İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibi İstanbul danışıqlarını ifşa etdi: “Putin ciddi nümayəndələr göndərmədi, tarixçi ilə gəldilər”

Vaşinqton: NATO-nun baş katibi Mark Rütte İstanbul danışıqları ilə bağlı verdiyi açıqlamada Kremlə sərt mesaj göndərib.

Rütte bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün ciddi nümayəndələr əvəzinə tarixçi göndərməklə prosesə qeyri-ciddi yanaşıb.

O deyib:

“Putin ciddi nümayəndələr göndərmədi. Mən xatırlayıram ki, siz (Tramp), Marco Rubio və Steve Whitcoff ilə birlikdə bu danışıqları İstanbulda başlatdınız. Mən də may ayında NATO işləri ilə əlaqədar Türkiyədə idim və Ukrayna tərəfinə ciddi nümayəndə heyəti göndərməsi üçün təzyiq göstərdik. Onlar bunu etdilər. Amma ruslar gəldilər və bir tarixçi ilə — Rusiyanın tarixini 1250-ci ildən izah etməyə başladılar.”

Mark Rütte bu fikirləri Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, NATO tərəfi danışıqların uğurla nəticələnməsi üçün əlindən gələni etsə də, Kreml nümayəndə heyətinin ciddi və konstruktiv mövqe sərgiləməməsi səbəbindən proses istənilən nəticəni verməyib.

Xatırladaq ki, İstanbul danışıqları Ukrayna müharibəsinin ilk mərhələsində atəşkəs və sülh sazişi üçün ən real cəhd kimi dəyərləndirilirdi. Həmin vaxt həm Tramp administrasiyası, həm də NATO diplomatiyası Türkiyə vasitəsilə tərəfləri masaya gətirməyə nail olmuşdu. Lakin Moskvanın nümayəndə heyətinin təmsil tərkibi və yanaşması prosesin dərin məzmunlu müzakirələrə keçməsinə mane olub.

Beləliklə, NATO baş katibinin bu etirafı göstərir ki, Rusiya danışıqlarda real nəticə əldə etmək üçün deyil, daha çox vaxt udmaq və mövcud vəziyyəti “tarixi arqumentlərlə” əsaslandırmaq üçün iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR