İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir gün elə, bir gün belə” – Ukraynaya “Tomahavk” veriləcəkmi, verilməyəcəkmi?

ABŞ prezidenti Donald Tramp dünya ictimaiyyətini, ən çox da Ukrayna və Rusiya xalqını heyrətləndirməkdə davam edir.

O rusları və ukraynalıları növbə ilə sevindirir, sonra növbə ilə məyus edir.

Dünən ABŞ prezidenti Ukraynaya “Tomahavk” raketləri vermək planlarının olmadığını bildirərək, növbəti dəfə ruslarda məmnunluq, ukraynalılarda məyusluq yaradıb.

Tramp artıq neçənci dəfədir belə edir: gah Rusiyaya təzyiq göstərməyin, sanksiya tətbiq etməyin vacibliyindən danışır, gah da müharibənin başa çatması üçün Ukraynanın Rusiyaya güzəştə getməli olduğunu bəyan edir.

O, bir gün Rusiyanın öhdəsindən gəlməsi üçün Ukraynaya hər cür hərbi yardım göstərəcəyini bildirir, aradan iki gün keçəndən sonra ABŞ-nin Ukraynaya verdiyi hərbi dəstəyi kəsəcəyini vurğulayır.

Belə bəyanatlar dəfələrlə səsləndiyi üçün artıq çox adamda bu qənaət hasil olub ki, bütün bunlar təsadüfi və gəlişigözəl açıqlamalar deyil, planlanmış siyasətin tərkib hissəsidir, Rusiyanı qeyri-müəyyənlikdə saxlamağa, Ukraynanı ruhdan düşməməyə, döyüşməyi davam etdirməyə sövq edir.

Gerçəkdən də hər iki dövlət (Rusiya və Ukrayna) artıq öz maddi və insan resurslarını sürətlə tükətməyə doğru gedir, güclərini hər gün itirirlər və döyüşməkdə davam edirlər.

Bir gün Rusiya müharibənin başa çatması üçün öz qürurunu zədələmədən sülhpərvər təşəbbüslə çıxış etməyə meyllənəndə Ukrayna tərəfi barışmaz mövqedə olur, bir həftədən sonra Ukrayna ağır zərbəyə məruz qalaraq, daha artıq itki verməyin, ziyan görməyin mənasızlığına əmin olanda və ədalətli sülhə razı olanda Rusiya qələbənin yaxında olduğunu, düşmənin artıq düz çökməyə hazırlaşdığını düşünərək maksimalistlik edir.

Həm Rusiyada, həm də Ukraynada bu cür fikirləri yaradan qüdrətli dövlətlərdir. Deyəsən, onlar tərəflərin heç birinin bu savaşda qalib gəlməsini, eyni zamanda heç birinin məğlub olmasını istəmirlər. “Sui-qəsd nəzəriyyəsi” üzrə ixtisaslaşan politoloqlar əmindirlər ki, ABŞ, Çin və digər ölkələr Rusiya və Ukraynanın sona qədər döyüşməsini istəyirlər.

Tramp Kiyevə uzaqmənzilli raketlər verməyi düşünmədiyini bildirərkən, onu da əlavə edib ki, gələcəkdə mövqeyini yenidən nəzərdən keçirmə ehtimalını istisna etmir. Yəni əgər o, görsə ki, Rusiya Ukraynaya güc gəlir, o zaman Kiyevə “Tomohavk” raketləri verəcəyini bildirəcək və ola bilər ki, tezliklə həmin raketləri Ukraynaya göndərəcək.

Bu raketlər Ukrayna-Rusiya cəbhəsində güc balansını əhəmiyyətli şəkildə dəyişə bilər. Onsuz da Ukrayna Rusiyanın yanacaq təchizatı sənayesinə sarsıdıcı zərbələr vurur, əlində “Tomohavk” olsa, daha da güclənə, daha effektiv hücumlar edə bilər. Ancaq ABŞ bu raketləri ona vermir.

Bunun bir səbəbi də odur ki, Tramp ABŞ-nin Rusiya ilə müharibəyə qatılmırmış kimi görünməsini istəyir, Rusiyanın qəzəb dalğasının birbaşa onun ölkəsini vurmasını istəmir. Avropanın bəzi ölkələri də (məsələn, Almaniya. Serbiya, Slovakiya) eyni mövqedədir. Onlar da istəmirlər ki, Rusiyanın ballistik raketlərinin hədəfi olsunlar.

Bununla yanaşı, bir neçə ölkə istisna olmaqla Avropada Rusiyanın Ukraynanı parçalamasını istəyən dövlət yoxdur. Sadəcə, məşhur lətifədə deyildiyi kimi problem “xəbərdaredici zınqırovu pişiyin boynuna hansı siçovulun asacağı”dır.

Ukraynadakı münaqişənin sona çatma perspektivləri ilə bağlı suala cavab olaraq Trampın dediyi bu sözlər yuxarıda dediklərimizə sübut ola bilər. Tramp belə deyib: "Bəzən onların döyüşməsinə icazə vermək lazımdır. Bu, Putin üçün çətin bir müharibədir. O, çoxlu əsgər itirib. Bəlkə də bir milyon. Bu, Ukrayna üçün də çətindir. Bu, hər kəs üçün çətindir".

Budur, 3 il 9 aydır ABŞ Rusiya və Ukraynanın döyüşməsinə icazə verir və bu təkcə icazə ilə məhdudlaşmır, ABŞ tərəflərin hər ikisinə ümid, birinə isə pul və silah-sursat da verir. Ona görə də bu qanlı slavyan müharibəsinin sonu görünmür.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR