Onlayn ictimai-siyasi qəzet
Yay fəsli təkcə tətil, dəniz, dondurma demək deyil. Yay həm də açıq havada bir stəkan çay içmək, ailə və dostlarla ağac kölgəsində süfrə salmaq, təbiətin səsi ilə nəfəs almaq istəyidir.
Amma Bakıda bu istəyin gerçək olması çox da asan deyil. Çünki şəhərin bəzi parklarında “piknik etmək qadağandır” lövhələri yerə sancılıb. Qadağanı pozanın isə qarşısına 100 manatlıq cərimə çıxır. Yəni park var – girməyə icazə var, öt üstə oturmağa yox.
Seyid Cəfər Pişəvəri adına parkda gəzərkən ilk diqqəti çəkən şey nə gözəl görüntü, nə də yaşıl ağaclardır. Ən çox gözə girən şey – cərimə xəbərdarlığıdır. Qanun pozuntusu kimi qiymətləndirilən şey isə... sadəcə yerə süfrə sərib piknik etməkdir. Parkın müxtəlif yerlərində “Burada piknik etmək qadağandır. Cərimə: 100 manat” yazılmış lövhələr qoyulub.
Şəhər sakinləri haqlı olaraq sual verir:
“Parka gəlmişik, skamyada oturmaq istəmiriksə, nə edək? Niyə bizə açıq havada, yaşıl ərazidə çay içmək, yemək yemək, sadəcə oturmaq qadağan olunur?”
Bu sual cavabsız qalmır. Parkın işçiləri deyir ki, otlar zədələnir, zibil qalır, çimərlik kimi istifadə edənlər olur.
Bəs dünyanın başqa yerlərində bu problem necə həll olunur?
Almaniyanın Berlin şəhərindəki Tirqarten parkını düşünün – pikniklər üçün açıq geniş yaşıl sahələr, hətta xüsusi ızgara (barbekü) bölmələri var. İnsanlar ailəliklə oraya toplaşır, bir tərəfdə futbol oynayanlar, digər tərəfdə isə kitab oxuyanlar görünür. Hər kəs təbiətə hörmətlə yanaşır, zibilini özü ilə aparır. Heç kəs cərimələnmir, amma heç kəs də ərazini çirkləndirmir.
Fransanın Paris şəhərindəki "Luxembourg Garden", İngiltərədə "Hyde Park", Türkiyədə İstanbulun Maçka Parkı və ya Belqrad meşəsi – bunların hamısında insanlar sərbəst şəkildə istirahət edə bilir. Yalnız od qalamaq, zibil atmaq və ya səs-küy salmaq qadağandır. Amma heç birində "süfrə açmaq" cərimə ilə qarşılanmır.
Hətta bəzi ölkələrdə piknik üçün ayrılmış ərazilərdə taxta masalar, manqal sahələri, tullantı qutuları və su kranları mövcuddur. Məqsəd insanları təbiətdən uzaqlaşdırmaq yox, mədəni şəkildə istifadə etməyə təşviq etməkdir.
Bəs Bakıda harada piknik etmək olar?
Bakı şəhərində piknik üçün istifadə oluna biləcək bəzi yerlər var, amma onların sayı elə də çox deyil: Dədə Qorqud parkı – göl kənarı, genişlik var, amma rəsmi şəkildə piknikə icazə verilib-verilmədiyi bəlli deyil.
Zabitlər parkı – daha çox gəzinti üçün nəzərdə tutulub, piknik üçün şərait yoxdur.
Binəqədi gölü ətrafı, Qala qoruğu, Şüvəlan meşəsi, Mərdəkan qəsəbəsi yaxınlığındakı yaşıl sahələr – daha çox şəhərkənarı piknik üçün istifadə olunur.
Problem təkcə yerlərin azlığı deyil, həm də parkların estetik olaraq funksiyasızlaşdırılmasıdır. Yaşıllıq adı ilə mərmər döşənən, otların üstünə gəzinti yolları çəkilən, “yaşıl sahə” əvəzinə “beton dekor” görünən bu parklarda insanlar istirahət yox, foto çəkdirmək üçün dayanırlar.
Ekspertlər hesab edir ki, məsələ cərimə ilə qorxutmaqda deyil. Əksinə, piknik üçün şərait yaratmaq, təmizliyə nəzarət etmək, tullantı qutuları, su mənbələri və oturacaqlar qoymaqla həm insanların istirahət haqqı tanınar, həm də parklar zərər görməz.
Bakıda piknik artıq bir ehtiyac yox, əldə edilə bilməyən şəhər lüksünə çevrilib. Bu isə absurd və təəssüf doğurur. Halbuki, piknik - sivil cəmiyyətin bir parçası, ailə bağlarını gücləndirən bir ənənə, gənclərin açıq havada toplaşdığı mədəni vərdişdir. Əgər parklar yaşıl ruhu daşıya bilmirsə, onların yalnız adı “park” olaraq qalır.
Yaşıllığın ortasında oturmaqla cərimə yazılan şəhərdə yay fəslinin nə mənası var?!
Şahanə Rəhimli
Musavat.com
Fotolar müəllifindir
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ