Onlayn ictimai-siyasi qəzet
İsveçin Yöteborg şəhərində tanınmış dilçi alim, milli düşüncə adamı, Milli Azadlıq Hərəkatının simalarından biri, bir neçə kitabın müəllifi və dəyərli ziyalı Arif Rəhimoğlunun 70 illik yubileyi münasibətilə anım mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, tədbir onun qurucusu olduğu Yöteborg Azərbaycan Evi tərəfindən təşkil olunub.
Əvvəlcə mərhum ziyalının məzarı ziyarət olunub, dualar oxunub, xatirələr bölüşülüb. Daha sonra mərasim Azərbaycan Evinin lokalında davam edib. Tədbiri Hüseyn Nəsirli açıb və Dövlət himni səsləndirilib. Aparıcılığı Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova edib.
Çıxış edənlər – Cavanşir Cəfərov, Kənan Hacıəkbər oğlu, Hüseyn Yəhyayi, Azər Fərroukhi və başqaları Arif Rəhimoğlunun həyat və fəaliyyətini yüksək qiymətləndiriblər. Onun milli dəyərlərə sadiqliyindən, elm və maarifə töhfələrindən söz açılıb, ailəsinə – başda xanımı Bəyim xanım Rəhimova olmaqla – səbir dilənib.
Tədbirdə həmçinin Arif Rəhimoğlunun ömür yolunu və ictimai fəaliyyətini əks etdirən videolar nümayiş olunub.
Arif Rəhimoğlu Azərbaycan xalqının milli dəyərlərinə sədaqəti, elm və maarifə xidməti ilə hər zaman hörmətlə yad ediləcək.
Allah rəhmət eləsin.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ