Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiyaya qarşı iki gün öncə həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı ətrafında gedən müzakirələr səngimək bilmir.
Burada ən çox iki versiya səslənir. Onlardan biri Ukraynanın təkbaşına bu əməliyyatı həyata keçirdiyi yöndədir. Digər versiya isə bu əməliyyatın Kiyevin Qərb müttəfiqləri tərəfindən təşkil olunması ilə bağlıdır.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov bu əməliyyatla bağlı Musavat.com-a öz fikirlərini bölüşüb:
“Ukrayna kəşfiyyatı tərəfindən aylarla hazırlanmış əməliyyatdır. Murmansk və Kursk sərhəddən 5 min kilometr uzaqda yerləşir. Dronlar isə Ukraynadan deyil, elə Rusiyanın öz ərazisindən yönəldilib. Bunu Rusiya rəsmiləri də açıqlama verib təsdiq etdilər. Vurulan təyyarələr strateji əhəmiyyət kəsb edir, hava məkanında bir dəfəyə 12-15 min kilometr məsafəni yanacaq doldurulmadan uçuş edə bilirlər. Onlar nüvə silahını daşıyan təyyarələrdir və artıq Rusiyada istehsal olunmur, indi 17 ədəd qalıb. Sovet dövründə istehsal olunublar. Bu təyyarələr Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bu əməliyyat Rusiyanın aviasiya parkına böyük bir zərbədir.
“Hörümçək toru” əməliyyatı Rusiyanın xarici kəşfiyyatının nə qədər zəif olmasını göstərdi. Xüsusi xidmət orqanları qabaqlayıcı addım kimi heç nə etməyib. Çünki ölkənin daxilində aparılan əməliyyatdan xəbərsiz olublar. Bu, Rusiyaya böyük bir zərbədir.
3 ildir ki, Ukrayna ilə müharibə gedir, ancaq Rusiya heç bir mühüm irəliləyiş əldə edə bilmir. Bir kəndi ələ keçirəndə isə bunu böyük bayram kimi təqdim edir. Rusiya özündən kiçik ölkələrə qarşı təxribat törədir, hədə-qorxu dilində danışır. Halbuki Rusiya Federal Təhlükəzislik Xidməti daxildəki problemlərlə məşğul olmalıdır. Bu ölkənin milli azlıqlarla ciddi problemi var. Məsələn, Tatarıstanda tatarlar öz dillərində cəmi 4 saat təhsil ala bilərlər. Bu da onların narazılığına səbəb olur. Başqırdıstanda da ayrı problemlər yaşanır. Bu, Rusiyanın daxilindəki narazılıqları göstərir”.
Cavanşir ABBASLI
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ