Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron bu həftə G7 sammiti üçün Kanadaya gedərkən Qrenlandiyaya səfər edəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın Danimarkaya məxsus adanı ABŞ-nin tərkibinə daxil etmək istəyi ilə bağlı yüksək profilli bəyanatları fonunda Şimali Atlantika və Arktikada təhlükəsizliyi müzakirə etmək üçün Nuuk şəhərinə səfər edən ilk avropalı lider olacaq.
Makron iyunun 9-da bildirib ki, Qrenlandiya “ələ keçirilməli bir obyekt deyil”. O, Trampın adaya iddiasına işarə vurub. Makronun şərhləri onun Qrenlandiyanın lideri Yens-Frederik Nilsen və Danimarkanın baş naziri Mette Frederiksen ilə danışıqlar aparmağı planlaşdırdığı Nuuk səfərindən əvvəl gəlib. Yelisey sarayından bildiriblər ki, danışıqlarda Şimali Atlantika və Arktikada təhlükəsizlik, həmçinin enerji və kritik mineralların çıxarılması sahəsində əməkdaşlıq müzakirə olunacaq.
Danimarka mətbuatının yazdığına görə, Makronun səfərinin məqsədi Danimarkanın ərazi bütövlüyünə hörmətlə yanaşmasında ona dəstək olmaqdır.
“The Wall Street Journal” bu yaxınlarda Trampın Amerika kəşfiyyat agentliklərinə Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasının artırılmasını əmr etdiyini yazıb. Pentaqon isə iyun ayında Qrenlandiyanı ABŞ şimal komandanlığının məsuliyyət zonasına daxil etməyi planlaşdırır.
Öz növbəsində “The Washington Post” yazıb ki, Vaşinqton adanın alınmasının dəyərini öyrənir. Qəzetin mənbələri bildiriblər ki, Ağ Evin büdcə departamentinin əməkdaşları Qrenlandiyanın 57 min sakininə dövlət xidmətlərinin göstərilməsini nəzərə alaraq, onun saxlanmasının neçəyə başa gələ biləcəyini hesablayırlar.
Onlar həmçinin adanın təbii ehtiyatlarının ABŞ büdcəsinə hansı gəliri gətirə biləcəyini təxmin etməyə çalışırlar. Qəzetin mənbəsinə görə, Tramp Kanada və Panama kanalı ilə müqayisədə Qrenlandiyanı daha asan əldə edəcəyini düşünür.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ