Onlayn ictimai-siyasi qəzet
İtaliyada “Şimal axını”nda partlayışda şübhəli bilinərək saxlanılan Ukrayna vətəndaşı Sergey Kuznetsov Ukrayna Silahlı Qüvvələrinin istefada olan kapitanıdır. Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Wall Street Journal (WSJ) yayıb.
Qeyd olunur ki, adının açıqlanmasını istəməyən müstəntiqlər kapitanın sualtı boru kəmərlərini zədələyən partlayıcı maddələri yerləşdirmək üçün gizli şəkildə Ukraynanın xüsusi hərbi birləşməsinə cəlb edilmiş iki əsgər və dörd mülki dalğıcdan ibarət qrupa rəhbərlik etdiyi iddia olunduğunu deyiblər.
Nəşr bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin istefada olan kapitanı olan Sergey Kuznetsov əvvəllər Ukrayna Təhlükəsizlik Xidmətində, eləcə də 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalının ilk aylarında Kiyevi müdafiə edən elit bölmədə xidmət edib. O, hava hücumundan müdafiəyə yönəlmiş kiçik bölməyə komandanlıq edib. Məsələ ilə tanış olan insanların dediyinə görə, həmin ilin may ayında o, iki əsgər yoldaşı, eləcə də mülki dalğıclar Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərini məhv etmək üçün gizli missiyaya cəlb ediliblər. Əməliyyatı yüksək rütbəli Ukrayna hərbçiləri və xüsusi təyinatlılar ordusunun elit bir hissəsinə komandanlıq edən generalın rəhbərliyi altında kəşfiyyatçılar hazırlayıb.
Missiyada iştirak edən və ya onun gedişatı ilə tanış olan bir neçə nəfərin dediyinə görə, "Diametr əməliyyatı" kod adlı əməliyyat planına o vaxtkı Ukrayna ordusunun baş komandanı general Valeriy Zalujnı nəzarət edib.
Prezident Co Baydenin administrasiyasının etirazlarından sonra Ukrayna prezidenti Vladimir Zelenski Zalujnıya missiyanı dayandırmağı əmr edib. Lakin komanda 2022-ci il sentyabrın 26-da boru kəmərini partlatmaqla missiyanı davam etdirib.
İtalyan müstəntiqləri bildiriblər ki, Polşadan təyyarə bileti almaq və İtaliyada otel sifariş etmək üçün Ukrayna pasportundan istifadə etdikdən sonra S.Kuznetsovu izlədiklərini deyiblər. 49 yaşlı kişi San Klementedə saxlanılıb. Polis şübhəlinin bir neçə gündür ailəsi ilə birlikdə qaldığı bungaloda axtarış aparıb. O, müqavimət göstərmədən təslim oldu.
İndi Boloniya Apellyasiya Məhkəməsi şübhəlinin Almaniyaya ekstradisiyası ilə bağlı qərar çıxaracaq. Almaniya prokurorlarına görə, S.Kuznetsov "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinə partlayıcı maddələr yerləşdirən bir qrup şəxsin tərkibində olub. Onun əməliyyatı əlaqələndirdiyi güman edilir.
İstintaqla yaxından tanış olan mənbələrin bildirdiyinə görə, Kuznetsovun ittiham edildiyi maddə 15 ilə qədər həbs cəzasını nəzərdə tutur və şübhəli şəxs prokurorluqla əməkdaşlıq edərsə, bu cəza azaldıla bilər.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ