İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən qorxaqmı?

Rusiya  bu cür aqressiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək...

Ağ Evdə Avropa liderləri ilə Moskvanın təcavüzkar siyasətini necə durdurmaq  barədə müzakirələr bir acı gerçəyi də təsdiqlədi: Rusiya dünyanın canını boğaza yığıb. Nədir bu və vəziyyət niyə belədir?

Həmin masada ABŞ daxil daha üç Avropa ölkəsi Rusiya kimi nüvə silahına sahibdir, NATO kimi milyonluq əsgəri gücü var, toplam pullarını göydən səpələsələr Moskva avronun altında qalar, ağılları da Putin və ətrafındakılardan az deyil. Bəs niyə bu dövlət liderləri Rusiyanın əlində girinc qalıblar? Niyə o masada bu qədər cəsarətsiz və çarəsiz görünürdülər? Bu həm də yalnız Ukrayna torpaqlarının işğalı ilə bağlı problem deyil axı... Gərək ki, Makron asta səslə dedi: “Rusiyanın növbəti hədəfi  Avropa ölkələridir, bizik...” Yəni bu adamlar hətta Rusiyanın sonrakı davranışlarının  öz sərhədlərinə təhlükə kimi şərh edirlərsə, o halda nə düşünürlər və ya nəyi gözləyirlər?

Ağ Evdə bu görüş səhnəsi Karl Marks və Frirdix Engels 1910-ci ildə Kommunist Partiyasının Manifestindəki məşhur cümlələri yada saldı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər...” Müasir dövrdə bu şübhəsiz ki, Rusiya kabusudur.  

ABŞ lideri Donald Tramp qarşısında oturan sağlam cüssəli Finlandiya prezidentini görməzdən gələ bilər, amma bu ölkənin Rusiya ilə toplam sərhədinin uzunluğu 1271,8 kilometrdir. Bunun 1091,7 km quru, 60,3 km çay, 119,8 km göl sərhədi, 54,0 km dəniz sərhədidir. Sərhədində bu boyda təhlükəyə necə sakit qalasan? Yəni tələsik NATO-ya daxil olmuş Finlandiyanın Rusiya qorxusu keçməyib, əksinə daha da artıb.

Şəxsi müşahidəmə görə deyirəm: Tramp hakimiyyətə qayıdandan sonra verdiyi açıqlamalar (məsələn Ukraynaya dediyi “Rusiya böyük ölkədir, siz balaca”), Putinlə artan təmasları fonunda  dünyada Rusiya qorxusunu artırıb. Trampdan əvvəlki ABŞ prezidenti Co Bayden başqa bir yanlış yolda idi, o da əksinə, Rusiyanı ümumiyyətlə saymırdı, sanırdı ki, bu ölkəni strateji məğlubiyyətə uğradıb və tezliklə çökəcək, Kremldə hətta çevriliş də olacaq. Bir dəfə dilə də gətirdi ki, bu savaşda məqsədləri Rusiyada hakimiyyət dəyişikliyi, Putin rejiminin devrilməsidir. Tramp fərqli siyasətçidir, bəziləri də düşünür ki, məsələn, o da Putini Alyaskaya öz ayağına çağırmaqla  Rusiyaya yerini göstərdi və sairə.

İndi dünya ona köklənib ki, guya Putin Zelenski ilə görüşərsə, Ukrayna ilə müharibə sonlandırıla bilər. Ortada isə heç bir həll mexanizmi yoxdur! ABŞ dövlət katibinin rəhbəri olacağı hansısa işçi qrupdan danışılır, amma bu da münaqişənin həlli üçün rahat və təcili mexanizmlər olacağı demək deyil.  

Zelenski ilk dəfə olaraq doğru etdi: Trampın danışıqlar, ərazi güzəştləri ilə bağlı dediklərinin əleyhinə çıxmadı. O da gec olsa da anladı ki, bu oyunda qəhrəman obrazını oynamaq gərək deyil. Əgər Tramp Rusiyanı heç olmasa, təməlli atəşkəsə razı sala bilsə,  qəhrəman olacaq. Amma bu gerçək kimi görünmür. Putin çox şey istəyir, həm də ləngitmədən. İstəsin, amma Zelenski arzulasa belə, buna zatən təkbaşına qərar verə bilməz, ən azı referendum lazımdır.

Tramp isə çox şey istəmir-iki ölkə arasında savaşın durmasını, özünün dediyi kimi insanların ölməməsini istəyir, bir də...Nobel. Zelenski də indiki durum çox arzusu yoxdur, o da atəşkəs və ölkəsinin gələcəyi üçün təhlükəsizlik qarantiyası istəyir. Bunları da əldə etmək çətindir.

Tramp administrasiyası  tez-tez deyir ki, Putin də ərazi güzəştinə razıdır. Amma söhbət hansı ərazilərdən gedir, bəlli deyil. Məncə, Putin onu deyir ki, müharibə davam etsə, bütün Ukraynanı alacağam, ya da Odessanı da “anasına” qaytartacağam, amma güzəştə gedirəm, bunları etmirəm.

Bəs Ukraynanın çıxış yolu nədir? Baxın, İsrail xalqı neçənci dəfədir küçələrə çıxıb hökumətdən Qəzzada müharibənin dayandırmasını tələb edir. Ötən yazıda da qeyd etmişdim ki, bu müharibədə Ukrayna xalqının ortaya çıxmasına ehtiyac var.   Rusiya niyyətindən əl çəkmir, bu müharibəni indən sonra bu tempdə bəlkə azı iki il də aparmağa hərbi resursu var. Dünya da işğalı durdura bilmir, özləri indi daha pis qorxu keçirir. Kiyevi də tutaq ki, Avropa Birliyi daha iki il müqavimət göstərməyə hazırlasın. Sonra?

Biz bu “atəşkəsi”in gətirdiyi məğlubiyyəti görmüşük, çox ağır şərtlər altında 30 il dözmüşük. Ukrayna 2014-cü ildə Krımı bir ukraynalı ölmədən əldən verdi, indi 3 ildir müqavimət göstərirlər, amma nəticə yenə də ərazi itirməyə doğru gedir.

Diplomatiyaya şans vermək Putini yeni-yeni ərazilər tutmaq hərisliyindən müvəqqəti vaz keçirəcək. Başqa yol da var-sonuncu ukraynalıyadək döyüşmək. Belə lokal müharibələr olub, minlərlə əsgər bir savaşda məhv olub. Amma son 100 illikdə elə bir nümunə yoxdur ki, bütün xalq qırılıb qurtara, sonra düşmən qələbəsini elan edə. Diplomatiya nə Ukrayna, nə dünya üçün çarə deyil. Amma diplomatiya həm də vaxt qazanmaq, bir az özünə gəlmək fürsəti deməkdir. Ukraynaya indi ən vacibi zaman lazımdır, bunu necə dəyərləndirəcək, o da əsasdır.

Rusiyanın özünü belə naqolay aparması görək nə qədər davam edəcək. Rusiya  bu cür aqressiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək. Çünki tarix onu da sübut edir ki, Rusiya o vaxt dağılmağa başlayır ki, imperiya hərisliyi gözlərini tutur, “şişir” və nəhayət, içəridən partlaq verirlər...

Nazim SABİROĞLU
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR