İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Zelenskidən "siyasi intihar" tələb edir: Kreml Ukraynanın yanında ABŞ və Qərbi də "dəfn" etmək istəyir

Kreml sülh sazişindən öncə Ukraynada hakimiyyəti dəyişmək, bu ölkənin ərazilərinin Rusiya tərəfindən işğalını legitimləşdirmək niyyəti güdür... Rusiyanın İstanbulda təqdim etdiyi "sülh şərtləri" məhz Ukrayna ilə yanaşı, ABŞ və Qərbin də hərbi-siyasi cəhətdən məğlub edilməsinə hesablanmış plandır...

Ukrayna savaşının dayandırılması üzrə münaqişə tərəfləri arasında ikinci İstanbul görüşü də Rusiyanın "neoimperialist iştahı" ucbatından uğursuz nəticələr ilə yekunlaşıb. Rusiya tərəfindən Ukraynaya təqdim olunan sülh şərtləri ilə bağlı yeni memorandumun məzmunu isə Qərb siyasi dairələrində ciddi rezonans doğurub. Belə ki, həmin sənədə görə, Kreml rəsmi Kiyevdən və Qərb siyasi dairələrindən Krım, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərinin Rusiya ərazisi kimi tanınmasını, bu bölgələrdən Ukrayna ordusunun tamamilə çıxarılmasını və 30 günlük atəşkəs dövründə ölkədə seçkilərin keçirilməsini tələb edir.

Digər tərəfdən, Rusiya BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiqlənəcək yekun sülh sazişinin imzalanmasını da təklif edir. Bu təkliflər, ilk baxışdan, sülhə yönəlmiş siyasi təşəbbüs kimi görünsə də, əslində, bir çox hüquqi, siyasi və strateji problemlər də doğurur. Çünki Rusiyanın irəli sürdüyü bu sülh şərtləri beynəlxalq hüququn əsas prinsipləri, xüsusilə də, BMT Nizamnaməsində təsbit olunmuş sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipi ilə açıq-aşkar ziddiyyət təşkil edir.

7d9ab91301f51cfb0ed346e0094f32f0.jpg (32 KB)

Məsələ ondadır ki, ərazi bütövlüyü prinsipinə əsasən,heç bir dövlət digər ölkənin suveren ərazilərini hərbi güc yolu ilə ilhaq edə və bu sərhəd dəyişikliklərinin beynəlxalq səviyyədə tanınmasını tələb edə bilməz. Krımın 2014-cü ildə, Donetsk, Luqansk, Zaporojya və Xersonun isə 2022-ci ildən sonra Rusiya tərəfindən ilhaqını beynəlxalq siyasi iradəsi mərkəzləri qeyri-legitim sayılıblar. BMT Baş Assambleyası bu ilhaqları tanımayıb və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr qəbul edib. Və bütün bunlara baxmayaraq, Kremlin Rusiyanın "işğal qənimətləri"nin BMT Təhlükəsizlik Şurasında legitimləşdirilməsini tələb etməsi həm absurd, həm də məntiqsizdir.

Ona görə də, Rusiyanın təklif etdiyi bu sənədin hüquqi və praktiki əsaslı sülh planı olmaqdan çox, xüsusi məqsədlərə xidmət etdiyini ehtimal etmək olar. Birincisi, Kreml Rusiyanın işğal etdiyi ərazilərin beynəlxalq səviyyədə tanınmasını istəyir. İkincisi, Kremlin rəsmi Kiyevdən seçkilərin keçirilməsi və dövlət strukturlarının yenidən formalaşdırılması ilə bağlı tələbləri Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində öz təsirini möhkəmləndirmək istəyini biruzə verir.

Üçüncüsü, hətta bu tələblər qəbul edilməsə belə, Kreml Rusiyanı qlobal məkanda “sülh istəyən tərəf” kimi təqdim etməyə çalışır. Kremlin bu yanaşması əslində, sülh prosesinə deyil, daha çox mövcud status-kvonun hüquqi cəhətdən rəsmiləşdirilməsinə və Ukraynanın bütün istiqamətlər üzrə mövqelərinin zəiflədilməsinə xidmət edir. Və bu baxımdan, Rusiyanın hazırda sülh prosesini Rusiyanın maraqları çərçivəsində manipulyasiya etməyə çalışdığı qətiyyən şübhə doğurmur.

87c07718031966bf2de7da7d63b89c0f.jpg (354 KB)

Təbii ki, həm rəsmi Kiyev, həm də Ukraynanın əsas müttəfiqləri – ABŞ, Avropa Birliyi və NATO Rusiyanın bu şərtlərini birmənalı şəkildə qəbulolunmaz hesab edir. Çünki Ukrayna Konstitusiyasına görə, Rusiyanın hazırda işğal etdiyi ərazilər dövlətin ayrılmaz tərkib hissəsidir və onların güzəştə gedilməsi ölkənin suverenliyi üçün real təhlükədir. Qərb siyasi dairələri isə əmindirlər ki, Ukrayna sərhədlərinin hərbi güclə dəyişdirilməsinin tanınması beynəlxalq sistemdə təhlükəli presedentlərə yol aça bilər. Və rəsmi Kiyev yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən tam çıxarılacağı təqdirdə, savaşın beynəlxalq hüquq normalarına uyğun həll oluna biləcəyini vurğulayır.

Onu da qeyd etmək lazımdır ki, Kremlin sülh sazişinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi barədə tələbi də Rusiyaya Ukrayna ilə yanaşı, ABŞ və Qərb üçün də "siyasi tələ"yə çevrilə biləcək yeni hüquqi alət qazandırmaq məqsədi daşıyır. Çünki Rusiya BMT TŞ-nin veto hüquqlu daimi üzvüdür və bu, həmin qurumun obyektivliyini sual altına alır. Ona görə də, ABŞ, Böyük Britaniya və Fransa kimi digər daimi üzvlər isə belə bir sənədi böyük ehtimalla bloklayacaqlar.

Bütün bunları nəzərə aldıqda, Kremlin sülh şərtləri ABŞ və Qərbi yeni siyasi təxribatlara çəkmək, beynəlxalq hüququn pozulmasını normal prosesə çevirmək və Rusiyanın işğalçılıq hədəflərini qlobal məkanda qanuniləşdirmək cəhdi kimi görünür. Belə absurd və məntiqsiz yanaşma nə Ukrayna, nə də Qərb siyasi dairələri üçün qəbuledilən deyil. Və bu baxımdan, Rusiyanın sülh prosesini mümkün qədər dolaşıq situasiya ilə üzləşdirməyə çalışması planlı fəaliyyət təsiri bağışlayır.

1be57b72d0aaf2b1fc90a3a45e041c6d.jpg (55 KB)

Ukrayna və onun Qərbdəki müttəfiqləri isə beynəlxalq platformalarda Rusiya ilə sülhün yalnız bəzi prinsipial şərtlər daxilində mümkün ola biləcəyini bəyan edirlər. Həmin şərtlərə görə, Rusiya öz ordusunu işğal olunmuş ərazilərdən çıxartmalıdır, bu ölkənin ərazi bütövlüyünü və suverenliyi mütləq bərpa olunmalıdır, Kreml müharibə cinayətlərinə görə cavabdehlik daşımalıdır. Və yalnız bu şərtlər reallığa çevrilərsə, onda iki ölkə arasında beynəlxalq hüquqa söykənən kompromis formatın tapılması mümkün ola bilər.

Göründüyü kimi, Rusiyanın Ukraynaya təqdim etdiyi sülh şərtləri, hər nə qədər "atəşkəs", "seçkilər", "BMT təsdiqi" kimi dinc ritorika ilə bəzədilsə də, əslində, beynəlxalq hüququn prinsiplərinə zidd, ədalətsiz və birtərəfli yanaşmadır. Bu şərtlərin qəbul edilməsi Ukrayna üçün siyasi intihara bərabər ola bilər. ABŞ və Qərb üçün isə bu, beynəlxalq hüququn əsas sütunlarının sarsılması deməkdir. Ona görə də, bu sənəd sülhə deyil, daha dərin qarşıdurma və diplomatik böhranlara zəmin yaradır. Və bu baxımdan, Kremlin gündəmində sülh deyil, məhz Ukrayna ilə yanaşı, Qərb siyasi dairələrinin də məğlub edilməsi olduğu qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR