İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında təhlükəli dalğa: “Bu, sadəcə başlanğıcdır...” – AÇIQLAMA

İran və İsrail arasında baş verən son hərbi-siyasi toqquşmalar Yaxın Şərqdə vəziyyəti bir qədər də gərginləşdirib. Dünya enerji bazarının taleyində həlledici rol oynayan bu regionda müharibənin genişlənəcəyi ehtimalı investorları və ölkələri narahat edir. Gərginliyin ilk günlərində neftin qiymətində kəskin artım müşahidə olundu. Lakin son4-5 gün ərzində qiymətlər nisbətən sabitləşməyə başlayıb. Bəs bu nə ilə bağlıdır? Münaqişə lokal səviyyədəmi qalacaq, yoxsa daha ciddi neft infrastrukturlarını da hədəfə ala bilər? Gələcəkdə qiymətləri hansı ssenarilər gözləyir?

Qeyd edək ki, Yaxın Şərq – xüsusilə də Fars körfəzi regionu – dünyanın ən böyük neft ehtiyatlarına və ixracat marşrutlarına sahibdir. İran bu bölgədə önəmli rol oynayır. İsrail isə bu balansda təhlükəsizlik riski kimi görünür. Müharibə və ya genişmiqyaslı münaqişə ehtimalı artdıqda, neftin tədarük zənciri pozula bilər. Bu da qiymətləri yüksəldir. İranın əsas "təhdid kartlarından" biri Hormuz boğazıdır. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən 20%-i bu boğazdan keçir. İran-İsrail müharibəsi təhlükəsi boğazın bağlanması və ya təhlükəli hala gəlməsi ilə nəticələnərsə, bu neftin qiymətində ciddi sıçrayış yarada bilər.

Eldəniz Əmirov (@MirovEld) / X

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, neftin qiymətinin əvvəlcə 10 faiz, ardınca isə 3 faiz artmasının əsas səbəbi investorların bazara ilk anda verdiyi kəskin reaksiya olub. Onun sözlərinə görə, müharibənin başlandığı ilk mərhələdə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin idi, risklər böyük görünürdü və bu səbəbdən dərhal neftə tələbat artdı.

Lakin son 4-5 gün ərzində proseslərin daha çox lokal xarakter daşıdığı, ayrı-ayrı neft və qaz hasil edən yataqların, eləcə də magistral kəmərlərin hədəf alınmadığı aydın oldu. Eyni zamanda, ABŞ-ın neft qiymətlərinin kəskin artmasında maraqlı olmaması və münaqişənin lokal şəkildə saxlanması yönündə istək göstərməsi investorların qorxusunu müəyyən mənada neytrallaşdırdı.

“Artıq risklər bazar qiymətlərinə daxil edilib”, – deyən iqtisadçı əlavə edib ki, bu arada neft emalı zavodlarının hədəfə alınması az da olsa, neftə olan tələbə müəyyən təsir göstərdi.

“Bir daha qeyd etmək istəyirəm ki, əgər qarşıdakı dövrdə ixrac boru kəmərləri, neft-qaz yataqları və mədənlər vurularsa, bu neft qiymətlərində yenidən artıma səbəb ola bilər. Əksinə, əgər İsrail-İran arasında olan münaqişə dayansa və bir tərəfin qələbəsi ilə nəticələnsə, böyük ehtimalla bir il ərzində İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırıla bilər. Bu da neftin qiymətinin ucuzlaşması ilə nəticələnəcək. Təbii ki, bu, müharibənin dayanmasından sonra baş verəcək və investorlar artıq bu ehtimalı da proqnozlaşdırırlar”, – Eldəniz Əmirov vurğulayıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR