İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistikaya qabiliyyət imtahanı ləğv edilsin - təklif və rəy

Bu il də ənənəvi olaraq jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının keçiriləcəyi gözlənilir. İmtahanda ixtisasa maraq göstərən namizədlərin yazı qabiliyyəti və təhlil bacarığı yoxlanılır.

Lakin illərdir davam edən bu proses cəmiyyətdə və təhsil ictimaiyyətində birmənalı qarşılanmır. Bəzi mütəxəssislər hesab edir ki, qabiliyyət imtahanı obyektiv deyil və gələcək jurnalistlərin seçimində əsas göstərici olmamalıdır.

Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bu mövzu ilə bağlı mövqeyi hər zaman eyni olub.

Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO - Oxu.az

Qulu Məhərrəmli 

“Jurnalistika fakültəsinə qəbul olan zaman qabiliyyət imtahanı olmamalıdır. Necə ki, Tibb Universitetinə, Mühəndislik fakültəsinə daxil olanlardan bu tələb olunmur. Jurnalistika imla, inşa, esse yazmaq, dəlalətli cümlələr qurmaq deyil. Bu publisistikaya, ədəbiyyata, ədəbi yaradıcılığa aid olan məsələdir. Jurnalistika sosial sahədir, onun əsas missiyası cəmiyyəti doğru, dürüst məlumatlandırmaq, dəqiq və vicdanlı xəbər verməkdir. Tələbə də oxuduğu müddətdə bunları öyrənir və istedadı olanlar bu keyfiyyətə yiyələnirlər. İndi həm Dövlət İmtahan Mərkəzi, həm də abituriyentlər üçün belə bir qaydanın müəyyən olunması özünü doğrultmur”.

Bəzi ekspertlər isə düşünür ki, qabiliyyət imtahanı tamamilə ləğv edilmək əvəzinə, təkmilləşdirilməli və şəffaf şəkildə həyata keçirilməlidir. Onların fikrincə, jurnalistika yazı sənətidir və yazmaq istəməyən biri bu peşədə uğurlu ola bilməz. Bu səbəbdən yazı potensialının yoxlanması əhəmiyyətlidir. Lakin bu yoxlama yalnız inşa və ya esse ilə bitməməlidir, müsahibə, test, məntiq, müasir mediaya dair anlayışları da əhatə edən kompleks imtahan mexanizmi formalaşdırılmalıdır.

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu

Mövzu ilə bağlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qeyd edib ki, əvvəla, jurnalistika, sadəcə, “sosial hadisələri müşahidə edən” bir sahə deyil: “Bu peşə - yazmaq, düşünmək, ünsiyyət qurmaq və cəmiyyəti məlumatlandırmaq bacarığı tələb edir. Yəni jurnalist həm informasiyanı toplayıb dəqiqləşdirməli, həm onu dil qaydalarına uyğun və maraqlı şəkildə oxucuya təqdim etməlidir. Bu isə istedad, yaradıcı təfəkkür və yazı qabiliyyəti olmadan mümkün deyil.

Qabiliyyət imtahanının məqsədi - jurnalistika sahəsinə gələcək tələbənin bu peşəyə uyğunluğunu əvvəlcədən müəyyənləşdirməkdir. Yazılı esse, imla və mətn üzrə təhlillər vasitəsilə gəncin təfəkkür qabiliyyəti, dil duyumu, fikrini aydın ifadə etmə bacarığı ölçülür. Bu, həm də onun gələcəkdə peşəkar jurnalist ola bilmə potensialını göstərir".

R.Arifoğlunun fikrincə, təkcə test balına əsaslanan qəbul sistemi jurnalistikanın keyfiyyətinə mənfi təsir edə bilər: “Çünki testdə yüksək nəticə göstərən, lakin sözlə işləməyi bacarmayan gənclər bu sahəyə daxil olduqda nə yazı yaza bilir, nə cəmiyyətlə ünsiyyət qurur, nə də medianın əsas missiyasını yerinə yetirə bilir. Belə olan halda nəinki media inkişaf edir, əksinə, cəmiyyət yanlış informasiya və keyfiyyətsiz təhlillərlə üz-üzə qalır.

Unutmaq olmaz ki, beynəlxalq təcrübədə də yaradıcı sahələrə qəbul zamanı mütləq şəkildə qabiliyyət, esse və portfoliolar qiymətləndirilir. Dünyanın aparıcı jurnalistika məktəbləri - Kolumbiya, London City, Sciences Po kimi universitetlər bu modelə üstünlük verir. Onlar anlayırlar ki, jurnalistika yalnız elmi biliklərlə deyil, yaradıcı bacarıq və analitik düşüncə ilə qurulur. Sonda isə qeyd etmək lazımdır ki, jurnalistika təkcə ixtisas deyil - bu, bir missiyadır. Cəmiyyətə xidmət edən, onu məlumatlandıran, həqiqəti araşdırıb yazan insan bu sahəyə təsadüfən gəlməməlidir. Qabiliyyət imtahanı bu təsadüfləri minimuma endirən və peşəyə uyğun kadrların seçilməsinə xidmət edən mühüm vasitədir. Məhz buna görə də jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanı qalmalıdır. Əks halda, biz sözə və söz adamına deyil, yalnız bala qiymət verən bir sistemin qurbanı olarıq".

Rəşad Məcid: “Bu, səhv yoldur”

Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, bu məsələ dəfələrlə qurumun İdarə Heyətində müzakirə olunub: “Belə müzakirələr Mətbuat Şurasının İdarə Heyətində də aparılıb. Fərqli yanaşanlar var, əlbəttə. Şübhəsiz ki, müasir trendlər, yeni texnologiyalar jurnalistikanın fərqli statusunu meydana çıxarıb. Lakin hər halda, jurnalistika üçün lazım olan keyfiyyətlər - müşahidə qabiliyyəti, savad, yazı qabiliyyəti - bunlar da vacib şərtlərdən biridir. Eyni zamanda bu cür müsabiqələrdə jurnalist olmaq istəyənlərin istedadları hiss olunur və bu keyfiyyətlər nəzərə alınır. Orada müsabiqənin obyektivliyinə söz ola bilməz, çünki orada peşəkarlar iştirak edir və doğrudan da jurnalist üçün lazım olan keyfiyyətləri özündə əks etdirən yazılar diqqəti cəlb edir.

Elə hesab edirəm ki, indiki vaxtda onun ləğv olunması real deyil. Lakin şübhəsiz ki, jurnalistikanın müxtəlif qanadları var. Bəzi kommunikasiya məsələlərində bu heç tələb olunmur. Yəni ümumi bir fikir olsa, bununla bağlı müraciət edə bilərik. MŞ-nin İdarə Heyətində bir dəfə müraciət olunub, yenə də bir müzakirə aparıb ortaq fikrə gəlsək, əlbəttə, bununla bağlı müvafiq qurumlara müraciət etmək olar. Zaman bir sıra məsələlərdə dəyişiklik etdiyi kimi, ola bilsin ki, bu məsələyə də yeni yanaşma tələb olunur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR