Onlayn ictimai-siyasi qəzet
İranın mühafizəkar hakimiyyəti region ölkələrinin daxili işlərinə qarışmaq xislətindən əl çəkmir, amma...
İranın mühafizəkar hakimiyyətinin 8 avqustda Vaşinqtonda imzalanan ABŞ-Azərbaycan-Ermənistan razılaşmalarına, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşamaya qarşı mövqeyi Ermənistana təzyiq etmək formasında davam edir. Baş rolda isə yenə də İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayətidir. Vilayəti Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşündə 8 avqust Vaşinqton razılaşmasını nəzərdə tutaraq “İran öz təhlükəsizliyinə qarşı heç bir addıma dözməyəcək” fikrini səsləndirməklə İrəvana xəbərdarlıq edib. Mövzunu davam etdirən Vilayəti erməni diplomata deyib ki, “regionun taleyini müstəsna olaraq region ölkələri həll etməlidir”.
Bəs Ermənistan hakimiyyəti İrandan artan bu cür təzyiqlərin qarşısında duruş gətirə biləcəkmi?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Əli Əkbər Vilayəti daha da “irəli” gedərək “Ermənistanın baş naziri Azərbaycan Prezidenti ilə Ağ Evin sahibi Donald Trampın vasitəçilyi ilə ortaq bəyanata imza atmamalı idi” fikrini də söyləyə bilərdi. Lakin bunu söyləməsə də, Ermənistanın daxili işlərinə qarışmaqda yenə də çəkinməyib: “Bir ölkəyə başqa ölkələrlə imzaladığı sənədə görə təzyiq edib o cür fikirlər səsləndirmək daxili işlərə qarışmaq deyil, bəs nədir? İran həmişə deyir ki, heç kim bizim daxili işlərə qarışmasın, daxili işlərimizə qarışanlar beynəlxalq hüququ pozur. Ancaq bu gün İran özü açıq şəkildə Ermənistanın daxili işlərinə müdaxilə edir və təzyiq göstərir. Bir dəfə həmin Vilayətinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın keçmiş liderləri Tehranda ortaq bəyanata imza atdılar, bir gün sonra Şuşa işğal olundu. Daha Vilayətinin ”məsləhətlərinə" qulaq asacaq halımız yoxdur. Vilayəti Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışarkən, bir başqa iranlı rəsmi Livana gedərək bu ölkəyə də “ağıl” qoymağa çalışıb. Livan dövləti ölkədəki qanunsuz silahlı qrupları, o cümlədən “Hizbullah” təşkilatını tərksilah etməyə qərar verib. Bu, Livanın müstəsna hüququdur. Çünki bu qruplaşma tərksilah olunmayınca, İsrail Livana istənilən an yenidən hücum edə bilər. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə Beyrutda görüşdüyü Livan Prezidenti Cozef Aundu inandırmağa çalışıb ki, “Hizbullah” təşkilatını tərksilah etməyin. Bu, İranın Livanın daxili işlərinə qarışması deyil, bəs nədir? Livan Prezidenti Əli Laricaniyə açıq deyib ki, bizim daxili işlərə qarışmayın, ölkədə qayda-qanun yaradılmalıdır. Müharibələr, sanksiyalar İrandakı mühafizəkar dairələrə dərs olmur. İndi görək Ermənistanın da lideri İrana “bizim daxili işlərimizə qarışmayın” deyə biləcəkmi".
Politoloq vurğuladı ki, Ermənistanın İranın mühafizəkar dairələrinin təzyiqlərinə duruş gətirməkdən başqa çarəsi yoxdur: “Çünki baş nazir Nikol Paşinyan Vaşinqtonda məlum sənədləri imzalayıb. O sənədlərdən irəli gələn məsələləri Ermənistan yerinə yetirməlidir. Başqa alternativi yoxdur. Ermənistan İrana izahat işləri aparmalıdır ki, bu razılaşmalar İrana qarşı deyil. Yəqin ki, Paşinyan xarici işlər nazirinin müavinini buna görə Tehrana göndərib. Paşinyan özü də bir açıqlama verdi ki, Zəngəzur dəhlizi işə düşərsə, bundan Rusiya və İran da faydalana bilər. Bununla demək istəyir ki, prosesə mane olmayın. Məsələnin ikinci tərəfi odur ki, İranın rəsmi strukturları, o cümlədən prezident Məsud Pezeşkianla xarici işlər naziri Abbas Əraqçı Zəngəzur dəhlizinin və Vaşinqton razılaşmasının əleyhinə deyillər. Məsələnin üçüncü tərəfi odur ki, İran və Rusiya hazırda elə durumdadırlar ki, prosesə mane olacaq halları yoxdur. Rusiya Ukrayna müharibəsi bataqlığı içindədir, İran isə Qərbin sanksiyalarının, İsrailin, Qərbin basqıları altındadır. Belə bir vəziyyətdə Vilayəti Zəngəzur dəhlizinə necə mane ola bilər? Digər tərəfdən, Paşinyana qarşı elə də böyük təzyiq alətləri də İran mühafizəkar dairələrinin əlində yoxdur”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ