Onlayn ictimai-siyasi qəzet
Fələstin Milli Administrasiyası Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazırdır. Bu açıqlama ilə administrasiya rəhbəri Mahmud Abbas çıxış edib. Açıqlamasında Abbas yenidən İsraili Fələstin dövlətinin yaradılmasına imkan verməməkdə günahlandırıb və əlavə edib ki, o, bütün Fələstini məhv etmək istəyir: “Biz İsraili 1988-ci ildə tanıdıq, lakin o, Fələstin dövlətinin yaradılmasına mane olmağa davam edir”.
Həmçinin, Abbas qeyd edib ki, o, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə nail olmaq niyyətindədir.
Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyevin fikrincə, bununla Ramallahda yerləşən administrasiya yaranmış geosiyasi şəraitdən və beynəlxalq dəstəkdən istifadə edərək Fələstin dövlətini elan etməyə və mühüm ərazini öz nəzarətinə almağa çalışır:
"Mahmud Abbas beynəlxalq hüquqa uyğun olaraq bu addımı həyata keçirə bilər. Buradakı əsas məsələ Həmasla bu barədə razılığa gəlməkdir.
2007-ci ildən Qəzza bölgəsinə Həmas nəzarət edir. Mahmud Abbasın rəhbərlik etdiyi administrasiyanın bu vilayətə heç simvolik nəzarəti belə yoxdur. Onların Həmasla münasibətləri zaman-zaman normallaşsa da, davamlı bir razılaşma əldə olunmayıb. İsrail isə Həması terror təşkilatı hesab edir və Qəzzada onun zəiflədilməsini prioritet sayır".
Zeynal Əmrəliyev qeyd edir ki, Abbas hökumətinin Qəzzanı idarə etməsinə Həmas yalnız bir şərtlə razılaşa bilər ki, Fələstində özünün siyasi legitimliyi təmin edilsin:
"Bu isə muxtariyyətdə hakimiyyəti tamamilə Həmasın əlinə vermək deməkdir ki, buna isə İsrail razılıq verməz. Rəsmi Tel-Əviv Həmas və Fələstin Milli Administrasiyası (FAT) arasındakı anlaşma ehtimalından narahatdır. Buna görə də hər nə qədər Həmasın Qəzzada hakimiyyətinin sona çatmasını istəsə də, Mahmud Abbas da güvənmir.
İsrailin istədiyi Qəzzada öz nəzarətini bərpa edərək vilayəti ilhaq etmək və Fələstin dövlətinin yaradılması prosesini əngəlləməkdir. Ancaq bundan beynəlxalq ictimaiyyət kəskin şəkildə narazıdır. Belə olan halda ABŞ-nın nəzarəti altında Qəzzanı fələstinlilərdən təmizləyərək söküntü işləri aparmaq və bu vilayətdə yəhudi yaşayış məskənləri salmaq, Netenyahu hökumətinin əsas hədəfidir. Hazırda İsrail daha çox məhz bu iki variant üzərində işləyir.
Bunların heç biri baş verməsə, Tel-Əviv Mahmud Abbasla razılaşaraq, Həmasın idarəçiliyə buraxılmaması şərti ilə Qəzzanın idarəçiliyini ona təhvil verməyə razılaşa bilər. Bu variant Misir, İordaniya və Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri üçün də məqbuldur, çünki onlar da radikal təşkilat olan Həmasın güclənməsini istəmirlər.
Buna görə Mahmud Abbasın arzusu çətin də olsa gerçəkləşə bilər. Ancaq bunun üçün o, iki düşməni – İsrail və Həmas razı salmalıdır".
Xalidə Gəray
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ