İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda hay qalmadı... – Dövlət, kilsə və “dərin Ermənistan” arasında savaş qızışır  

İrəvanda günlərdir ki, davam edən xaotik hadisələrin sadəcə küçə etirazları, dini çevrələrin narazılığı və ya oliqarxların ticarət savaşları olmadığını anlamaq üçün bölgəni bir az daha dərindən müşahidə etməyə ehtiyac var. Ermənistan son aylarda sadəcə siyasi deyil, sistem böhranı yaşayır və bu böhranın kökündə üç təbəqə toqquşur: hakimiyyət, kilsə, maliyyə elitası. Musavat.com -a görə bu, əslində bir rejim modelinin transformasiyasıdır – və bu prosesin sonunda Ermənistanda mövcud olan “kölgə güclərin” bir çoxu sıradan çıxarıla bilər.

Baş nazirin dini “döyüşü” – Paşinyanın hücumu

Baş nazir Nikol Paşinyanın son günlərdə bütün ermənilərin Katolikosu II Qareginə (Ktrich Nersisyan) qarşı sərt ritorikası, ilk baxışdan kilsənin siyasətə müdaxiləsinə qarşı reaksiya kimi görünə bilərdi. Amma bu, sadəcə görünən tərəfdir. Əslində Paşinyan kilsənin bir neçə din xadimi vasitəsilə “müqəddəs zorakılıq” çağırışları etdiyini iddia edir. Bu ritorika, xüsusilə arximandrit Baqrat Qalstanyanın “Srbasan tərəfindən bəxş edilmiş müqəddəs silahlanma” çağırışları fonunda səslənir. Başqa sözlə, Pashinyan artıq din adamlarının bəzilərini terrorizmə təşviq etməkdə ittiham edir.

Bu ittiham yalnız siyasi motivlərlə deyil, həm də dövlət təhlükəsizliyi və idarəetmə sabitliyinə yönəlik real təhdidlərə cavab kimi təqdim olunur. Burada artıq “söz azadlığı” və “vicdan hüququ” arqumentləri deyil, konstitusion sabitlik və milli təhlükəsizlik məsələləri irəli çəkilir.

Karapetyan effekti – Oliqarxiya və revanşizm

Pashinyanın diqqətə aldığı digər güc mərkəzi oliqarx Samvel Karapetyandır. Rusiya pasportlu erməni milyarder, “Tashir Group” imperiyasının sahibi, uzun illər Ermənistan siyasətində səssiz nüfuza malik şəxs idi. Bu yaxınlarda onun “hakimiyyət dəyişikliyi çağırışları”na görə həbs edildi. Bununla da Ermənistanda artıq yeni tip siyasi hədəflərin formalaşdığını göstərdi: rəsmi strukturlardan kənarda dayanan, lakin öz iqtisadi və informasiya resursları ilə təsir mexanizminə sahib şəxslər artıq təhlükə kimi tanınır.

Karapetyanın həbsində mülkiyyətin yenidən bölüşdürülməsi elementləri də sezilir. Bu, postsovet məkanında tez-tez müşahidə olunan bir modeldir: köhnə oliqarx sinifini tədricən sıradan çıxarıb, onların yerinə yeni hakimiyyətə sadiq iqtisadi oyunçular gətirmək.

Dərin Ermənistan və çevriliş planı

Ən narahatedici məqam isə bu proseslərin sadəcə narazılıq və ya idarəetmə mübarizəsi deyil, artıq bir qiyam hazırlığının komponentləri ilə müşayiət olunmasıdır. Ermənistan Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bir neçə kilsə nümayəndəsi və hərbi-silahlı keçmiş kadrın 1000 nəfərlik “hazır qrup” təşkil etdiyini və çevriliş planı hazırladığını bildirib. Bu artıq tam şəkildə “konstitusiyaya qarşı qiyam” maddəsi altında araşdırılır.

Paşinyanın açıqlamalarında diqqət çəkən cəhət budur ki, o yalnız siyasi liderlərə deyil, həm də bəzi ruhanilərə və biznes elitasına qarşı danışır. Bu, onu göstərir ki, hazırda İrəvanda “dərin Ermənistan”ın, paralel yapılanmanın köklərinin kəsilməsi cəhdi gedir – və bu, çox təhlükəli, lakin bir o qədər də strateji addımdır.

Ermənistanda hazırda baş verənləri üç cümlədə ifadə edə bilərik:

1. Paşinyan paralel sistemin dərin nüvəsinə toxunmağa başlayıb. Bu, onu əvvəlkindən fərqli və daha sərt lider obrazına salır.

2. Kilsə, biznes və keçmiş güc strukturları ona qarşı açıq və ya gizli koalisiya formalaşdırır.

3. Xarici güclərin – xüsusilə Rusiyanın – neytral mövqeyi bu qarşıdurmanı Paşinyanın lehinə çevirə bilər.

Hazırda Ermənistan “başdan dizayna” doğru gedir. Əgər Paşinyan bu prosesi uğurla sonlandıra bilsə, Ermənistan tarixində ilk dəfə dövlətlə dinin, oliqarxiyanın və revanşizmin sistemli şəkildə ayrıldığı bir rejim qurula bilər. Əks halda, bu qarşıdurma təhlükəli domino effekti yaradaraq ölkəni yeni xaosun astanasına sürükləyə bilər.

R.Abbasov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR