Onlayn ictimai-siyasi qəzet
“İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda üçüncü beynəlxalq hava limanı istifadəyə verildi. 28 illik Ermənistan işğalı müddətində baxımsız şəhərə çevrilmiş Laçın artıq yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Musavat.com bildirir ki, bunu deputat Vüqar Bayramov deyib.
O əlavə edib ki, Laçın Beynəlxalq Hava Limanı yalnız strateji deyil, həmçinin iqtisadi baxımdan Şərqi Zəngəzurun inkişafı üçün yeni imkan deməkdir:
“Laçına səfər edən Türkiyə və Pakistan liderləri bir daha hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirdilər. Ölkəmizin Türkiyə və Pakistanla daha da dərinləşən münasibətləri bir daha təsdiq edir ki, Azərbaycan xarici siyasətdə qardaşlıq və strateji əməkdaşlıq modelinə üstünlük verir.
Bir-birinə yaxın dost və qardaş olan 3 dövlət beynəlxalq platformalarda və eləcə də ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Ölkələr arasında ticarət dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir. 2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm 2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5 milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4 milyard 661 milyon dollar olub.
Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır”.
V.Bayramovun sözlərinə görə, Azərbaycan ilə Pakistan arasındakı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün ciddi potensial var:
“2023-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsində əvvəlki ilə nisbətən cüzi dəyişiklik olsa da 2021-ci il ilə müqayisədə dövriyyə 2.3 dəfə artıb. 2021-ci ildə 11.7 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə il 27 milyon dollaradək yüksəlib.
Pakistan ilə ticarət dövriyyəsinin 2 milyard dollaradək artırılması əsas hədəflərdəndir. Bu o deməkdir ki, Azərbaycan iki qardaş dövlət olan Türkiyə və Pakistan ilə ticarət dövriyyəsini yaxın illərdə 17 milyard dollaradək artırmağı hədəfləyir. Bu, yeni strateji əməkdaşlıq strategiyasıdır”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ