Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasında mübarizə aparan təmsilçimiz "Qarabağ" bu gün play-off mərhələsinə yüksəlmək uğrunda mübarizədə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.
Musavat.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
İdman şərhçisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında bildirib ki, Konfrans Liqasının üçüncü mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma oyunu çətin keçəcək.
Onun sözlərinə görə, bu mərhələyə qədər gələn hər komanda müəyyən gücə sahibdir:
"Rəqibin böyük təcrübəsi olmaya bilər, amma bu mərhələyə qədər gəlib çıxıbsa, deməli, müəyyən gücü var. "Qarabağ" isə daha təcrübəli və keyfiyyətli futbolçulardan qurulmuş komandadır. Ona görə də oyun təbii ki, çətin olacaq. Rəqib komanda əsasən müdafiədən oynayaraq öz şansın gözləyəcək.
"Qarabağ" belə oynayan komandalar qarşısında müəyyən çətinlik çəkə bilər. Çünki rəqib tempin yüksəlməsinə imkan verməyəcək. Belə müdafiəni yarmağın iki yolu var: topu sürətli gəzdirmək və boşluqlardan yararlanmaq. Digər variant isə cinah hücumlarıdır. "Qarabağ" bu baxımdan üstünlüklərə malikdir".
Şərhçi komandanın hava toplarında da güclü olduğunu vurğulayıb:
"Baş oyununda Musa Qurbanlı daha effektivdir. Ona görə də ona bu matçda daha çox şans verilməsi faydalı ola bilər. Nəriman Axundzadə də əlbəttə ki, layiqli futbolçudur, amma belə oyunlarda baş oyunu ilə fərqlənən oyunçuya ehtiyac daha çox olur.
Qurban Qurbanov rəqibin gücündən asılı olmayaraq həmişə ehtiyatlı davranır və futbolçularını da bu yöndə motivasiya edir.
"Qarabağ" imkanlarından düzgün istifadə etsə, turun taleyini öz xeyrinə həll edə bilər. Mən "Qarabağı" bu matçın favoriti hesab edirəm".
Kənan Məstəliyev azarkeş dəstəyi məsələsinə də toxunub:
"Rəqib öz doğma stadionunda oynamır və böyük azarkeş dəstəyi olmayacaq. Bu da "Qarabağ" üçün üstünlükdür. Ümumilikdə tərəzinin gözü "Qarabağ"ın tərəfindədir".
Sultan Məmmədli
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ