Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, Paşinyan 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini türk liderinə təqdim edib.
Baş nazir xüsusilə Ermənistan və Azərbaycan arasında “Sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanmasını, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı birgə müraciəti, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında regional kommunikasiya xətlərinin açılmasını, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” layihəsini qeyd edib.
Paşinyan bildirib ki, Ermənistan–Azərbaycan sülhü regionda yeni səviyyədə əməkdaşlıq üçün imkan yaradır.
Telefon danışığında, həmçinin Ermənistan–Türkiyə ikitərəfli gündəliyindəki məsələlər və əvvəlki razılaşmaların icrası müzakirə olunub. Paşinyan vurğulayıb ki, bu razılaşmaların həyata keçirilməsi üçün hazırkı şərait heç vaxt indiki qədər əlverişli olmayıb.
Tərəflər fəal siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.
MUSAVAT.COM
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ