İnsanlara hürriyət, millətlərə istiqlal!

“Made in Azerbaijan”ın ixracında azalma

İxracında kəskin artım olan meşə fındığıdır

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 20 milyard 966 milyon dollara bərabər olub. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 527 milyon dollar və ya 13,7  faiz çoxdur. Dövriyyədəki bu artım bütünlüklə idxaldakı kəskin yüksəlişlə bağlıdır.

Belə ki, beş aylıq xarici ticarət dövriyyəsinin 11 milyard 1 milyon  dolları ixracın, 9 milyard 965 milyon dolları isə idxalın payına düşüb. Bu isə o deməkdir ki, illik müqayisədə ixrac 137 milyon dollar və ya 1,2  faiz azalıb, idxal isə 2 milyard 665 milyon dollar və ya 36,5  faiz artıb. Son nəticədə xarici ticarətdə 1 milyard 36 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2 milyard 802 milyon dollar və ya  3,7 dəfə azdır.

İxracın 87,21 faizi - 9 milyard 593 milyon 683.40 min dolları neft-qaz sektorunun payına düşüb. Maraqlıdır ki, bu ilin 5 ayında Azərbaycanın neft ixracında artım qeydə alınıb. Belə ki, ümumi ixracın 51,29 faizini təşkil edən xam neft ixracı 5 milyard 642 milyon 731.28 min dollar dəyərlə 10 milyon 363 min 108.79 tona bərabər olub. Ötən ilin eyni dövründə ixracın dəyəri 6 milyard 258 milyon 631.31 min dollar, miqdarı isə 9 milyon 869 min 672.49 ton təşkil etmişdi. Göründüyü kimi, neft ixracının həcmi 500 min tona yaxın artsa da, qiymətlərin düşməsi nəticəsində ondan əldə olunan gəlir 616 milyon dollar yaxın azalıb.

Neft-qaz ixracının ikinci böyük məhsulu olan təbii qaz ixracı bu ilin yanvar-mayında 3 milyard 833 milyon 012.99 min dollar dəyərlə 10 milyard 270 milyon 805.90 min kubmetrə bərabər olub. Bu, ötən ilin eyni dövründəki ixracdan 358 milyon 198,81 min kubmetr və 381 milyon 876,31 min dollar çoxdur.

Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatında yanvar-may aylarında Azərbaycanda neft hasilatının azaldığı əksini tapıb. Komitənin açıqladığı məlumata görə, beç ayda əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracının 1,4 milyard dollara bərabər olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.6 faiz artım deməkdir.  O cümlədən yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac 14,4 faiz artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub. Həmçinin kimya sənayesi məhsulları ixracı ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9 faiz, şəkər 3 milyon ABŞ dolları və ya 30,1 faiz, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5 faiz, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2 faiz artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9 faiz artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.

İxracı artan aqrar məhsullardan kartof diqqəti cəlb edir. Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 22 milyon 511 min dollar dəyərində 56 min 781 ton kartof ixrac olunub. Bu isə o deməkdir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8 milyon dollar və ya 55,3 faiz, miqdar ifadəsində isə 22 min 463 ton, yaxud 65,5 faiz artıb. 2024-cü ildə Azərbaycandan 14 milyon 493 min dollar dəyərində 34 min 318 ton kartof ixrac olunmuşdu. Dövlət Statistika Komitəsinin məlumatına əsasən iyunun 1-dək Azərbaycanda sahələrdən 168,7 min ton (5,3 faiz çox) kartof yığılıb.

Pomidor ixracında da artım diqqətik cəlb edir. Belə ki, yanvar-may aylarında Azərbaycandan 113 milyon 807 min dollar dəyərində 98 min 695 ton pomidor ixrac olunub. Nəticədə bu məhsulun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 milyon 220 min dollar və ya 4,8 faiz, miqdar ifadəsində isə 12 min 628 ton, yaxud 14,7 faiz çox olub.

İxracında kəskin artım olan digər kənd təsərrüfatı məhsulu meşə fındığıdır. Gömrük statistikasına əsasən 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 65 milyon 217 min dollar dəyərində 9 min 425 ton meşə fındığı ixrac olunub. Bu, ötən ilin eyni dövründəki ixracdan dəyər baxımından 17 milyon 759 min dollar və ya 37,4 faiz, miqdar ifadəsində isə 1 686 ton, yaxud 21,8 faiz çoxdur.

Beş ayda həmçinin ölkədən 32 milyon 344.44  min dollar dəyərində 46 596.12 ton alma ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə  dəyər baxımından 45,4 faiz, miqdar baxımından isə 39,6 faiz çoxdur. Bu il qeydə alınan 32 miyln 946.21 min dollarlıq 45 min 835.17 ton xumra ixracında isə illik ifadədə artım dəyər baxımından 18,6 faiz, miqdar baxımından 29,6 faiz artım var.

Qeyri-neft sektorunun digər əsas ixrac məhsullarından olan pambıq mahlıc ixracı bu ilin beş ayında ciddi azalma qeydə alınıb. Belə ki, ötən ilin eyni dövründə xaricə 100 milyon 278.67 min dollarlıq 66 006.68 ton  mahlıc satılmışdısa, bu il ixrac 90 milyon 342.21 min dollar dəyərlə 62 659.43 tona düşüb. Pambığın emalından əldə olunan  iplik ixracı isə 8 milyon 643.07 min dollar dəyərlə 3 303.42 tondan 9 milyon 897.31 min dollar dəyərlə 4 081.61 tona yüksəlib.

Aqrar-sənaye məhsulu olan şəkərin ixracı ötən ilin beş ayındakı 9 milyon 879.61 min dollarlıq 13 127.03 tondan bu ilin eyni dövründə 12 milyon 857.12 min dollarlıq 18 606.68 tona qədər artıb.

İdxala gəlincə, beş ayda idxaldakı artımın çox mühüm hissəsi dövlət sektorunun hesabına baş verib. Belə ki, ötən ilin eyni dövründə dövlət qurumlarının idxalının həcmi 1 milyard 595,011 min dollara bərabər olmaqla, ümumi idxalda payı 21,85 faiz təşkil etmişdi. Bu ilin eyni dövründə isə dövlətə məxsus qurumların idxalı 3 milyard 781 milyon 777 min dollara, onun ümumi idxalda payı isə 37,95  faizə çatıb. Bu, dövlət idxalının 2,4 dəfə artması deməkdir.

Bu artımın iki mühüm səbəbi var. Birincisi, Dövlət Neft Fondunun qızıl alışları, ikincisi isə müdafiə təyinatlı idxaldır. Hər iki istiqamətdə idxalın kəskin artımı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin 4 aylıq hesabatına əsasən yanvar-aprel aylarında Azərbaycan xaricdən 2 milyard 527 milyon 305,11 min dollar dəyərində 26 ton 929,56 kq qızıl alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,6 dəfə, miqdar baxımından isə 19 dəfə çoxdur. Qızıl ümumilikdə 22 ölkədən idxal olunub.

İdxaldakı artımda üçüncü böyük pay ərzaq məhsullarındadır. Belə ki, yanvar-may aylarında Azərbaycana ümumilikdə  1 milyard 64 milyon 125.93 min dollarlıq yeyinti məhsulları idxal olunub. Bu, 953 milyon 361.86 min dollarlıq idxalın qeydə alındığı ötən ilin beş ayından 11,6 faiz çoxdur.

Ərzaq məhsulları arasında idxalı ən çox artan kərə yağı və süddən hazırlanmış digər yağlar (54 milyon 161.54 min dollar dəyərlə 10 394.15 tondan 80 milyon 494 min dollar dəyərlə 11 458.27 tona qədər), buğda (72 milyon 676.29 min dollar dəyərlə 328 542.75 tondan 110 milyon 435.55 min dollar dəyərlə 510 430.79 tona), süd və qaymaq (8 milyon 637.79 min dollar dəyərlə 5 584.37 tondan 11 milyon  358.76 min dollar dəyərlə 7 004.87 tona) və digər məhsullardır.

İdxalında azalma qeydə alınan ərzaq məhsulları ət, düyü, çay, qarğıdalı, bitki və heyvan mənşəli piylər və yağlar və digərləridir.

İdxalda artımın yüksək olduğu məhsullar arasında avtomobillər də var. Belə ki, 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 752 min ABŞ dolları dəyərində 42 min 786 ədəd avtomobil idxal olunub. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 7 min 216 ədəd və ya 20,3 faiz, dəyəri isə 141 milyon 294 min dollar və ya 21,8 faiz artıb.

Ötən ilin eyni dövründə Azərbaycana  648 milyon 458 min dollar dəyərində 35 min 570 ədəd avtomobil idxal olunmuşdu.

Bu il də idxal olunan avtomobillər arasında ən böyük pay minik avtomobillərinə məxsusdur: 39 min 9 ədəd. Bu, ümumi idxalın təxminən 91 faizini təşkil edir. Minik avtomobillərinin idxalı üçün ölkədən kənara 709 milyon 137min dollar çıxarılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR