İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün Alyaska sınağı: Zelenski torpaq güzəşti edəcəkmi?  

Bu gün Alyaskada Donald Tramp ilə Vladimir Putin arasında baş tutacaq sammit ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyində yumşalma müşahidə olunur. Bu barədə “The Telegraph” öz mənbələrinə istinadla bir müddət əvvəl məlumat yaymışdı.

Məlumata görə, Kiyev döyüşlərin dayandırılması və Rusiyanın artıq işğal etdiyi Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətləri və Krım üzərində faktiki nəzarətini tanımaq variantını nəzərdən keçirməyə hazırdır. Qeyd olunur ki, bu, bəzi Avropa ölkələrinin dəstəyini qazanıb və təklif cəbhə xəttinin “dondurulmasını”, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, o cümlədən silah tədarükü və NATO-ya üzvlük perspektivini nəzərdə tutur.

Bununla belə, Zelenski vurğulayıb ki, heç bir razılaşma əlavə ərazi güzəştlərini əhatə etməməlidir.

"İstənilən halda, ərazi güzəşti təklifi bir qədər şübhəli görünür. Bu, ölkə daxilində Zelenskiyə qarşı kütləvi narazılığın yaranmasına gətirib çıxara bilər. Bir müddət əvvəl korrupsiya əleyhinə mübarizə qanununa görə reytinqin aşağı düşməsi Zelenskini daha ehtiyatlı olmağa vadar edir".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, buna rəğmən, ərazi güzəşti müharibəni dayandıra və Ukraynanı Qərbin bir parçasına çevirə bilər:

"Donald Trampın hazırda çalışdığı əsas məsələ müharibənin aktiv fazasının dayandırılması və uzunmüddətli atəşkəs rejiminin təmin edilməsidir. Lakin bunu Rusiya tərəfi qəbul etmək istəmir. Rəsmi Moskva, müharibənin dayandırılmasından sonra Qərbin Ukraynanı yenidən gücləndirəcəyindən ehtiyat edir.

Digər mühüm məsələ isə Ukraynaya yeni hücumun qarşısını almaq üçün beynəlxalq təminatın verilməsidir. Keçən əsrin sonlarında Balkanlarda yaşanan bosniak–serb qarşıdurması göstərdi ki, bu, çox da effektiv variant deyil. Buna görə rəsmi Kiyev daha çox birbaşa NATO-ya üzv olmağı hədəfləyir. ABŞ-ın ərazi güzəşti fonunda Ukraynanı təşkilata üzv qəbul edəcəyi barədə təminat verməsi isə şübhəlidir.

Nəzərə almaq lazımdır ki, NATO daxilində Ukraynanın təşkilata üzvlüyünə qarşı çıxan dövlətlər var. Ancaq mövcud razılaşma bu dövlətlərin mövqeyində yumşalma yarada bilər. Zelenskini torpaq güzəştindən çəkindirən təkcə daxili siyasi məsələlər deyil, həm də Ukraynaya dəstək göstərən Avropa ölkələrinin mövqeyidir. Bu ölkələr, ABŞ-dan fərqli olaraq, Rusiyaya qarşı müqavimətin davam etməsini istəyirlər. Rəsmi Kiyev hazırda bu dəstək hesabına müqaviməti təşkil edə bildiyi üçün güzəşt məsələsində fərqli mövqe nümayiş etdirir".


Politoloqun qənaətinə görə, Alyaska sammitindən sonra ABŞ-ın Ukraynaya təzyiqləri arta bilər:

"Alyaska görüşündən sonra ABŞ-ın Ukraynaya qarşı təzyiqi artıracağı güman edilir. Buna rəğmən, Ukraynanın ərazi güzəşti gələcəkdə digər münaqişələr üçün də nümunə ola bilər ki, bu, arzuolunan deyil".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR