bu məktəbin həm məzunu, həm də müəllimidir. 1997-ci ildən burada çalışır. Deyir, musiqi ilə bərabər, səbir, anlayış və ruh vermək də bu məktəbin əsas dərslərindəndir.

Bu məktəbin hər otağında, hər notunda səssiz bir üsyan, lakin işıqlı bir ümid var. Gözdən əlil olsalar da, bu uşaqların duyğuları, dünyaları işıqlıdır. Musiqi ilə dünyanı duyurlar, notlarla danışırlar, səslərlə gülümsəyirlər.

Bu məktəb – görünməyənin görünə biləcəyi, eşidilməyənin qəlbdə iz buraxa biləcəyi bir yerdir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR