Onlayn ictimai-siyasi qəzet
İrandan iki xəbər gəlib, ikisi də, özləri demişkən, “Əmrikə”ya aiddir.
Xəbərin biri odur ki, Qum seminariyası və ona bağlı olan dini mərkəzlərin 2 mindən çox müctəhid və mollası avqustun 1-də Donald Trampın “qanının tökülməsini və malının yağmalanmasını” halal buyuran bəyanat yayıb, yəni fətva verib.
İkinci xəbərin videosu da var.
Kadrlardan görünür ki, 20-dən çox sərbaz və ya inqilab keşikçisi müctəhidlərin çağırışına səs verərək, çölün düzündə saxlanılmış pikapa Donald Tramp kimi qrimlənmiş, geyinmiş (saçının rənginə, başının qırmızı kepinə qədər nəzərə alıblar) bir nəfəri yükləyirlər. Bu, Trampın oğurlanıb aradan çıxarılması səhnəsinin məşqidir.
İntəhası, keşikçilər pikapa “Tramp”dan başqa birini də mindirirlər, o da ya Trampın keşikçilər korpusunun rəisidir, ya da vitse-prezident Ceyms Devid Vensdir. Birincinin olması daha inandırıcıdır, çünki o, həmişə Trampın yanında olur. İkincini isə axırıncı dəfə Ağ Evdə Zelenskinin üstünə xoruzlananda görüblər, ondan sonra ortalıqda görünmür.
2 mindən çox mollanın toplantısından video olsaydı, onu da analiz etmək olardı. Bilərdik ki, üləmalar öz niyyətlərində nə qədər qətiyyətlidirlər. Çünki Tramp hansısa yazıçı və ya deputat deyil ki, fətvanı verəsən, adam evinə getdiyi və ya toplantıda çıxış etdiyi yerdə bıçaqlayalar.
Tramp dünyanın ən güclü prezidentidir, əlinin altında yüz minlərlə kommandos, N qədər də heç kimdə olmayan raket-maket var, başı çönər, yerin dibindəki bunkerə iki dənə 10 tonluq bomba qoyar, bunker tam dağılmasa da, girişi-çıxışı kilidlənər. Tramp Trumenin xələfidir. Kim Trumeni tanımırsa, 80 il öncə bu avqust günlərində yaponlara qarşı etdiyi hərəkət barədə yazılanları oxusun. Hələ Trumen Trampa baxanda xeyli təmkinli, soyuqqanlı adam olub.
Xüləs, mətləbdən uzaqlaşmayaq, bizim kəndçi Mətləb müəllim şahmat oynayanda elə edirdi, piyadaları verirdi qabağa, deyirdi, məndə çox fikirləşmək söhbəti yoxdur, basıb gedəcəm, şahın qalasını darmadağın edəcəm. Düzdür, o, çox vaxt uduzurdu, amma insafən, çox maraqlı, aksiyonlu şahmat oynayırdı.
İndi iranlı müctəhidlər və sərbazlar çox fikirləşmirlər, birbaşa Trampı hop götürür, qanını tökür, leşini pikapa mindirir, məsələni bitirirlər.
Əslində İranın ABŞ ilə problemi təzə-təzə başlayanda Tramp 33 yaşında qıvraq gənc olub. O vaxt siyasət-filan onun vecinə olmayıb, əsas dərdi modelləri motellərə aparmaq olub. O vaxt İranla dalaşan prezident Karter və onun müşaviri Bjezinski idi. Sonradan 7 prezident (Reyqan, Buş, Klinton, Buş (oğul), Obama, Tramp, Bayden) dəyişdi, amma heç biri İranla dost olmadı. Tramp isə təzədən gəlib və düşmənçiliyi qaldığı yerdən davam etdirir.
Təsəvvür edin, atasının adı Hüseyn olduğu üçün İrandan ötrü ən əziz olmalı olan Barak Obama da Tehrana qarşı çox sərt idi, amma Qum üləmaları onun qanını halal buyurmadılar.
Trampa qarşı verilən fətvada “və”dən əvvəlki hissəsini, “qanının tökülməsinin vacib olduğunu” anlamaq olar, bəs “və”dən sonrakı hissə necə olacaq? Onun “malının yağmalanması”nı kim və necə həyata keçirəcək? Həm ABŞ-də özəl mülkiyyət toxunulmazdır, həm də “Trump Tower”lərin mühafizəsi çox güclüdür, yaxın düşmək olmur.
Tərs kimi, qızılbaş (sözün hərfi mənasında) lider də İranın belə təhdidlərini ciddiyə alır. Əvvəllər belə deyildi, Pensilvaniyada qulağına güllə dəyəndən sonra elə oldu.
Bu baxımdan hazırda onun qanını tökmək çox çətindir. Məsələnin həllinin ən çətin tərəfi “zınqırovu pişiyin boynundan kimin asacağı”dır.
Aydın olmadısa, o məşhur lətifəni qısa şəkildə aydırım. Deməli, aqressiv pişiyin əlindən zinhara gəlmiş siçovullar toplantı keçirir, pişiyə qarşı preventiv tədbirləri müzakirə edirlər. İçlərinin ən ağıllısı deyir ki, gəlin pişiyin boynuna zınqırov asaq, o bizə yaxınlaşanda zınqırov səslənsin, biz də qaçaq, gizlənək. Hamısı yekdilliklə razılaşır. Amma bir müxalif ovqatlı siçovul kontr-sualla çıxış edir: “Yaxşı, bəs o zınqırovu pişiyin boynuna kim asacaq?”
Bəli, əsas məsələ budur. “Tramp” müqəvvasını və ya onun kimi geyindirilmiş adamı pikapa basıb şəbeh çıxarmaq asandır, gerçək Trampa yaxın düşmək isə çox çətindir.
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ