İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış elm adamından ittiham

Şahlar Əsgərov: “Milli təhsil ”vaqon"u artıq relsdən çıxıb..."

“Hər il 700 bal toplayan abituriyentlərin sayı artmaq əvəzinə ya azalır, ya da stabil olaraq qalır. Məsələn, bu il IV ixtisas qrupu üzrə cəmi 2 nəfər 700 bal toplamağa nail olub. Bu isə haqlı olaraq belə bir sual doğurur ki, 700 bal toplamağa nə mane olur?”

Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş Şahlar Əsgərov azedu.az-a açıqlamasında belə deyib. O qeyd edib ki, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb: “Mənə görə, bu gün təhsilin acınacaqlı vəziyyətə düşməsinin bir çox əsaslı səbəbləri var. İlk növbədə hesab edirəm ki, milli təhsil ”vaqon"u artıq relsdən çıxıb və irəliyə doğru hərəkət yoxdur. Təhsil sistemində qərar verənlər arasında pedaqoqlar deyil, daha çox iqtisadçılar və hüquqşünaslar üstünlük təşkil edir. Mən bu vəziyyəti belə izah edirəm: necə ki, xəstəxanada həkimlər yox, iqtisadçılar söz sahibi olarsa, orada vəziyyət ağırlaşar, eyni durum təhsil sahəsində də müşahidə olunur".

Onun fikrincə, bəzi nazirlikləri tək əllə idarə etmək mümkündür və bu bəzən məqsədəuyğundur da. “Amma mənə görə, təhsil və mədəniyyət nazirlikləri mütləq kollegial şəkildə idarə olunmalıdır. Çünki bu sahələr çox mürəkkəb sistemlərdir”. - deyə Əsgərov bildirib.

Əsgərov nə dərəcədə haqlıdır? 700 bal toplayanlar ilbəil niyə azalır? Təhsil sistemində gənc məmurlara üstünlük verilməsi yanlış strategiyadırmı?

Ali təhsil strategiyamız yoxdur - İlham Əhmədov | Hafta.az

İlham Əhmədov

Dosent İlham Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Şahlar Əsgərovun məsələ ilə bağlı irəli sürdüyü fikirlər obyektiv və haqlıdır: “Professorun qeyd olunan açıqlaması ilə tanışam. Orada toxunulan məsələlər real problemlərə əsaslanır və haqlıdır. Əslində Şahlar müəllim və digər tanınmış təhsil mütəxəssisləri artıq 20 ilə yaxındır ki, təhsil sistemimizin zəifləməsi ilə bağlı ciddi narahatlıqlarını dilə gətirirlər. Hələ 2017-ci ildə mən özüm bildirmişdim ki, tətbiq edilən yeni kurikulumda ciddi qüsurlar var və bu səhvlər birbaşa ali məktəblərə qəbul imtahanlarının nəticələrinə təsir edəcək. Nəticə də ortadadır: 2019-cu ildən sonra 700 bal toplayan abituriyentlərin sayı kəskin şəkildə azaldı, bəzi illərdə isə, ümumiyyətlə, bu nəticəni göstərən olmadı”.

Əhmədovun sözlərinə görə, bu tendensiyanın arxasında sistemli problemlər dayanır:"Bunun arxasında ciddi və dərin səbəblər var. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu mövzuda ciddi araşdırmalar aparmır. Hələ o vaxt da demişdim ki, əgər bu yanaşma davam etsə, ali təhsil müəssisələrində qəbul yerlərinin 50 faizi boş qala bilər. Bunu önləmək üçün 2019-cu ildən sonra keçid ballarını xeyli aşağı salmağa başladılar, universitetlər isə qəbul planlarını süni şəkildə artırdılar. Bu da nə ilə nəticələndi? Təəssüf ki, baza biliyi zəif olan məzunlar universitetlərə daxil oldu və bu tələbələr ali təhsil almağa yetərli hazırlıq səviyyəsində deyildilər".

İ.Əhmədov bildirir ki, universitetlər də bu vəziyyətdən dolayı zərbə alır: “Ali məktəblər isə həmin zəif tələbələrdən asılı vəziyyətə düşüb. Çünki dövlət tərəfindən ayrılan maliyyə yetərli deyil, xüsusilə də universitetlər publik hüquqi şəxs statusu aldıqdan sonra özlərini maliyyələşdirmək öhdəliyi daşıyırlar. Bu səbəbdən də zəif biliklərlə universitetə daxil olan tələbələr süni şəkildə qiymətləndirilib məzun edilirlər. Nəticədə həmin savadsız məzunlar əmək bazarına daxil olurlar. Bir qismi isə müəllim olmaq üçün məktəblərə üz tutur”.

Bu dövrün nəticəsi kimi müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında da ciddi narahatlıqlar yaranır:"MİQ imtahanlarında da eyni gərginlik müşahidə olunur. Təəssüf ki, bəzi hallarda bu şəxslər qeyri-rəsmi yollarla məktəblərə işə düzəlirlər. Bu isə ümumilikdə təhsil sistemində balansın itməsinə səbəb olub. Son 20 ildə problemlər o qədər çox yığılıb ki, artıq bu sistemin harasından başlamaq lazım olduğunu belə müəyyənləşdirmək çətindir".

Dosentin fikrincə, problemin səbəbləri təkcə imtahan nəticələri və kurikulumlarla bağlı deyil. Təhsildə rəhbər vəzifələrə gətirilən şəxslərin kimliyi də önəm daşıyır:"Elm və Təhsil naziri tez-tez problemlərdən danışır. Onun “insanların  60 faizi oxuduğunu dərk etmir” fikrində də müəyyən həqiqət var. Bu da onu göstərir ki, sistem o qədər dolaşıq hal alıb ki, haradan islahatlara başlamaq lazım olduğu bilinmir. Biz - təhsil üzrə mütəxəssislər - müxtəlif vaxtlarda təkliflər irəli sürürük, amma nazirlik səviyyəsində bu təkliflərə ciddi yanaşılmır. Təhsil sistemində heç vaxt çalışmamış, pedaqoji təhsili olmayan şəxslərdən hansı töhfəni gözləmək olar?! Onlar ancaq müəllimi və alimi gözdən sala bilərlər. Hətta elə adamlar var ki, ‘Mən ölkədə alim tanımıram’ deyirlər. Sən tanımırsansa, bu o demək deyil ki, alim yoxdur. Sadəcə olaraq, bu sahənin içində deyilsən, ona görə tanımırsan".

İlham Əhmədov bildirib ki, məsələ təkcə 700 bal toplayan abituriyentlərin sayının azalmasında deyil - ümumən təhsil sisteminin keyfiyyəti ciddi şəkildə aşağı düşüb: “Söhbət təkcə 700 baldan getmir. Ümumilikdə təhsilin səviyyəsi çox geriləyib. Bunu son riyaziyyat olimpiadalarının nəticələri də bir daha təsdiqlədi. Təəssüf ki, vəziyyət ciddidir və həyəcan təbili çalınmalı səviyyədədir”.

Ekspertlər onu da qeyd edir ki, bu il 700 balın olmaması DİM tərəfindən obyektiv qiymətləndirmənin və yüksək standartların qorunduğunu da göstərə bilər. Lakin bu fakt eyni zamanda təhsil sisteminin struktur və məzmun baxımından ciddi islahatlara ehtiyacı olduğunu da ortaya qoyur. Qeyd edilir ki, təhsildə rəqəmlərlə deyil, bacarıq və şəxsiyyət inkişafı ilə öyünmək dövrü başlamalıdır. 700 bal olmaması yeni təhsil modelinə keçid üçün siqnaldır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR