İnsanlara hürriyət, millətlərə istiqlal!

Katalikos II Qaregin Vaşinqtona niyə getdi: Kilsə Paşinyana qarşı nə hazırlayır?

Musavat.com-un da dəfələrlə xəbər verdiyi kimi, bu gün ABŞ-da çox mühüm bir üçtərəfli görüş keçirilir. Görüşdə ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər. Gözləntilərə görə, tərəflər arasında sülh sazişinin paraflanması və bir sıra mühüm sənədlərin imzalanması baş verəcək. Azərbaycanın bütün şərt və istəkləri həm ABŞ, həm də Ermənistan tərəfindən qəbul edilir.

Məhz belə bir kritik və tarixi məqamda bütün ermənilərin katalikosu II Qareginin 8 avqust tarixində ABŞ-a başlatdığı pontifikal səfəri diqqət doğurur. Ermənistanla Azərbaycan arasında sülhün astanasında, Eçmiədzin kilsəsinin başçısının Vaşinqtonda olması təsadüf kimi qiymətləndirilmir.

Musavat.com-un araşdırmasına görə, səfərin rəsmi izahında qeyd olunur ki, katalikos ABŞ-da Eçmiədzinə bağlı layihələrin inkişafı ilə bağlı yerli dini dairələr, xeyriyyəçilər və icma təmsilçiləri ilə görüşlər keçirəcək. Los-Anceles və Vaşinqtonda bir sıra dini mərasimlərdə iştirakı da planlaşdırılır.

Lakin Ermənistan daxilində katalikosla Paşinyan hakimiyyəti arasında davam edən gərginlik bu səfəri sırf dini çərçivədən çıxarır. Ermənistan hökuməti II Qaregini korrupsiya, qeyri-kanonik həyat tərzi və siyasi manipulyasiyada ittiham edir. Bunun fonunda Eçmiədzin ilə rəsmi İrəvan arasında açıq qarşıdurma formalaşıb. Parlamentdə kilsənin hüquqi statusunun dəyişdirilməsi və dövlət-kilsə münasibətlərinin yenidən tənzimlənməsi məsələləri gündəmdədir.

Müşahidəçilərin fikrincə, II Qareginin ABŞ-da olması həm Eçmiədzin kilsəsinin beynəlxalq dayaqlarının möhkəmləndirilməsi, həm də Paşinyan hökumətinə qarşı diaspor və xarici dairələrdə dəstək axtarışının göstəricisidir. Bəzi ehtimallara görə, katalikos Tramp administrasiyası üzərində dolayı təsir imkanları axtarır və sülh prosesi fonunda öz mövqeyini qorumağa çalışır.

Beləliklə, Ermənistan daxilində dövlətlə kilsə arasında gedən səsli qarşıdurma fonunda, katalikos II Qareginin bu gün üçtərəfli sülh görüşü keçirilən Vaşinqtona səfəri həm dini, həm də siyasi məna daşıyır və geniş rezonans doğurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR