Onlayn ictimai-siyasi qəzet
Mayın 16-da, gecə saatlarında və səhər tezdən Krımda ardıcıl güclü partlayışlar qeydə alınıb.
Musavat.com xəbər verir ki, yerli sosial şəbəkə səhifələri Rusiyaya məxsus mühüm hərbi obyektlərə hücumlar barədə məlumat verir.
“Krımskiy veter”nin məlumatına görə, səhər saat 06:15 radələrində Sevastopolda güclü partlayış baş verib. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri Naximov adına Sevastopol Hərbi Dəniz Məktəbinin ərazisindən fəaliyyət göstərib.
Şahidlər ərazidə “Pantsir-S1” zenit-raket kompleksinin buraxdığı raketin izini əks etdirən foto paylaşıblar.
Bundan əlavə, partlayışlar Rusiyanın Qara Dəniz Donanmasının 126-cı sahil müdafiə briqadasının yerləşdiyi Perevalnoye qəsəbəsində də qeydə alınıb.
Şahidlərin sözlərinə görə, ərazidə ardıcıl partlayış səsləri eşidilir və qalxan tüstü müşahidə olunur.
Eyni zamanda Sevastopola hücumlar davam edir. Sakinlər şəhərdə baş verən partlayışlar barədə xəbər verirlər. Xüsusilə Belbek və Kaça aerodromlarının ətrafında partlayışlar qeydə alınıb.
Yerli sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Perevalnoyedə vəziyyət gərgindir, burada 126-cı sahil müdafiə briqadasına məxsus sursat anbarı yanır və ardıcıl partlayışlar baş verir.
“Krımskiy veter” bildirir ki, Simferopoldan çox sayda təcili yardım maşını Yalta yolu ilə sursat anbarının yandığı Perevalnoye istiqamətində hərəkət edib, baxmayaraq ki, Aluştadan həmin yerə məsafə daha qısadır. Partlayışlar həmçinin Baxçasarayda, Balaklava və Sevastopol yaxınlığında da davam edir.
"ATEŞ" hərəkatının agentləri Krımda rus hərbi obyektlərinə zərbələr endirildiyini qeydə alıblar. Hərəkatın məlumatına görə, Perevalnoyedə ruslara məxsus hərbi texnikanın yerləşdiyi anqarlar da olub.
Agentlər 126-cı qvardiya sahil müdafiə briqadası və 8-ci ayrı artilleriya polkuna məxsus hərbi bazada baş verən partlayışları qeydə alıblar.
"Məlumata görə, anbar ərazisində növbədə olan hərbçilər arasında həlak olanlar var", – deyə açıqlamada bildirilir.
İqbal RZAYEV,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ