Onlayn ictimai-siyasi qəzet
Rusiya baş prokuroru İqor Krasnovun həyat yoldaşı və qayınanası son illərdə yüz milyonlarla rubl qazanıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Proyekt” araşdırma mərkəzi məlumat yayıb.
Məlumatlar Rusiya Pensiya Fondunun bazaları, deklarasiyalar, həmçinin sızmalar və SPARK-İnterfaks üzərindən öyrənilib.
Məlumata görə, 2012-ci ildə o vaxt İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə böyük müstəntiqi olan 37 yaşlı Krasnov Moskva DİN Universitetinin hüquq fakültəsində oxuyan 22 yaşlı Anna Komleva ilə evlənib. 2015-ci ilin noyabrında Anna “Segezha Group”a (AFK “Sistema”nın meşəçilik bölməsi) işə düzəlib. O zaman İstintaq Komitəsi şirkətin sahibi, milyarder Vladimir Yevtuşenkova qarşı “Başneft”in “qanunsuz” özəlləşdirilməsi ilə bağlı işi araşdırırdı. Bu şirkətdə Anna Krasnova ümumilikdə 22 milyon rubl qazanıb.
2017-ci ildən etibarən Krasnovun deklarasiyalarında həyat yoldaşı barədə məlumatlar yoxa çıxıb. Otkritıye Media onların boşandığını iddia etsə də, Proyekt jurnalistləri bunun formal addım olduğunu düşünür. Çünki 2020-ci ilə qədər cütlük birlikdə səyahət edib, 2023-cü ildə isə Anna ikinci uşağını dünyaya gətirib. Körpənin adı və atasının adı – Mixail İqoreviç Krasnov – baş prokurorun ailəsinə işarə edir.
2020-ci ilin yanvarında Krasnov baş prokuror təyin ediləndən az sonra həyat yoldaşı “Novaya texnologiçeskaya kompaniya”da vəzifə alıb. 2021-ci ilin martında isə “Transmaşholding” qrupunun vitse-prezidenti təyin edilib. Proyektin hesablamasına görə, onun aylıq gəliri 3,5 milyon rubl olub və bu, 2024-cü ilin sonuna qədər təxminən 160 milyon rubl qazanmasına imkan verib.
Krasnov baş prokuror olduqdan sonra qayınanası İrina Komlevanın da biznesi sürətlə böyüyüb. O, 2022-ci ilin sonunda “Interoyl” adlı yanacaq şirkəti qeydiyyatdan keçirib, 2023-cü ilin avqustunda isə “Verkhaus kompleks” adlı başqa bir şirkət yaradıb. “Proyekt”in araşdırmasına görə, “Verkhaus kompleks” ilk bir il yarımda 1,4 milyard rubla yaxın gəlir və 300 milyon rubldan çox xalis mənfəət əldə edib.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ