Onlayn ictimai-siyasi qəzet
Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev işdən çıxarılıb. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. V.Qazıyevin bir müddət əvvəl Sabunçu Tibb Mərkəzində ad günü şənliyi keçirdiyi, bundan sonra tibb müəssisəsində qalmaqal yarandığı iddia olunur. Onunla birlikdə təsərrüfat işçisi və baş tibb bacısının da işdən qovulduğu bildirilir.
Xatırladaq ki, bundan qabaq Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib. “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. Səhiyyə Nazirliyi Ləman Əliyevanın əməliyyat zamanı doğum gününü qeyd etməsi ilə bağlı “German Hospital”da yoxlamalar aparıb və dörd əməkdaşı cərimələmişdi.
Bu dəfə isə Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev doğum günü tədbirinə görə cəzalandırılıb.
Qanunlarımız nə deyir, iş yerində ad günü keçirmək yasaqdırmı? Bu halda hansı cəza nəzərdə tutulur?
Əlövsət Allahverdiyev
Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında sözügedən məsələ ilə bağlı qanunvericilikdə konkret qadağanın olmadığını bildirdi:
“Qanunvericilikdə birbaşa olaraq iş yerində ad günü keçirmək qadağandır müddəası yoxdur, lakin dövlət orqanlarında və digər büdcə təşkilatlarında (o cümlədən tibb müəssisələrində) daxili intizam qaydaları və etik davranış normaları mövcuddur ki, bu qaydalar belə tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoya bilər. Sabunçu Tibb Mərkəzində Vüqar Qazıyevin doğum günü tədbirinə görə cəzalandırılması, böyük ehtimalla, bir neçə səbəbdən irəli gəlir:
Hər bir təşkilatın öz fəaliyyətini tənzimləyən daxili intizam qaydaları olur. Bu qaydalar iş yerində hansı fəaliyyətlərin qadağan olduğunu, hansı davranışların yolverilməz olduğunu müəyyən edə bilər. İş yerində ad günü kimi tədbirlərin keçirilməsi, iş prosesini pozduğu, işçilərin diqqətini yayındırdığı və ya iş mühitinə uyğun olmadığı üçün bu qaydalara zidd ola bilər.
Dövlət qulluqçularının və büdcə təşkilatlarında çalışanların etik davranış qaydaları var. Bu qaydalar işgüzar mühiti qorumağı, resurslardan səmərəli istifadə etməyi və vəzifə borcuna vicdanla yanaşmağı tələb edir. İş saatı ərzində və ya iş yerində şəxsi məqsədlər üçün tədbirlər keçirmək, bu etik normaların pozulması kimi qiymətləndirilə bilər.
Dövlət müəssisəsində iş yerinin, iş saatlarının və digər resursların şəxsi tədbirlər üçün istifadə edilməsi yolverilməz hesab oluna bilər.
Pandemiya dövründə, xüsusilə tibb müəssisələrində kütləvi toplaşmaların və tədbirlərin keçirilməsi ciddi şəkildə qadağan olunmuşdu. Hərçənd pandemiya artıq böyük ölçüdə arxada qalsa da, bu cür tədbirlər hələ də sanitar-epidemioloji normalara zidd hesab oluna bilər".
Ə.Allahverdiyev qeyd edib ki, iş yerində daxili intizam qaydalarının və ya etik davranış normalarının pozulmasına görə nəzərdə tutulan cəzalar Əmək Məcəlləsi ilə tənzimlənir və bu halda intizam tənbehi tətbiq olunur:
“Vüqar Qazıyevin cəzalandırılması, ehtimal ki, bu intizam tədbirlərindən biri (məsələn, məzəmmət və ya şiddətli məzəmmət) ilə həyata keçirilmişdir. Daha əvvəl də bu cür halların yaşanması, təşkilatın daxili qaydalarının bu məsələyə ciddi yanaşdığını göstərir. Qeyd etmək lazımdır ki, hər bir hal fərdi şəkildə araşdırılır və cəza növü pozuntunun ağırlığından, nəticələrindən və əvvəlki hallardan asılı olaraq müəyyən edilir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ