Onlayn ictimai-siyasi qəzet
Qusar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı bir qadının ölümü ölkədə bu doğuş üsulunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. “Yeni Müsavat” xəbər verir ki, Piral kənd sakini, 31 yaşlı Yasəmən Ospatova əməliyyat zamanı komaya düşüb və iki gün reanimasiyada qaldıqdan sonra vəfat edib. Körpənin vəziyyətinin normal olduğu bildirilsə də, ailənin faciəsi böyükdür. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Mərhumun yaxınlarının “Shimal.News”a verdiyi açıqlamaya görə, hadisə həkimin səhlənkarlığı nəticəsində baş verib. Onlar iddia edirlər ki, əməliyyat zamanı qadının damarı kəsilib, nəticədə çoxlu qan itkisi baş verib. Həkimlərin verdiyi rəsmi rəyə əsasən isə, qadının ölümünə ürək qapağına laxtalanmış qan getməsi səbəb olub. Ailənin sözlərinə görə, əməliyyatdan əvvəl onlardan 500 manat pul istənilib, lakin maddi imkanlarının çatmadığını deyib 400 manatla razılaşıblar. Əməliyyatdan bir gün sonra isə məbləğ geri qaytarılıb və “dərmanlar üçün lazım ola bilər” cavabı verilib.
TƏBİB-in yaydığı rəsmi açıqlamada isə bildirilir ki, əməliyyatdan sonra qadında bir sıra ciddi tibbi ağırlaşmalar - ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qaraciyər, böyrək və ürək çatışmazlığı, həmçinin tromboz müşahidə olunub, gecə saatlarında vəziyyəti yenidən kritikləşib, saat 23:40-da isə vəfat edib.
Ümumiyyətlə, son illərdə qeysəriyyə əməliyyatı bir çox qadın üçün daha rahat və təhlükəsiz doğuş üsulu kimi qəbul edilir. Doğuş ağrılarından qorxan bir çox gənc ana, səbəbli və ya səbəbsiz şəkildə bu üsula üstünlük verir. Əksər hallarda klinikalarda həkimlər də analara bu əməliyyatı təklif edirlər. Halbuki qeysəriyyə əməliyyatı ciddi cərrahi müdaxilədir və onun da öz risk və fəsadları mövcuddur.
Təəssüf ki, ana ölümləri ilə bağlı statistika bu cür halların əsasən bölgələrdə baş verdiyini göstərir. Məsələn, bu ilin mart ayında Sabirabadda 10 gün ərzində 3 körpə qeysəriyyə əməliyyatı nəticəsində həyatını itirib. Bu, həm də səhiyyə sistemində mövcud olan problemləri - bölgələrdə ixtisaslı həkim çatışmazlığını, tibbi avadanlıqların və şəraitin bəzən normal sanitariya standartlarına cavab verməməsini və korrupsiya hallarını bir daha ortaya qoyur. Nəticədə qadınlar daha təhlükəsiz hesab etdikləri üçün Bakıya və ya böyük şəhərlərdəki özəl klinikalara üz tutmağa məcbur qalırlar. Lakin hər kəsin buna imkanı olmur.
Ölkə üzrə qeysəriyyə əməliyyatlarının artması ilə yanaşı, təbii doğuşa marağın azaldığı da müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, qeysəriyyə əməliyyatı yalnız tibbi zərurət olduqda tətbiq olunmalıdır. Onun səbəbsiz və ya sadəcə, rahatlıq məqsədilə seçilməsi ana və uşaq sağlamlığı üçün əlavə risklər yarada bilər. Belə ki, qeysəriyyə cərrahi əməliyyat olduğu üçün infeksiya, qanaxma, narkoz fəsadları və bərpa dövrünün uzanması kimi çətinliklər müşahidə oluna bilər. Körpə üçün də müəyyən tənəffüs və adaptasiya problemləri riski artır. Statistik göstəricilərə görə, 2011-ci ildə qeysəriyyə əməliyyatı ilə doğuşların sayı 25 min civarında olub. Sonrakı illərdə bu rəqəm mütəmadi artaraq 2015-ci ildə 45942-yə, 2016-cı ildə isə 46555-ə çatıb. Bu da onu göstərir ki, artım tendensiyası yeni deyil, artıq bir neçə onillikdir davam edir və 2020-ci ildən sonra daha da sürətlənib. Bu dövrdə doğuşların ümumi sayı azalsa da, qeysəriyyənin payı durmadan artıb.
Azərbaycan qanunvericiliynə görə, qeysəriyyə əməliyyatı yalnız müəyyən edilmiş tibbi əsaslara əsaslanaraq aparıla bilər. Tibbi əsas olmadan cərrahiyyə müdaxiləsi həm fərdi (vəzifəli şəxsə), həm də təşkilati (tibb müəssisəsinə) səviyyədə ciddi maliyyə cəzaları ilə müşayiət edilir. Qeyri-qanuni qeysəriyyə əməliyyatı" halları üçün vəzifəli şəxslər 5000-7000 manat arasında, hüquqi şəxslər isə 10000-15000 manat arası inzibati cərimə ilə cəzalandırılır. Bu cərimələr tibbi göstəriş olmadan aparılan qeysəriyyə əməliyyatlarına qarşı ciddi müdafiə mexanizmi hesab olunur. İndiyə kimi toplanan məlumatlara əsasən, Azərbaycan qanunvericiliyində qeysəriyyə əməliyyatları zamanı ölüm və ya ağır fəsadlar nəticəsində meydana gələn hallara dair konkret cinayət sanksiyaları açıq şəkildə təsbit edilməyib. Lakin mütəxəssislərə görə, belə hallarda digər cinayət və ya inzibati hüquq pozuntuları üzrə məsuliyyət yarana bilər - məsələn, tibbi sübutlara uyğun olmayan müdaxilələr, tibbi nəzarətsiz müdaxilələr və s.
Lalə Mehralı
Sosioloq Lalə Mehralı hesab edir ki, qeysəriyyə əməliyyatı yalnız həyati zərurət olan hallarda tətbiq edilməlidir. Onun sözlərinə görə, bu əməliyyat bədənin doğuşa təbii hazırlığını pozur, hormon balansını dəyişir və nəticədə ana südü ilə qidalanma faizi aşağı düşür. Bu hal neonatoloqlar üçün süni qida istifadəsinə keçmək imkanı yaradır. Bəzi həkimlər qadınları əsaslandırılmamış səbəblərlə qeysəriyyəyə yönəldirlər. Onun fikrincə, “gözü zəifdir”, “təzyiqi var”, “körpə tərs durur” kimi səbəblər artıq gülünc bəhanələrə çevrilib və həkimlər yeni səbəblər uydurmağa çalışırlar: “Vaxtından əvvəl qeysəriyyə əməliyyatlarının böyük əksəriyyəti özəl klinikalarda həyata keçirilir. Normal doğuş adətən 38-ci həftədən sonra baş verir, lakin qeysəriyyə əməliyyatları çox zaman 33-35-ci həftələrdə baş tutur. Bu, bəzi həkimlərin körpənin doğuş kanalına düşməməsi üçün ehtiyat tədbiri kimi təqdim edilir. Həmçinin bəzi klinikalarda küvəz ehtiyacını süni şəkildə yaratmaq üçün vaxtından əvvəl doğuşlara üstünlük verildiyi bildirilir. Qadınlara əvvəlcədən bu barədə məlumat verilmir və körpə doğulandan sonra birbaşa küvəzə yerləşdirilir. Bu da klinikalar üçün əlavə gəlir mənbəyi hesab olunur”.
Xanım Adıgözəlova
Ginekoloq Xanım Adıgözəlova isə bildirir ki, hər iki doğuş üsulunun - həm təbii doğuşun, həm də qeysəriyyə əməliyyatının - özünəməxsus üstünlükləri və riskləri var. Onun fikrincə, təbii doğuş daha fizioloji və orqanizmin uyğunlaşdığı prosesdir, sağalma müddəti daha qısadır və doğuşdan sonra komplikasiya riski azdır: “Bununla belə, bəzi hallarda doğuş prosesində baş verə biləcək çətinliklər və ana-körpə üçün yaranan risklər səbəbilə qeysəriyyə əməliyyatı qaçılmaz olur. Lakin bu üsul infeksiya, qanaxma, qan laxtalanması kimi risklər daşıyır və uzunmüddətli fəsadlara səbəb ola bilər.
Təbii doğuş zamanı qadın və körpənin orqanizmi daha yaxşı uyğunlaşır, ananın süd istehsalı vaxtında başlayır və körpənin tənəffüs sisteminin adaptasiyası daha asan olur. Vaginal doğuşdan sonra qadının bərpası adətən 6-8 həftə çəkirsə, qeysəriyyədən sonra bu müddət 12 həftəyə qədər uzana bilər. Digər tərəfdən, qeysəriyyə əməliyyatı sonrakı hamiləliklərdə müəyyən risklər, məsələn, plasenta problemləri və uşaqlıq divarının zəifləməsi kimi fəsadlar yarada bilər.
Bütün bu faktlar onu göstərir ki, doğuş üsulu seçimi hər hamiləlik üçün fərdi şəkildə, həkim nəzarətində və tibbi göstərişlər əsasında aparılmalıdır. Hər qadın təbii doğuş üçün yaradılıb, lakin tibbi səbəblər olduqda qeysəriyyə əməliyyatı həyatı xilas edən bir üsula çevrilə bilər. Əsas məsələ bu seçimlərin tibbi zərurət əsasında, ana və körpənin sağlamlığı ön planda tutularaq edilməsi və bu prosesdə heç bir halda maddi maraqların üstünlük təşkil etməməsidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ