Onlayn ictimai-siyasi qəzet
Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW) çərçivəsində bu gün Gənclərin Rəhbərliyində İqlim Forumu keçirilib.
Musavat.com xəbər verir ki, Gənclərin Rəhbərliyində İqlim Forumu Azərbaycanın COP29 zamanı başlatdığı təşəbbüslərin davamı kimi diqqət çəkdi. Forumda səsləndirilən fikirlər bir daha göstərdi ki, qlobal iqlim diplomatiyası bu dəfə gənclərin liderliyi və onların qərar qəbuletmədə rolunun artırılması ilə yeni mərhələyə qədəm qoyub.
Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxışında “Bakı Maliyyə Çərçivəsi” nin bütün tərəfləri və vətəndaş cəmiyyətini uşaqlar, eləcə də gənclərin iqlim maliyyəsi ilə bağlı dəstəklənməsinə istiqamətləndirdiyini vurğuladı:
“İqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqla bağlı irəliləyişlərdə gənclərin ehtiyaclarının nəzərə alınması barədə razılıq əldə etdik. “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü” təqdim etdik. Bu təşəbbüs beynəlxalq iqlim strategiyalarında təhsilin, potensialın artırılmasının və bacarıqların inkişafının vacibliyini vurğuladı. COP29 zamanı “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsini” qəbul etdik ki, bu sənəd uşaqlar və gənclərlə bağlı iqlim siyasətinin sürətləndirilməsinə dair öhdəliyimizi təsdiqlədi. İndi isə Azərbaycan hökuməti bu vədləri yerinə yetirmək əzmindədir”.
Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev isə qeyd etdi ki, artıq çoxtərəfli diplomatiya və qlobal iqlim fəaliyyətində yeni və ümidverici mərhələ başlayıb:
“Bu mərhələ təkcə, beynəlxalq sistem üçün deyil, bütövlükdə iqlim gündəliyi üçün də böyük əhəmiyyət daşıyır. Əsas çağırışımız budur ki, gənclər qlobal iqlim fəaliyyətinə daha da sadiq olsun, bu prosesdə öz məsuliyyətlərini dərk etsin və gələcəyin peşəkar danışıqçıları kimi formalaşsın. Danışıqlar mürəkkəb prosesdir, bəzən güzəştə getmək, bəzən isə prinsipial mövqeyi qətiyyətlə müdafiə etmək tələb olunur. Eyni zamanda bütün prosesin mahiyyətini dərindən anlamaq da vacibdir. Hazırda müxtəlif ölkələr və liderlər iqlim fəaliyyəti ilə bağlı fərqli mövqelər səsləndirirlər. Bizim vəzifəmiz bütün baxışları nəzərə alaraq sağlam, elmi əsaslara söykənən, yaradıcı və nəticəyönümlü müzakirələr aparmaqdır”.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva isə diqqətə çatdırdı ki, forum gənclərə üç əsas mövzunu müzakirə etmək imkanı verir: “Birincisi, rəqəmsal alətlər, ikincisi, şəhər inkişafı, üçüncüsü isə iqlim diplomatiyası. Planetimiz ortaq evimizdir və gələcək nəsillər üçün ortaq razılıq və yol tapmaq bizim borcumuzdur. İqlim böhranı dövrümüzün ən böyük çağırışıdır. Lakin sizin yaradıcılığınız, əzminiz və vizyonunuz bu böhranı böyük bir transformasiya fürsətinə çevirə bilər. Birləşmiş Millətlər Təşkilatı, qlobal komanda və mənim həmkarlarım Azərbaycanda gənclərin yanındadır. Biz gənclərin liderliyini dəstəkləməyə, onların səsini gücləndirməyə və onları dayanıqlı, yaşıl və ədalətli gələcəyin formalaşmasında bərabərhüquqlu tərəfdaş etməyə sadiqik. Gəlin gələcəyimizi birlikdə quraq!”, - deyə V.Andreeva bildirib.
Panel müzakirələri zamanı insan kapitalının inkişafı, rəqəmsal transformasiya, gənclərin iqlim fəaliyyəti sahəsində potensialı kimi mövzular diqqət mərkəzində olub. Bu, Azərbaycanın iqlim siyasətində texnoloji, sosial və diplomatik elementləri vahid strategiyada birləşdirmək istədiyini göstərir.
Forumun nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycan COP29-un ev sahibi kimi yalnız texniki razılaşmalarla kifayətlənmir, həm də qlobal iqlim prosesinin gələcəyinə yönəlik davamlı insan resursu formalaşdırmaq xəttini seçib. Bu isə həm ölkəmizin beynəlxalq imicini gücləndirir, həm də gələcək nəsillərin qlobal danışıqlar masasında daha təsirli mövqeyə sahib olmasına zəmin yaradır.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ