İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoruyucu mələk sürücüyə çata bilməyəndə... – Finlandiyanın qəza statistikasının sirri

İndi oxuduğunuz yazını dünən axşam saat 21.30 radələrində yazmağa başlayanda ilk cümləm beləydi: “Bu gün görünməmiş bir şey oldu: yollarda qəza olmadı”.

Bu cümləni yazdım və mətləbə keçmək üzrəykən, əlimi saxladım və saytlara bir daha göz gəzdirdim. Gördüm, qəza bizdən iraqda, İraqda baş verib, zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb.
Söhbət öz ölkəmizin yollarından gedirsə, dünən bizdə insan ölümü ilə nəticələnən qəza olmayıb. Əlbəttə, onlarla maşının bir-birinə sürtüşdüyü, dəydiyi qəzalar olub. Bunsuz olmaz. Bizdə atlı qarışqa kimi bir-birinə toxunmadan hərəkət etmək söhbəti yoxdur, sürücülərimiz mütləq burun-buruna, böyür-böyürə dəyməlidirlər. Yoxsa dəmirçilər, malyarlar, bufer ustaları ac qalarlar. Sürtüşmələrin statistikası aparılmır. Tərəflər DYP gəlmədən söhbəti bağlayırlar.

O gün kimsə sosial şəbəkədə yazmışdı ki, bu il Finlandiyada yol qəzasında ölən olmayıb, amma bizdə...
Finlandiyanın əhalisi bizimkimdən iki dəfə (5.5 milyon) azdır, amma avtomobil sarıdan bərabər olarıq.
Finlər ona görə yol qəzalarında ölmürlər ki, hövsələlidirlər, soyuqqanlıdırlar, təşər və qızışqan deyillər, məsuliyyətlidirlər, intizamlıdırlar. Onlarda “Asta sür maşını, amandır, sürücü” mahnı-tövsiyəsi yoxdur, əvəzində görəndə ki, “göz-gözü görmür, dumandır”, maşını yavaş sürürlər və ölmürlər.

Bizdə elə deyil. Finlər yolda hansı xasiyyətdə olurlarsa, tam tərsinəsi bizdədir. İntizamsız və məsuliyyətsizik. Hövsələsizik. Hövsələli sürücülərimiz də var, ümumi adları “day-day”dır. Amma işıqforun yaşıl işığının yanmasına iki saniyə qalmış öndəki sürücülərə 7 maşından eyni anda “tərpən dəəə” siqnalı verilməsi hövsələ sarıdan nə gündə olduğumuzun bariz göstəricisidir.

Sükan arxasında təşərlənmək məsələsinə gəlincə, bu, bir bizdədir, bir də biz ağılda olan başqa ölkələrdə. İndi qadağan ediblər, amma bu şəhərdə sürücülərin, xüsusilə də taksi sürənlərin 99 faizi sol qolunu maşının pəncərəsindən aşağı sallayır, avtomobili təşər-təşər, tək əllə sürürlər. Onların düşüncəsinə görə, kim maşının sükanını iki əliylə tutursa, ya “day-day”dır, ya da “çurban”.

Audiopleyerin səsinə, özləri demişkən, “polnu xod” (türkün sözü, “son səs”) verib təşərlənənlər başqa aləmdir. Onlar maşını sırf buna görə sürürlər. Kənardakılar görməlidir ki, sükan arxasında “bomba oğlan” oturub. Bu yaxınlarda Qız qalasının tuşunda bir ağzıqara gədənin sürdüyü maşın yanımızdan keçib getdi, 150 metr uzaqdan belə onun maşınından bağırtdığı musiqili meyxananın səsi gəlirdi. Onunla yanaşı gedən avtomobillərin sürücüləri məcbur qalıb pəncərələrinin şüşəsini qaldırırdılar ki, musiqinin səsi beyinlərini deşməsin. Gədənin özünün vecinə deyildi. Beyni olsa, o da o səsə dözməzdi.

Finlər belə şeylər eləmirlər. Heç polyaklar o cür hərəkətlərə yol vermirlər. Polşadan gələn vardı, o dedi. Adamla yarım saat yol getdik, yeddi dəfə “bizdə belə sürmürlər” deyə rəy bildirdi. Mən də dedim, Polşa soyuq ölkədir, biz isti ölkəyik, burada qan-damar sistemi fərqlidir, biz tez qızışırıq, mənzil başına tez çatmaq istəyirik.

“Mənzil başına tez çatmaq” demişkən, məşhur satirik Mixail Jvanetskinin bərkgedən sürücülərə dair bir aforizmi var deyir: “Avtomobili elə sürətlə sürün ki, qoruyucu mələyinizin sürətindən artıq olmasın”. Yəni mələk lazım olanda çatıb sizi xilas edə bilsin.

Bax, bizdə o söhbət də yoxdur, bizdə düşüncə budur: “Bəs bu 200 qazı maşına niyə qoyublar?”; “Tısbağa kimi sürünməyəcəyik ki... sürüb getməliyik dəə”; “Sürətdən qorxursansa, keç, arxada otur, gözünü də yum” və s.

Ona görə də bizim qəza statistikası Finlandiyanın qəza statistikası ilə düz gəlmir. Biz boyda olan ölkələrdən Avstriyanınkı, İsveçrəninki, İsveçinki də fərqlidir. Hətta əhalisi bizdən 7, avtomobilləri 15 dəfə çox olan ölkələr var, yol qəzasında ölənləri bizimkilərin 10 faizi qədər deyil.

Yüz yaz, yüz bir de, çox az faydası var. Günah yerləşdiyimiz coğrafi paralellərdədir. Bu parallellərdə baş bu cür işləyir.

Bu vərdişlərimizi tərgitmək üçün qərinələr lazımdır. Bir biz deyilik, postsovet məkanının böyük hissəsi belədir. 10-15 il qabaq Vaşinqtonda həmyerlimizin avtomobili ilə gedirdik, Potomak çayının yaxınlığında bir arxa küçəyə burulduq, qəfildən arxadan siqnal verdilər. Sürücümüz dedi, bay, burda belə edən olmazdı, siqnal verən ya rusdur, ya da qafqazlı. O, arxadakı maşına yol verdi, adam bizi ötüb keçəndə maşının nömrəsinə baxdıq ki, nömrə yerində “ROSSİA” yazılıb.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR