İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara piar”ın uğur gətirməsi - “ifşa edilən” namizəd necə prezident seçildi...

Trampa yaxın şəxslərin öz ölkələrində hakimiyyətə gəlməsi prosesi başlayıb

Məlum olduğu kimi, Karol Navrotski iyunun 1-də keçirilən seçkilərin 2-ci turunda Polşanın prezidenti seçilib. O, ölkə siyasətində yeni sima olmaqla, indiyə qədər dövlət vəzifəsi tutmayan bir şəxsdir. Navrotski Trampa yaxınlığı ilə tanınır. Tramp onu “öz müttəfiqi” adlandırıb.

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə rəqibləri K.Navrotski haqqında xeyli ifşaedici materiallar yayıb, ona qarşı şiddətli “qara piar” kampaniyası aparıblar. Bu, eynilə ötən il ABŞ-da Trampa qarşı aparılan kampaniyanı yada salıb. Maraqlısı odur ki, antitəbliğat kampaniyası Trampın prezident seçilməsi ilə nəticələndiyi kimi, Polşada aparılan “qara piar” kampaniyası da Navrotskinin qələbəsi ilə yekunlaşıb.

Bu, nədən xəbər verir? Ayrı-ayrı ölkələrin seçiciləri millətçilərə üstünlük verməyə başlayıb, yoxsa əndazəsini aşan “qara piar” ona məruz qalanların əlinə oynayır?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Polşada son prezident seçkisi kəskin rəqabət şəraitində keçirilib və 1-ci turda qalibi müəyyən etmək mümkün olmayıb: “Ona görə də 2-ci tur 1 iyunda keçirildi və Karol Navrotski cüzi səs üstünlüyü ilə qalib gəldi. Navrotski sağ mərkəz yönümlü siyasətçidir, həmçinin mühafizəkar kəsimin mövqelərini ifadə edir. Görünən budur ki, Polşa seçiciləri mühafizəkarlara üstünlük veriblər. Karol Navrotski əslində əvvəlki dönəmdə Anjey Dudanın varisi olaraq qəbul edilir. O, özünün radikal baxışları ilə gündəmdədir, eyni zamanda ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə seçilir. Polşada keçirilən son seçkilərlə ABŞ-da Trampın qalib gəldiyi son seçkilərdə müəyyən oxşarlıqlar da var. Bu da ondan ibarətdir ki, Trampa qarşı böyük "qara piar" kampaniyası həyata keçirilmişdi və eyni “qara piar” kampaniyası Navrotskiyə də qarşı keçirildi və əks-effekt verdi. Bu da onu deməyə əsas verir ki, “qara piar” bir çox hallarda seçkidə namizədin xeyirinə nəticələnir".

Deputat qeyd etdi ki, Navrotski Polşanın təhlükəsizliyini və suverenliyini daha ciddi qoruya biləcəyi ilə bağlı vədlər verib: “Həmçinin o, Rusiya-Ukrayna müharibəsində sərt mövqeyi ilə seçilən bir siyasətçidir. Belə bir siyasətçinin prezident seçilməsi Polşada gələcəkdə hazırkı liberal hökumətlə mühafizəkar sağçı prezident arasında müəyyən qarşıdurmaların ola biləcəyindən də xəbər verir. Amma indilikdə Navrotskinin mövqeləri daha güclüdür. Bu, əslində Avropada bir tendensiyadır. Bir çox Avropa ölkələrində son zamanlar keçirilən seçkilərdə mühafizəkarlar, millətçi kəsimə yaxın olan sağçı qüvvələr hakimiyyətə gəlir. Polşadakı seçkilərdə də biz bunu müşahidə etdik”.  

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının  qarşısını alacaq | Kaspi.az

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Donald Tramp öz siyasi düşüncəsinə yaxın siyasətçilərin müxtəlif ölkələrdə hakimiyyətə gəlməsini dəstəkləyir: "Karol Navrotski də onlardan biridir. Polşa ABŞ üçün müstəsna əhəmiyyətə malik dövlətdir. Mərkəzi və Şərqi Avropada kommunikasiya, logistika, ticari, iqtisadi münasibətlər baxımından Varşava ilə Vaşinqton arasında sıx münasibətlər olmaqla yanaşı, həm də hərbi, təhlükəsizlik, geopolitik nöqteyi-nəzərdən də Polşa ilə ABŞ arasında yaxın əlaqələr, əməkdaşlıq mövcuddur. Ona görə də Polşa prezidenti kimi məsul vəzifəyə Amerikaya bağlı, xüsusilə də Trampın adamı olan bir fiqurun seçilməsi təsadüfi deyil. Maraqlıdır ki, seçki prosesində Karol Navrotskiyə qarşı da qarayaxma kampaniyaları, ifşaedici materiallar dərc olunurdu. Bu da dünya seçki sistemində, seçki texnologiyalarında yeni bir fenomendir, tendensiyadır ki, şəxsi və qapalı məlumatların mediada dərc olunması ilə aparılan “qara piar” əks-effekt verir, ona məruz qalanın təbliğinə çevrilir. Trampın seçkisində olduğu kimi Navrotskinin də seçki kampaniyasında eyni hadisələr yaşandı. Nəticədə bu iki siyasətçi seçkilərin qalibi oldu. Bu da tədqiq olunması lazım olan mövzudur ki, seçki texnologiyaları və mexanizmləri hazırda hansı dövrünü yaşayır. Təxminən 10 il öncə namizədlər sosial şəbəkələrdən uğurlu istifadə edirdilərsə, bu, öz müsbət nəticəsini verirdi. İndi isə bir namizədə qarşı aparılan şiddətli “qara piar” kampaniyası namizədin xeyrinə işləyir. Deməli, artıq yeni dövr yaşanır, insanlar, seçicilər başqa maraqlara meyl edir və seçimlərini daha çox “qara piar”a məruz qalan, daha çox millətçi şüarlarla çıxış edən siyasətçilərin xeyrinə edirlər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR