Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Azərbaycana qarşı təhdid dolu çıxışı guya XİN-nin sözçüsü Mariya Zaxarova tərəfindən korrektə edildi.
Diplomat xanım bildirdi ki, narahatlıq üçün guya əsas yoxdur, onun ölkəsi həmişə keçmiş Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Düşünmək olardı ki, bundan sonra Rusiyanın Bakıya qarşı təhdidlərində ən azı pauza yaranacaqdır. Amma yox, heç bir gün də keçmədi ki, xanım Zaxarova özü başladı rəsmi Bakıya qarşı xəbərdarlıqlar etməyə, NATO ilə əməkdaşlığın Azərbaycan üçün hansı fəsad və ya risklər yaradacağını bircə-bircə “xırdalamağa”.
Nə demək olardı bu xüsusda? Burada bir daha Bakının hərbi-siyasi statusunu, onun Qoşulmama Təşkilatının üzvü, özü də ən fəal üzvlərindən biri olmasını xatırlatmağa ehtiyac varmı?
Bəli, Azərbaycan hərbi cəhətdən neytral, heç bir bloka qoşulmayan ölkədir. Amma neytral olmaq o, deyil ki, ölkə, ümumiyyətlə, hərbidən, müdafiə siyasətindən, özünün müdafiə potensialını artırmaqdan və gücləndirməkdən imtina edir.
Yox, belə şey olmur. Azərbaycan da yaxın-uzaq ölkələrlə müdafiə sahəsində əməkdaşlıq edir, bir daha deyirik ki, özünün müdafiə potensialını modernləşdirir və gücləndirir, ən əsası da, özünün bu istiqamətdəki səylərində hansısa siyasi, xüsusən də geosiyasi məqsədlər güdmür: Bakı özünün ən yaxın müttəfiqi Türkiyəylə, qonşu Gürcüstan və hətta İranla birgə təlimlər keçirir, təcrübə mübadiləsi aparır. Eyni qayda ilə o, bunu şimal qonşusu Rusiya ilə də edir, həm quruda, həm də dənizdə hərbi təlimlər aparır və yaxud da apara bilər. Burada nə var ki?.. Bütün dünyada region dövlətləri həm də regional təhlükəsizliyi təmin etmək üçün birgə səylər göstərirlər.
O ki qaldı NATO-ya, bu da dünyanın ən qabaqcıl hərbi təşkilatlarından biridir, ondan görüb-götürməli, öyrənməli çox şey var, həm də bu cəhdlər qlobal təhlükəsizlik sahəsində əməkdaşlığın bir formasıdır. Bakı dəfələrlə rəsmi şəkildə, özü də ən yüksək səviyyədə bəyan edib ki, onun NATO-ya üzv olmaq planları yoxdur. Ona görə də Bakı NATO ilə hər hansı seminarda iştirak edirsə, hətta azərbaycanlı hərbçilər də birgə lokal təlimlərdə təcrübə mübadiləsi keçirsə, Kreml bundan niyə təlaşlanmalıdır? Niyə Moskva yenidən Bakının hərbi-siyasi niyyətlərilə bağlı şübhələrə düşübdür? Məgər bir müddət bundan əvvəl rus hərbçiləri NATO generalları ilə görüşməkçün neytral ərazi kimi Bakını seçmirdimi? Elə indinin özündə ruslar ukraynalılarla, səhv etmirəmsə, hətta amerikalılarla İstanbulda görüşmürlərmi?..
Yoxsa Kremlin dərdi, məqsədi başqadır? Yoxsa Kreml bütün keçmiş sovet məkanını öz təhdidlərilə əhatə etmək istəyir ki, başqa dövlətlər bir növ buna alışsınlar, onun niyyətləri kimsə üçün gizlin qalmasın! Necə ki, bir vaxt nasist Almaniyasının baş ideoloqu Yozef Gebbells deyirdi ki, bizim məqsədimiz, planlarımız başqa dövlət və ölkələr üçün nə vaxt gizlin, qeyri-aşkar olubdur?..
Bəli, eyni ssenari ilə indi də Kreml hərəkət edir. Elə bu yaxınlarda da dedilər ki, Ukrayna ilə məsələni bitirəndən sonra Qazaxıstanla söhbəti çürüdəcəklər!
Yenilikdirmi onların bu planları? Təəssüf, yox! Dəfələrlə, rusiyalı siyasətçilər, diplomatlar və hətta deputatlar ölkələrinin Qazaxıstana qarşı ərazi iddialarının olmasını bildiriblər: bəli, guya vaxtilə İosif Stalin və başqaları Rusiyanın torpaqlarının əsasında bu qədər böyük Qazaxıstan respublikası yaradıblar və indi də Astana bu əraziləri geri qaytarmaq haqqında düşünməlidir. Əvvəlki illərdən fərqli olaraq Astana da indi bu təhdidləri daha real qiymətləndirməyə, hətta qonşu Pekinlə münasibətləri bir az da istiləşdirməyə başlayıb.
Bilmirik bu xüsusda Pekin nə mövqe tutacaq, amma Moskva özünün Türküstanla planları ucbatından Pekini də, Ankaranı da itirə bilər – yoxsa Kreml bu boyda dünyada bir Belarus və bir də Şimali Koreya ilə qalmaq niyyətindədir?..
Qərəz, indi hər yerdə səhər Rusiyanın təhdidlərilə açılır, axşam da onun təhdidlərilə başlayır. Bir daha deyirik ki, Cənubi Qafqaz da bu təhdidlərdən tamam kənarda deyil, hiss olunur ki, Moskva Ermənistanı ciddi şəkildə qarışdırmaqdadır: az qala, bütün ölkə, daha doğrusu, onun bütün aktiv və qeyri-aktiv siyasi fiqurları, əsasən də erməni kilsəsi baş nazirə qarşı qalxıbdır. Görünür, Kremldən təzə siqnal gəlibdir, hətta veteran erməni siyasətçiləri – eks-prezident Ter-Petrosyan kimilər belə ya qocalıq huşsuzluğundan on illərlə bundan əvvəl özlərinin nə dediklərini unudublar, ya da siyasi düşərgələri hansısa vədlərə görə səhv salıblar...
Deyəsən, bu yay isti olmağı vəd edir. Narahatlıq yaradan budur ki, Cənubi Qafqazla Türküstanı birləşdirən siyasi arealda ABŞ hələ ciddi geosiyasi vektor kimi görünmür, daha çox nəzərə çarpan Türkiyə və Çin kimi ölkələrdir. Bir daha deyirik ki, Pekinin qərarı bizə bəlli deyil, amma qardaş Türkiyə hazır olmalıdır: Cənubi Qafqazdakı Azərbaycan bir tərəfə, bir neçə ay bundan əvvəl deyildi ki, Ankara bütün sənədlərdə, hətta dərsliklərdə bundan sonra Mərkəzi Asiyanı Türküstan kimi adlandıracaq!
Bakının da geosiyasi seçimi tam bəllidir. Bir müddət bundan əvvəl ən yüksək səviyyədə deyilmişdi ki, Azərbaycan üçün də bir geosiyasi inteqrasiya ünvanı var: türk dünyası! Amma bir detal var: elə vəziyyət yarana bilər ki, Rusiyaya qarşı olan bütün narazı geosiyasi aktorlar bizim də müttəfiqimiz ola bilərlər...
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ