İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml yeni ittifaq yaradır - Bakı da müzakirələrdə

Rusiya Avrasiyada yeni hərbi-siyasi və iqtisadi güc mərkəzi yaratmağa çalışır; Putinin bu ideyası reallaşa və Azərbaycan həmin blokda yer ala bilərmi?

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bir sıra Avrasiya ölkələrinin Rusiyada akkreditə olunmuş səfirləri arasında görüş keçirilib. “Yeni Müsavat” yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə regional məsələlər, o cümlədən Avrasiya İttifaqı blokunun yaradılması planı müzakirə edilib.

Tərəflər Rusiya Prezidenti Vladimir Putinin “Avrasiyada qitənin bütün ölkələrinin və onların birliklərinin iştirakı ilə yeni təhlükəsizlik arxitekturasının yaradılması” təşəbbüsünün həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi”nin vacibliyi, “təhlükəsizliyin bölünməzliyi prinsipinin praktiki tətbiqi”nin zəruriliyi, habelə Avrasiya dövlətlərinin özlərinin öz problemlərinin həllində prioritet məsuliyyət daşımaları vurğulanıb. Toplantı ilə bağlı Haqqın.az yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında görüş iştirakçılarının adları göstərilməsə də, nazirliyin dərc etdiyi fotoşəkildə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin tədbirdə iştirak etdiyi görünür. Erməni mediası da öz növbəsində görüşdə səfir Qurgen Arsenyanın iştirak etdiyini xəbər verib.

Kreml uzun müddətdir ki, “Avrasiya İttifaqı” yaratmaq planını müzakirə edir. Bu ilin əvvəlində “Financial Times” nəşri Rusiya hökumətinin ötən ilin aprelində parlamentə gizli hesabat təqdim etdiyini yazmışdı. Bu sənədə əsasən, Moskva Avrasiyada aparıcı mövqe tutaraq, yeni hərbi-siyasi və iqtisadi güc mərkəzi yaratmağa çalışır. Mövcudluğu Ukrayna ilə bağlı Qərblə mümkün danışıqlardan müstəqil olacaq və “Rusiyanın qlobal səhnədə mövqeyini gücləndirməyə” imkan verəcək “makroregion”un formalaşdırılması üçün uzunmüddətli layihə planlaşdırılır. Bu ilin fevralında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında Moskvanın “Avrasiya İttifaqı” yaratmaq təşəbbüsü ilə bağlı danışıqlar apardığını təsdiqləyib. O bəyan edib ki, Rusiya bütün Avrasiya dövlətlərini birləşdirən təşkilat konsepsiyasını irəli sürür və artıq onun həyata keçirilməsi üçün konkret addımlar atır.

Qeyd olunur ki, “Böyük Avrasiya”nın müstəqil iqtisadi və siyasi mərkəz kimi yaradılması və lider rolunun təmin edilməsi strategiyası yeni deyil. Amma Rusiyanın üç ildir Ukrayna bataqlığında qalması Kremlin bu planlarına ciddi zərbə vurdu. Xatırlatmaq yerinə düşər ki, əvvəllər Azərbaycanda bir sıra şübhəli şəxslər tərəfindən “Avrasiya ideyası”nı təbliğ etmək cəhdləri qeydə alınıb. Lakin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən onların Rusiyanın maraqlarından çıxış edənlər müəyyən edilərək ifşa olunub.

“Avrasiyaçılıq ideyası”na gəldikdə, müəllifi rusiyalı filosof Aleksandr Duqindir. Onun avrasiyaçılıq konsepsiyasının prinsiplərindən biri ondan ibarətdir ki, slavyan etnosunun türk etnosu ilə hansısa formalarda əməkdaşlığı olmalıdır. Duqin məhz o adamlardandır ki, Rusiyanın siyasətini ilk növbədə Türkiyəyə, bəlkə qismən də Azərbaycana münasibətdə dəyişdirib. Onun baxışları göstərir ki, Rusiya öz gələcəyi üçün Türkiyə ilə əməkdaşlıq etməlidir. Avrasiyaçılıq baxışları hələ ondan qabaq var idi. Məsələn, Lev Qumilyovun məşhur nəzəriyyəsi mövcuddur. Qumilyov qeyd edir ki, slavyanlarla türklər bir yerdə olanda Avrasiyanın sahibi olur. Putin daha əvvəl isə Avrasiya İttifaqı parlamentinin yaradılması ideyasını dəstəkləmişdi, lakin gerçəkləşmədi.

Nəzərə alaq ki, Rusiya ilə Azərbaycan strateji müttəfiqliyə dair deklorasiya imzalayıb. Bu, Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlamasından iki gün əvvələ təsadüf edib. İndiki geosiyasi reallıqlarda Avrasiya İttifaqının yaradılması nə dərəcədə mümkündür və Azərbaycan da orada yer ala bilərmi? Çünki Rusiyanın siyasi dairələrinin bununla bağlı rəsmi mövqeyi bəllidir: Azərbaycanı birlikdə görmək... Dəfələrlə istər Rusiya xarici işlər naziri, istərsə də parlament səviyyəsində Moskvanın Bakını Avrasiya İqtisadi İttifaqında görmək istəyi dilə gətirilib. Ötən il prezident İlham Əliyev deyib ki, Azərbaycanın hazırda təşkilata üzv olmaq planları yoxdur. İndi isə söhbət Avrasiya Birliyindən gedir. Bu plan necə, gerçək olacaqmı?

todaypress.az | Oqtay Qasımov: “USAID-in bölgədəki fəaliyyəti  qəbuledilməzdir”

 Oqtay Qasımov

“Yeni Müsavat”ın sualını cavablandıran siyasi ekspert Oqtay Qasımovun fikrincə, Rusiyanın Avrasiya İttifaqının yaradılması təklifi kifayət qədər təəccüblüdür: “Çünki onsuz da Avrasiya İqtisadi İttifaqını yaradıb və bu təşkilata bir neçə postsovet respublikaları daxildir. Avrasiya qitəsi dedikdə isə, bu məsələ dərin araşdırılmalıdır. Ona görə ki, Avropa və Asiya qitələrinin birləşməsi nəzərdə tutulur. Burada da ölkələr çoxdur. Nəzərə almaq lazımdır ki, hazırda 30-a yaxın Avropa ölkəsi Rusiya ilə konflikt şəraitindədir. Onda məsələ Asiya ölkələrinin üzərinə indekslənir”.

Onun sözlərinə görə, Asiya ölkələri ilə əlaqələrin genişlənməsi Rusiyanın əsas prioritetlərindən biridir: “Ukraynada hərbi əməliyyatlar başlayandan bəri, əsasən də ağır sanksiyaların tətbiqindən sonra Rusiya Asiya ölkələrinə açılmağa başladı, iqtisadi əlaqələri genişləndirdi, bu bazara çıxmağa üstünlük verdi. O baxımdan, Kremlin irəli sürdüyü ideyada söhbət Avrasiya İqtisadi İttifaqından gedə bilər. Yəni Avrasiya İttifaqı yaratmaq Rusiyanın gücündə olan məsələ deyil. Çünki Yaponiya, Cənubi Koreya kimi Rusiya ilə əlaqələri yaxşı olmayan inkişaf etmiş dövlətlər var”.

Müsahibimiz hesab edir ki, bu mənada, Avrasiya İttifaqı dedikdə, Rusiyanın niyyəti keçmiş sovet respublikalarını nəzarətdə saxlamaq üçün Avrasiya İqtisadi İttifaqının fəaliyyətini inkişaf etdirmək ola bilər: “Ermənistan da bu təşkilatdan kifayət qədər faydalanır. Üzv ölkələr arasında ticarət əlaqələri var. O ki qaldı Azərbaycanın belə bir ittifaqda təmsilçiliyinə, rəsmi Bakının bu niyyətdə olduğunu düşünmürəm. Azərbaycan ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olan dövlətdir və bu siyasət qarşıdakı illərdə də davam edəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR