İnsanlara hürriyət, millətlərə istiqlal!

Unudulan vauçerlərin taleyi: vətəndaşın haqqı kimə qaldı?

İqtisadçı-alimdən təklif: "Vauçerlərin rəqəmsal tokenlərə çevrilməsi mümkündür"

Azərbaycanda 1996-cı ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq imkanı verən qiymətli kağızlar -  özəlləşdirmə payları (çekləri) paylanmışdı. Lakin bu çeklər 2011-ci ildən etibarən tədavüldən çıxarılıb. O vaxtdan bəri əllərində dəyərsizləşmiş vauçerlər qalan yüz minlərlə vətəndaş məsələ ilə bağlı narazılığını ifadə edir, tədavül müddətinin bitməsini qanunsuz sayır və hüquqlarının bərpasını tələb edir. İllərdir ekspertlər, hüquqşünaslar, deputatlar və ziyalılar bu məsələnin yenidən gündəmə gətirilməsini istəsələr də, problem hələ də həllini tapmayıb. Təxminən 1 milyona yaxın insan özəlləşdirmə çeklərini dəyərləndirə bilməyib.

Deputatlar da məsələni qaldıraraq bildirirlər ki, vətəndaşların haqqı tanınmalı, onların özəlləşdirmə paylarından yararlanması üçün hüquqi mexanizm hazırlanmalıdır.

WhatsApp Image 2025-11-07 at 14.23.03.jpeg (37 KB)

İqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Özəlləşdirmə çekləri, onların hüquqi, iqtisadi statusu ilə bağlı məsələ bir az qarışıq olduğu üçün mövzunun həm hüquqi, həm də iqtisadi tərəfləri izah olunmalıdır. Özəlləşdirmə çekləri 1996-2011-ci illər arasında dövlət əmlakının özəlləşdirilməsində istifadə üçün buraxılmışdı.

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun və 2001-2011-ci illərdə qəbul edilən Nazirlər Kabinetinin qərarları ilə çeklər 2011-ci ilin yanvar ayından etibarən rəsmi olaraq tədavüldən çıxarıldı və bu çeklərlə əməliyyat aparmaq və ya onlardan istifadə etmək qanuni qüvvəsini itirmiş oldu. Bir çox vətəndaşlarımız haqlı olaraq hesab edir ki, vauçerlərin müddətinin başa çatması onların mülkiyyət hüququnu pozub. Nədən haqlı olaraq deyirəm, çünki həmin dövrdə elə bir vəziyyət idi ki, bir çox vətəndaş özəlləşdirmənin mahiyyətini və çeklərin necə işlədiyini tam olaraq anlamırdı. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində ölkədə iqtisadi sistem hələ yeni formalaşırdı. Maarifləndirmə kampaniyaları çox məhdud idi, televiziya və mətbuatda sadəcə ümumi elanlar verilirdi, ancaq konkret izahlar, təlimatlar yox idi. Regionlarda yaşayan vətəndaşların informasiyaya çıxış xüsusilə çətin idi. Bu səbəbdən bir çoxları vauçerləri sadəcə əllərində saxladı və tədavül müddəti bitənədək istifadə edə bilmədi. Bir çox vətəndaşlar da vauçerlərini səhmlərə çevirmək əvəzinə ağır iqtisadi böhran səbəbindən gündəlik ehtiyaclarını ödəmək üçün dəllallara və ya özəlləşdirmə fondlarına çox aşağı qiymətə satmaq məcburiyyətində qaldılar. 

Bunun əksinə, bəzi qruplar - məsələn, dövlət qurumlarında işləyənlər, iqtisadi elitalar, özəlləşdirmə fondlarının rəhbərləri və s. informasiya üstünlüyü və maliyyə imkanları sayəsində özəlləşdirmədən necə lazımdır faydalana bildilər. Bu səbəbdən də tədavül müddətinin başa çatması hüquqi cəhətdən qanuna zidd olmasa da, sosial ədalət prinsipi pozulduğu üçün bu məsələyə yenidən baxılması mütləqdir".

İqtisadçı xatırladıb ki, hər bir vətəndaşa 4 çek verilmişdi, hansı ki, ümumi nominal dəyəri 4000 köhnə manat idi:

"Məlum olduğu kimi, 2006-cı ildə 5000 köhnə manat 1 yeni manata konvertasiya edildi. Bu hesabla götürsək, gərək hər bir vauçer üçün 0.80 manat kompensasiya ödənsin, hansı ki, bu, real kompensasiya mexanizmi əsla deyil.

Düşünürəm ki, dövlət kompensasiya mexanizmini hüquqi öhdəlik kimi yox, sosial ədalət jesti kimi həyata keçirməlidir. Məsələn, SOCAR, "Azərenerji" və ya başqa dövlət müəssisələrinin gəlirlərindən ayrılan sosial pay hər il dividend şəklində vətəndaşlara paylanıla bilər. Və ya alternativ versiya olaraq əldə qalan vauçerlərin blokçeyn əsaslı rəqəmsal tokenlərə çevrilə biləcəyini də düşünürəm".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR