Onlayn ictimai-siyasi qəzet
2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Musavat.com aktrisanın dosyesini təqdim edir.
Xəyalə Quliyeva - Azərbaycanlı aktrisa və televiziya simasıdır. Onun yaradıcılığı əsasən yumoristik janra yönəlib və tamaşaçılar arasında məişət situasiyalarını ustalıqla və səmimi şəkildə canlandırması ilə sevilir. “Çəkirəm ha” verilişi ilə populyarlıq qazanan aktrisa xüsusilə “Komedixana” layihəsindəki rolları ilə tanınıb.
O, müxtəlif komik obrazlarda çıxış edərək, qadın rollarını həm klassik, həm də müasir formada təqdim edir. Onun səhnə plastikasında və zarafatlarında Azərbaycan qadınına xas olan ştrixlər tez-tez özünü göstərir ki, bu da izləyicilərə yaxın gəlir.
Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak edib.
O, qarmon ifaçılığı üzrə musiqi məktəbini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olub.
2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında “Çəkirəm ha” layihəsi ilə efirə çıxıb. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çoxsaylı izləyici kütləsi yığıb.
2018-ci ildə qatıldığı “Maşın” şou 17-ci sürət “Hind kinosu” layihəsində tamaşaçıların dəstəyi ilə şounun qalibi olub.
O “Komedixana”da canlandırdığı obrazlarla tamaşaçıların sevgisini qazanıb.
Yusif Musayevlə ailə həyatı qurub. 2007-ci ildə oğlu Məhəmməd, 2012-ci ildə isə qızı Arzu dünyaya gəlib.
Xəyalə Quliyeva müsahibələrinin birində həyat yoldaşı haqqında bunları deyib:
“Sami Yusufun bir sözü var, deyir ki, sərbəstliyim həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir. Eynən bu, məndə də belədir. Çəkilişə qısqanmayacaq, çünki oraya getməliyəm. Film təqdimatları, dostlarım, əhatəm də onu qısqandırmır, amma bir yer var ki, ondan o tərəfə icazə olmaz. Məsələn, işdən çıxıramsa, evə gəlirəm, rəfiqələrim gəzməyə gedir, amma mən onlara qoşulub getmirəm. Bilirəm ki, evdə uşağım, ailəm var. Əgər bizi kollektiv olaraq harasa dəvət etsələr, həmin yerdə mütləq iştirak edirəm”.
Uğur sirrini isə belə açıqlayıb:
“Həyatda uğurun sirri əslində qarşılıqlı dəstək və qarşılıqlı hörmətdən ibarətdir. Əziz insanlarımın dəstəyi ilə hər zaman irəliləmişəm və bu, məni daha da irəli aparır”.
Könül İbrahim
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ