Onlayn ictimai-siyasi qəzet
“Neftçilər” metro stansiyasının yeraltı keçidində tez-tez qarşılaşdığım biri var. Bir əlində çəlik, digərində təsbeh və muncuqlarla dayanıb, səssizcə gəlib-gedənə baxır. Arıq, çəlimsiz bu adamın kim olduğunu öyrənmək üçün bir gün yaxınlaşıram. Ünsiyyətə açıq davranır. Adı Hüseyndir. Hüseyn Rəhimov. 1983-cü ildə Ağdaşda anadan olub, ikinci qrup əlildir.
Cüzdanından əlillik sənədini çıxarıb göstərir və deyir: “Epilepsiyadan əziyyət çəkirəm. Bu xəstəliyə görə heç bir yerdə iş vermirlər. 250 manat pensiya alıram, onu da kirayəyə verirəm. Yaşamaq üçün nəsə etməliyəm. Sədərək bazarından 70 qəpiyə muncuq, təsbeh alıram, şəhərdə metroların yaxınlığında bir manata satıram. Bəzən corab da satıram”.
Hüseyn Bakıya 2002-ci ildə köçüb. Həyat yoldaşı ilə birlikdə. Deyir ki, rayonda ailəsi ilə yaşamaq daha çətin idi. On uşaqlı ailədə böyüyüb. Atası və anası indi də rayondadır. Qardaşlarından biri epilepsiyadan vəfat edib, iki qardaşı isə yataq xəstəsidir.
“Burada əvvəl metal yığıb satırdım. Mənə bir maşın bağışlamışdılar. Amma köhnə idi, yol polisi sürməyə icazə vermədi. Mən də məcbur olub metalloma 500 manata verdim. O gündən bu işlə məşğulam. Yoldaşım evlərdə təmizlik edir. Birlikdə dolanmağa çalışırıq”.
Söhbət zamanı üzündə bir kölgə yaranır, səsi bir az da titrəyir:
“10 yaşlı oğlumu epilepsiyadan itirdim. Dörd övladım qalıb. Böyük qızım ailəlidir, kiçik övladım isə 13 yaşındadır. Amma ən böyük problemim evdir. Sabunçuda bir otaqlı evdə 250 manata kirayədə qalırıq. Altı nəfərlə bir otaqda yaşamaq çətindir. Pensiyam və sosial müavinətlə keçinmək olmur. Əvvəllər maşınım olduğuna görə müavinət də vermirdilər”.
Ən çox satışı metroların çıxışında edir. Amma hər zaman ayaq üstə dayana bilmir:
“Əlimdə çəlik dayanıram. Oturmağa yer tapanda daha çox qala bilirəm, yaxşı satıram. Elə gün olur 15-20 manat qazanıram. Olmayan günlərdə isə heç nə. Bəzən dükanlardan nisyə alıb yeyirik, pensiya kartı dükanlarda qalır. Pul köçəndə götürürlər”.
Söhbətimizin sonunda əlinin üstündəki döyməni göstərir:
“Uşaq vaxtı döydürmüşəm – "ana’" və "ata" yazdırmışam".
Hər gün metro keçidində minlərlə insanın gözünün önündən sükutla ötüb keçdiyi Hüseynin həyatı, əslində bu şəhərin görünməyən üzünü – sağ qalmaq uğrunda gündəlik savaşı əks etdirir.
Şahanə Rəhimli,
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ