Onlayn ictimai-siyasi qəzet
Mahnı oxuyanlara həddindən artıq yüksək qiymət veririk, onlar da gəlib axırda xalqın təpəsində otururlar. Təzəlikcə belə manıslardan birinin bəyanatını oxudum. Deyir, yol qırağında meyvə-tərəvəz satanlardan heç zad almayın, çox bahaçılıq edirlər, fırıldaqçı, dələduz və yalançıdırlar.
Sən demə, buna çiyələyi 22 manata sırıyıblar. Doğrusu, çiyələyin miqdarı nə qədər olub, doğrudanmı, manıs yoldaşa torba tikilibdir - bu haqda dəqiqləşdirməyə qəti ehtiyac və həvəs duymadım. Mənə bunun müraciəti, davranış tərzi maraqlı gəldi.
Axı sən kimsən ki, Azərbaycan kəndlisinin, zəhmətkeş insanın əməyinə qiymət qoyursan? Bəlkə Kənd Təsərrüfatı Nazirliyində fonoqram əkinçiliyi şöbəsində məsləhətçi ştatında işə götürülmüsən? Ya antiinhisar komitetində qiymət tənzimləyici olmusan? Tarif Şurasında toydan sonra yarımştat yengə müşaviri işləyirsən?
Bax, elə o toy mövzusunu nahaq yazmadım. Mən ömrüm boyu bu yoldaşın nə bir mahnısına qulaq asmışam, nə konsertdə-toyda oxuduğunu görmüşəm (Lap “oxumamışam, lakin ittiham edirəm” söhbətinə bənzədi. Gorun çatlasın, Pasternak. Səni gətirib Nadir Qafarzadə ilə tay tutacağımızı görsən, “Doktor Jivaqo” romanı yazmaq yerinə doktora gedib evtanaziya xahiş edərdin). Lakin internetdə axtarış verdim, gördüm bu dostumuz toylara 4 min manata gedir. Orda 10 min manat qiyməti də vardı, hansı düzdür, bilmirəm. Mən aşağı yerini götürdüm. İndi bu adam nəyə görə hesab edir ki, onu toya 4 min manata çağıran camaatdan çiyələyi 22 manata ala bilməz? Əcəb ediblər. Hələ ucuz satıblar. Gərək 200 manat qopardaydı.
Habil Əliyevin Elarizə dediyi mövzudur: “Səni toya müftə çağırsalar da çoxdur”. İki bambılı mahnı oxuyur, hesab edirlər el ağsaqqalı, ekspert, nə bilim, ailə dəyərləri üzrə mütəxəssisə çevriliblər. Özünüzə gəlin. Yol kənarında meyvə satanları boykota çağırmaq sizin girəcəyiniz kol deyil. Əsas da ona görə ki, həmin kollar tikanlıdır. Sizi cızıq-cızıq edər (Az qala “cırıq-cırıq” yazmışdım). Orda hər vedrənin əlaqədar orqanlar qarşısında xətir-hörməti vardır.
Başa düşürəm, ölkəmizdə hamı “ipdə qalan buzovu” döyməyə meyillidir. Böyük inhisarçılara, oliqarx məmurlara, süni-təbii qiymət qaldıranlara etiraz edə bilməyənlər kasıb kəndlinin vedrəsini təpikləyir. Sən o çiyələk yetişənə qədər kəndli nə qədər əziyyət, xərc çəkib, xəbərin varmı? Pomidoru tarlada çürüyən, ahı Şimal buzlu okeana yüksələn fermerləri eşitmisənmi? Ətin qiyməti niyə hər gün qalxır, ərzaq nədən bahalaşır, pambıqçılıq niyə batdı, baramanı hansı cücü yedi, kimin tarlaları susuzluqdan yanır, ümumiyyətlə, kənd təsərrüfatımız niyə can verməkdədir - bu barədə boş başınla düşünmüsənmi?
Əlbəttə, ehtiyac yoxdursa, niyə düşünsün? Cahil adamlar gətirib gündəlik fonoqram pulunu verəcək, bu da ağzını açıb-yumub, diringi mahnıları ilə pulunu qazanacaq. Bizdə kənd təsərrüfatı, elə bütün təsərrüfatlar manıs ağlıyla idarə edildiyi üçün bu gündə deyilmi?
İnsafən, manıslar aləmindən bəzən cəmiyyətə faydalı diskussiyalar da ortaya sızır. Bunlardan biri Elza Seyidcahanla Roza Zərgərli arasında olubmuş. Zərgərli Seyidcahan haqda “təlxək, dəli, zay” sözləri işlədibmiş. Mövzu gedib çıxıb məhkəməyə, lakin hakim çox maraqlı qərar verib. Sitat: “Həmin sözlər ədəbi dilin hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir”. Sitatın sonu. Hətta hakim Zərgərliyə təklif edib ki, təqsirləndirilən şəxs kimi məhkəməyə çəkildiyi üçün mənəvi ziyan almaq məqsədiylə Seyidcahanı məhkəməyə verə bilər!
İnanılmaz presedentdir. Şəxsən mənə maraqlıdır, bundan sonra biz də öz yazılarımızda kimisə “təlxək, dəli, zay” adlandırsaq, cəzasıq qalarıqmı? Ya bu hüquq yalnız manıslara tanınmışdır?
Nəsə, çox zay mövzu idi. Dəli oxucularımdan üzr istəyirəm.
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ