İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml içində səssiz müharibə: Medvedevlə Mişustin savaşı qızışır

"Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə baş nazir Mixail Mişutsin arasında gizli savaş getdikcə qızışır. Medvedev sərvətini, Mişustin isə səlahiyyətini artırmağa çalışır".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev sosial media hesabında bildirib.

Politoloq qeyd edir ki, Medvedevlə əlaqəli 15 fond Ukraynada müharibənin başlanmasından sonra hesablarındakı vəsaiti kəskin şəkildə artırıb:

"Bu barədə "Moscow Times" məlumat yayıb. Məlumata görə, keçən ilin sonuna həmin fondlarda 1.08 milyard dollar yığılıb.

Fondlar arasında "Dar", "Sotsqosproyekt", "Qradislava", "Neva", "Yantarnı kray", "Naşa pravda" və başqaları var. Sonuncusu – "Naşa pravda" – 2023-cü ilin martında Dmitri Medvedevin təşəbbüsü ilə Rusiya ordusunu dəstəkləmək məqsədilə qeydiyyata alınıb. Bu fond ordunu dronlar, gecəgörmə cihazları, nişangahlar və tibbi avadanlıqla təchiz edir. İki il ərzində "Naşa pravda" hərbi ləvazimatlara 30.4 milyon dollar xərcləyib.

Ukraynada baş verən müharibə Rusiyada sosial vəziyyəti olduqca ağırlaşdırıb. Gündəlik istehlak mallarının böyük qismi cəbhə üçün səfərbər edildiyindən, ölkədə faktiki ərzaq çatışmazlığı ilə bağlı vəziyyət yaranıb. Medvedev bu vəziyyətdən geniş şəkildə istifadə edir və ölkədəki bir çox iş adamlarına himayədarlıq edir.

Prezident Vladimir Putin isə səlahiyyətlərinin böyük bir hissəsindən baş nazir Mixail Mişutsinin xeyrinə imtina etməyə hazırlaşır. Artıq bir çox mühüm səlahiyyətə baş nazir nəzarət edir. Yaxın gələcəkdə Rusiyada tam prezidentlik idarəetməsindən Fransadakı kimi yarı-prezidentlik sisteminə keçid gözlənilir.

Medvedevin inhisarçı iş adamlarına himayə etməsi və şəxsi sərvətini artırması hökumətin diqqətindən yayınmır. Nəzərə almaq lazımdır ki, Rusiyada iri iş adamlarına qarşı yüksək vergilər mövcuddur. Bu vergilərin əsası Mixail Mişutsin hələ Federal Vergi Xidmətinin rəhbəri olduğu dövrdə qoyulub. Hazırda da vergi xidməti baş nazirin nəzarətindədir.

Mişustin Medvedevin himayə etdiyi iş adamlarının fəaliyyətini xüsusilə yoxlatdırır, lakin çox irəli gedə bilmir. Çünki Vahid Rusiya Partiyası hazırda keçmiş prezidentin nəzarətindədir. Hökumət rəhbərinin bir çox məsələdə parlament dəstəyinə ehtiyacı olduğunu nəzərə alsaq, bu vəziyyət onun üçün ciddi problem yarada bilər.

Artıq Mişustin iqtidar partiyasına üzv olmaq üçün müraciət edib. Onun məqsədi Kremllə razılaşaraq partiya rəhbərliyini ələ keçirməkdir. Dmitri Medvedevin partiyadakı hökmranlığı həm Mişutsinin birincilik iddialarının qarşısını alır, həm də onun hökumət rəhbəri kimi effektiv işləməsinə mane olur.

Sabiq prezident artıq partiya rəhbərliyindən gedəcəyini hesablayaraq öz yerinə alternativ namizəd irəli sürür. Son zamanlar partiyada Moskva meri Sergey Sobyaninin mövqeləri kəskin şəkildə güclənir. Qeyd edək ki, Sobyanin məhz Medvedevin prezidentliyi dövründə paytaxt rəhbərliyinə gətirilib. Buna görə də onların yaxın münasibəti bu gün də davam edir.

Son zamanlar Kremldə Nikolay Patruşev və Aleksey Dyüminin timsalında "çinoviklər" adlanan və keçmiş KQB elitasını təmsil edən qrupun mövqeyi güclənib. Onlar Qərblə sərtlik siyasətinin saxlanılması şərti ilə Mişustinin iqtisadi siyasətini dəstəkləyirlər.

Dmitri Medvedevlə bağlı məlumatların Rusiya mediasında yayılması onu göstərir ki, keçmiş prezidentin nəzarətində olan biznes qurumları və fondlar yaxın vaxtlarda Federal Vergi Xidməti və hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlara məruz qala bilər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR