Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrıdağın təsvirini çıxarır. Bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bu gəlişmə və ya İrəvanın Ankaraya bu jesti iki ölkə arasında münasibətlərin normallaşması yönündə səylərin artması fonunda baş verir. Bir müddət öncə İrəvanda ilk dəfə Türkiyə və Ermənistan nümayəndə heyətlərinin görüşü olub.
Lakin qardaş ölkəyə qarşı ərazi iddiasından xəbər verən Ağrıdağ (“Ararat”) simvolu hələ ki Ermənistanın gerbindən yığışdırılmayıb. Baş nazir Nikol Paşinyan buna görə gerbi bir necə dəfə tənqid edib və ona düzəliş olunmasını istəyib. Eyni zamanda konstitusiyada “Qərbi Ermənistan” ifadəsi adı altında Türkiyənin 6 vilayətinə torpaq iddiasının əks olunduğu müstəqillik bəyannaməsinə istinad qalır.
Ağrıdağ iddiası Türkiyənin 6 vilayətinə iddia etmək deməkdir. Bu vilayətlərin bütövlükdə ərazisi Azərbaycanın ərazisindən böyükdür.
O zaman sual yaranır: Paşinyan hökumətinin növbəti addımı nə olacaq? Ermənistan hökumətinin viza möhürlərindən Ağrıdağın təsvirini çıxarması Paşinyanın “ev tapşırıqları”nı yerinə yetirmək istiqamətində addımı sayıla bilərmi?
Arzuxan Əlizadə
Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan qarşısında qoyduğu əsas tələblərdən biri Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır: “Bu məsələ gündəmdədir və 8 avqustda Vaşinqtonda keçirilən görüşdə əldə edilən razılaşma özündə Azərbaycanın haqlı tələbinin yerinə yetirilməsini ehtiva edir. Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, qardaş Türkiyəyə də ərazi iddiası var. Eyni zamanda Ermənistanın dövlət gerbində də Türkiyəyə qarşı ərazi iddiası yer alıb. Azərbaycanla Türkiyə bu məsələlərin aradan qaldırılması üçün birgə siyasət həyata keçirir. Azərbaycana qarşı ərazi iddialarından imtina etməklə yanaşı, paralel olaraq Türkiyəyə də qarşı ərazi iddialarından Ermənistan imtina eləməlidir. Bunun üçün referendum keçirilməlidir ki, bu, Ermənistanın qarşısına qoyulan əsas tələblərdən biridir. Vaşinqton görüşündən sonra Azərbaycan Prezidenti bəyan etdi ki, Ermənistana "ev tapşırıqları" verilib. Onlar yerinə yetirilməlidir ki, sülh müqaviləsi imzalansın”.
Deputatın sözlərinə görə, "ev tapşırıqları" sırasında təbii ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından geri durulması əksini tapır: “Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarması o deməkdir ki, Ermənistan hökuməti bu istiqamətdə addımlar atmağa başlayır. Ermənistan hökumətinin atmalı olduğu digər addımlar var ki, onlardan ən vacibi konstitusiyada Azərbaycana ərazi iddialarının ləğvi, dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılmasıdır. Hesab edirəm ki, prosesə artıq start verilib. Məsələnin həlli zamana bağlı məsələdir. İlkin addımın atıldığını söyləmək olar”.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov isə bildirdi ki, Emənistanın möhürlə bağlı qərarı müsbət bir hadisədir: “Nikol Paşinyan hökuməti göstərmək istəyir ki, onun Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması istiqamətində niyyətləri ciddidir. Bu, həm də Paşinyanın real Ermənistan fəlsəfəsinə uyğun gəlir. Ermənistan Konstitusiyasında Azərbaycanla bərabər Türkiyəyə də qarşı ərazi iddiaları yer alır. Məhz konstitusiyada Qərbi Ermənistan adı ilə Türkiyənin 6 vilayətinə iddia irəli sürülməsi və Ermənistanın dövlət gerbində Ağrıdağın təsvir edilməsi Türkiyəyə ərazi iddialarının açıq təzahürüdür. Bundan sonra atılacaq addımlara gəlincə, Paşinyan hökuməti, o cümlədən Ermənistanda rasional düşünən hər kəs bilir ki, Ermənistan dövlətinin inkişafı öz qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından çox asılıdır. Bu normallaşma olmadan Ermənistan dalan dövlət vəziyyətində qalmaqda davam edəcək. O baxımdan Paşinyan hökumətinin atdığı qeyd etdiyimiz addım və bundan sonra atacağı addımlar maraq doğurur”.
Politoloqun fikrincə, atılacaq növbəti addımlar ondan ibarət olmalıdır ki, Ermənistan Konstitusiyası və gerbi dəyişilməlidir: “Belə hesab etmək olar ki, Paşinyan bu addımları atmaqda maraqlıdır. Amma bu addımların atılmasının nəticələrinin necə olacağı Ermənistan daxilindəki siyasi vəziyyətdən və bölgədə marağı olan dövlətlərin təsir imkanlarından asılıdır. Əgər Paşinyan parlament seçkilərində qələbə çalacaqsa, o zaman "ev tapşırıqları"nı yerinə yetirmək prosesinin ardı gələ bilər. Hər halda, hazırkı mərhələdə bu gün demək olar ki, Ermənistan hakimiyyətindəki şəxslərin verdiyi sülhlə bağlı, Azərbaycanla və Türkiyə ilə bağlı verdiyi bəyanatlar müsbət dəyərləndirilə bilər. Çünki bu bəyanatlarda sülh istəkləri görünməkdədir. Ancaq biz Ermənistandan sülh bəyanatları eşitsək də əvəzində daha çox fərqli davranışlar da görməkdəyik. O baxımdan hadisələri indidən proqnozlaşdırmaq doğru olmaz".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ