Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Ermənistanda baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında qarşıdurma son dövrlər daha da kəskin xarakter alıb. Tərəflər bir-birinə qarşı açıq ittihamlar səsləndirir, təhqiramiz ifadələrdən çəkinmir, hətta söyüş və şəxsiyyəti aşağılama halları belə yayğın hal alıb.
Nikol Paşinyan öz sosial şəbəkə paylaşımlarında təkcə təhqirlərlə kifayətlənməyib, eyni zamanda kilsə rəhbərliyini, xüsusilə də kütləvi etiraz aksiyalarının önündə gedən keşiş Baqrat Qalstanyanı ifşa edən məlumatlar yayımlayıb. Paşinyan bu qalmaqalın fitilini elə sosial media vasitəsilə çəkib.
Məlum olduğu kimi, erməni ruhaniləri "subaylıq andı" içirlər və onların ailə qurması, övlad sahibi olması yasaqlanıb. Lakin Paşinyanın açıqlaması gündəmə bomba kimi düşüb: Baş nazir bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin övladı var və bu, kilsənin əsrlərdir təbliğ etdiyi "subaylıq andı"nın pozulması deməkdir.
Musavat.com-un xəbərinə görə, politoloq Zeynal Əmrəliyev qeyd edib ki, bu qalmaqal şəxsi xarakter daşımır – baş verənlər Ermənistan cəmiyyətində dərin siyasi böhranın əlaməti kimi qiymətləndirilir:
"Erməni Apostol Kilsəsi uzun illərdir cəmiyyətdə yüksək nüfuza və təsiredici gücə malikdir. Qarabağ klanı hakimiyyətdə olarkən kilsə və hökumətin münasibətləri normal şəkildə idi. Lakin Nikol Paşinyan 2018-ci ildə hakimiyyətdə gəldikdən sonra tərəflər arasında gərginlik yaranmağa başladı.
Paşinyan hökuməti kilsənin cəmiyyət içində nüfuzunu zəiflətmək, dini sahəyə dövlət nəzarətini tətbiq etmək niyyətindədir. Eyni zamanda xaricdəki iş adamları diaspor xətti ilə kilsəyə külli miqdarda maddi yardım göstərirlər ki, bu da kilsənin müstəqil hərəkət etməsinə səbəb olur.
Hazırda Paşinyanın əsas niyyəti məhz bu maliyyəni öz nəzarətinə keçirməkdir. Erməni baş nazirin birbaşa 2-ci Qaregini hədəf almaqda əsasən 2 məqsədi var. Birincisi, kilsənin rəhbərliyində dəyişiklik etməkdir. Ehtimal ki, Paşinyanın Qareginin yerinə namizədi də var.
İkincisi məsələ isə kilsənin nüfuzunu zəiflətməkdir. Kilsənin "subaylıq andı" və ruhanilərin ailə qurmaması qaydası erməni cəmiyyətində mənəvi üstünlük kimi xarekterizə edilir. Nikol Paşinyan bu çıxışı etməklə erməni kilsənin riyakar və yalançı olduğu faktını ortaya qoydu. Bu isə ruhani idarənin etibarının zədələnməsi deməkdir.
Şübhəsiz ki, erməni kilsənin siyasiləşməsinin kulminasiya nöqtəsi 2024-cü ildə qoyuldu. Həmin il keşiş Baqrat Qalstanyanın Ermənistan hökuməti əleyhinə başlatdığı mitinqlər faktiki olaraq kilsənin siyasi hakimiyyətə savaşı kimi xarekterizə edilirdi".
Politoloqun fikrincə, baş verən hadisələr Ermənistan cəmiyyətinin 2 yerə parçalanmasına və kilsənin ciddi şəkildə nüfuz itkisinə səbəb olacaq.
"Şübhəsiz ki, erməni müxalifəti də bu vəziyyətdən istifadə edərək kilsəni öz tərəfinə çəkməyə çalışacaq", - deyə Zeynal Əmrəliyev vurğulayıb.
Xalidə Gəray
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ