Onlayn ictimai-siyasi qəzet
“İqtidar hər kəsin yanına DTX nümayəndəsi, hər məmurun yanına polis işçisi qoya bilməz”.
Musavat.com xəbər verir ki, bu sözləri TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının “Canlı debat” verilişinə qonaq olan YAP-çı deputat Siyavuş Novruzov bildirib.
O, aparıcının “nəyə görə məmurlar illərlə davam edən bu rüşvətxorluq, korrupsiya əməllərindən əl çəkmirlər.
Axı ölkədə bu səbəbdən səs-küylü həbslər də baş verib” sualını bəzi məmurların etibardan sui-istifadə etməsi ilə əlaqələndirib: “Axı hamının başının üstünə bir polis, DTX məmuru qoymaq olmaz. Dövlət. etibar edir, inam göstərir, vəzifə verir. Düşünür ki, bu vəzifənin öhdəsindənm gələcək. Bizim xaricdən nə qədər təhsil almış, gəlmiş gənclərimiz var. Yüksək savada da malikdilər. Təyin olunurlar, gəlirlər vəzifəyə. Etimad göstərilir onların hər birinə. Əksəriyyəti də zəhmətkeş ailədən çıxmış insanlardır. Oxuyub, təhsil alıb və qayıdıb Azərbaycana. Amma sonradan yolunu azıbsa, başqa yola düşübsə, buna nə etmək olar? Təbii ki, mütəmadi nəzarət var. Amma hamısını hər saniyə nəzarət altında saxlamaq olmur ki”.
S.Novruzov bu məsələdə mətbuatın da üzərinə yük düşdüyünü bildirib: “Cənab prezident deyir ki, ictimai nəzarət də olmalıdır, mətbuatın da nəzarəti olmalıdır. Əgər görürlərsə, bu barədə məlumat verməlidir. Daim insanlarla görüş keçirilir. Bu gün nazirlərimiz rayonlara gedir, insanlarla görüşlər keçirirlər. Hər bir rayonda əhali ilə görüşlər keçirilir. Milli Məclisin deputatları ayda 2 dəfə seçiciləri ilə görüş keçirir. O kəndləri bir-bir gəzirlər, digər insanların problemlərini öyrənirlər. Vətəndaşlarla ünsiyyət artıq açıqdır. Əgər bir idarədə bir problem varsa, o idarədə işləyən də buna görə məsuliyyət daşıyır. Neqativi görür, amma bu barədə məlumat vermirsə, çatdırmırsa, özünün də bu məsələdə dolayısı ilə məsuliyyəti var. Görürsən ki, burda dövlət əmlakı talanır, niyə səsini çıxarmırsan? Sən də dövlətdən əməkhaqqı alan bir insansan, dövlətin nümayəndəsisən, bunları çatdırmalısan. Bu gün adi bir məktəbdə 20 manatdan pul yığılırsa, bütün ölkəyə bu yayılır və ictimailəşdirilir. Araşdırılır ki, bu, səhvdir, ya düzdür”.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ