İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgimizin məhkəmədə müdafiəsi

Deyir həkimliyə sənəd verənlərdə azalma hiss olunur. Millətin uşaqları niyə bu cür müqəddəs sənətə meyillənməsin? Mənim versiyam belədir: artıq həkimliyi 6-7-8, hətta bəzən 12 il oxumağa ehtiyac qalmayıbdır. Yox, bu, süni intellektin-zadın inkişafı, diaqnozu “Sərvər həkimin” deyil, serverlərin qoymağı və müalicəni kompüterlərin aparması ilə əlaqədar deyildir. Allaha şükür, hələlik bizi belə texnoloji sıçrayış təhlükəsi gözləmir. Məsələn, elektriki Tomas Edison 19-cu əsrdə kəşf eləsə də, mən keçən həftə Bakıda şam axtarırdım, tərslikdən normal dükanlardakı şamların hamısını camaat almışdı, tapdığım şam isə işıqdan çox his verirdi.

Bəs xalqımızın burnufırtıqlı balalarında təbabət elminə marağın azalmasının əsas səbəbi nədir? Əgər dəllək klinika açırsa, saç ustası plastik cərrah işləyirsə, Narxozun tələbəsi stomatoloqdursa, tibb oxumağın mənası nədir ki? Heç bir mənası yoxdur. Üstəlik, gözünün ağı-qarası gedib oxusan axırda yaxşı maaş üçün xaricə getməlisən, orda da bizim diplomları qoz yerinə qoymurlar. Məsələn, Almaniyada çox zaman təzədən tibbi təhsil almaq lazım gəlir.

İkinci versiyam isə xalqın fiziki-ruhi sağlamlığının artmasına bağlıdır. Artıq vəziyyət elə həddə çatıb ki, insanlar bir-birini öldürməsə heç kim ölmür. Qətllər də ona görə çox mənasız səbəblər üzündən baş verməkdədir. Laçında qardaş qardaşı bal üstündə güllələyib, alışqan vermədiyi üçün Yevlaxda başqasını qətlə yetirib, ailəsi cehizlik lüsturu bəyənmədiyinə görə bəy intihar etdi, ofisiantı kababa görə şişlədilər və sairə - kriminogen mənzərəmiz belədir, maşallah. Yəni Azərbaycanda yaşamaq üçün hansısa ciddi səbəblər yoxdur deyə, ölmək üçün də artıq ciddi səbəblər qalmayıbdır (Bu afyorizmi xəstəxanada pataloji anatomiya bölməsinin qapısından asmaq olar, icazə verirəm).

Hakimlik iş azaldıqca, həkimlik iş də azalır. Bunu isə Ağır Cinayətlərin darvazasına təklif edirəm. “Əmək azad edir” şüarından pis deyil ki?

Diqqətli oxucular bilir, mən havayı söhbət yazmaram. Gəlin sizə Ali Məhkəmənin builki həyat və yaradıcılığından 2 fakt göstərim.

Birinci faktı dünən öyrəndik. AM qərar verib ki, çoxqatlı binanın yiyəsi kefi istəyəndə liftləri bağlaya bilməz. Hərçənd, oradan çox aydın olmurdu, gah yazmışdılar bağlaya bilər, gah yazılmışdı bağlamağa haqqı yoxdur. Məsələn, bunu kimsə başa düşübsə mənə də yazsın: “Ali Məhkəmənin mövqeyi belədir ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər”.

Hər bir halda, lift müzakirələri ölkəmizdə söz azadlığını, diskussiya mühitini göstərir. Təxminən İsveç kimi yer olmaq üzrəyik.

İkinci fakt isə hələ may ayından yadımda qalmışdı. O vaxt Ali Məhkəmə ekspertlərə müraciət etmişdi ki, şərəf, ləyaqət, ictimai nüfuz-filan kimi hüquqların pozulmasında zərəri ödəmək işlərində uca dövlətimizə yardım əlini uzatsınlar. Müzakirəyə çıxarılan suallardan biri belə idi:  “Qanunla qorunan qeyri-maddi nemətlərlə (həyat, sağlamlıq, bədən toxunulmazlığı, şəxsiyyət, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuz, fikir, söz və vicdan azadlığı, ad, şəxsi və ailə sirri və s.) yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də (dostluq, sevgi, etibar, güvən, vicdan rahatlığı, diqqət, xatirələr, adət, ənənə və s. kimi əxlaqi və sosial dəyərlər) məhkəmə müdafiəsinin, habelə, onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü”.

Çox möhtəşəm plan idi. Ali Məhkəmə artıq xatirələrimizin, sevgimizin, vicdan rahatlığımızın da keşiyində durmağa çalışırdı. Doğrusu, iyunda ekspertlər toplaşıb bunu müzakirə etməliydi, heç bilmədim axırı nə oldu. Ümidvaram artıq sevgimizin mənəvi zərərini ödəmək mümkündür.

Şair bu məqamda lələyi mürəkkəbə batırıb görək nə yazıbdır: “Qıldı zülfün tək pərişan halimi xalin sənin, Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?”. Artıq buna görə bidərdə 10 sutka veriləcək.

Ya da 10 manat kontur atıb canını məşuqdan qurtarsın. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR