İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzindəki Ayvazovski

Öncə bir milli məsələ haqda. Xankəndidə İvan Ayvazovskiyə qoyulan heykəlin sökülməsi son çağların əsas diskussiya mövzularından biridir. Rusiya, o cümlədən şovinist Ermənistan nümayəndələri bundan Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar, deyirlər guya biz erməni sənətçini sevmirik, ona qarşı faşist münasibət bəsləmişik və sairə. Bunun ağ yalan olmasını sübut etməyə ehtiyac yoxdur. Azərbaycanlıların, türklərin tarixən ermənilərlə hər hansı düşmənçiliyi yox idi, ta araya rus imperiyası girib nifaq salana qədər.

O cümlədən bu necə düşmənçilikdir ki, ermənilər Bakının ən yaxşı məhəllələrində yaşayır, neftdən milyonlar qazanırdılar? 26 Bakı komissarı içində erməni Şaumyan yeganə şəxs idi ki, Sovet Azərbaycanında adına 1 yox, 2 yox, düz 3 yaşayış məntəqəsi qoymuşduq: Bakının Şaumyan rayonu, Şaumyan kənd rayonu və Stepanakert. 

Mədəni sferada da “Əsli və Kərəm” dastanından Nərimanovun “Bahadır və Sona” əsərinəcən çoxlu eşq-məhəbbət nümunələri yaranmışdı. Erməni aşıq Sayat Nova üç dildə - erməni, türk, gürcü dillərində yazıb-yaradırdı. Mirzə Cəlilin “Kamança” pyesində Qəhrəman yüzbaşının erməni sənətçiyə münasibəti isə, məncə, milli mövzunun zirvələrindən biridir, dünya miqyaslı tanıtıma layiqdir.

Ancaq mövzu Ayvazovskidirsə, burada da bizim dilimiz uzundur. Heykəl-zad boş şeydir, sənətkar əsərlərinə qoyulan hörmətlə yaşadılır və hazırda bizim Milli İncəsənət Muzeyində, Bakının düz ortasında Ayvazovskinin 3 əsəri nümayiş etdirilir. Bunlar “Meşə yolu”, “Dneprdə gecə” və “Fırtınada gəmi” rəsmləridir.

“Fırtınada gəmi” tablosunun tarixçəsi xüsusilə maraqlıdır, çünki onu rəssama Hacı Zeynalabdin Tağıyev şəxsən sifariş vermiş, pulunu ödəyərək almışdır və Sovet hökuməti gəlib ələ keçirənəcən Tağıyevin əsas mülkündə, indi Azərbaycan Tarix Muzeyi yerləşən binada divardan asılmışdı. Hazırda rəsmin orijinalı İncəsənət Muzeyində, sahibinə hörmət əlaməti kimi, surəti də yenə Tarix Muzeyində sərgilənir.

Osmanlı sultanları da erməni Ayvazovskiyə hörmətlə yanaşıblar. Sultan Əbdüləziz 1870-ci illərdə onu sarayına əziz qonaq kimi buraxmış, azı 30 tablo sifariş verib, yaxşı ənamla yollamışdı. Türkün “erməni düşmənçiliyi” belə olur? 

Sizə bəlkə maraqlı olmaz, şəxsən mən Ayvazovskini rəssam kimi heç sevmirəm, onun dəniz mövzusunda konveyer üsuluyla buraxdığı, bir-birinin kopyası olan rəsmlərini kitç, şablon, qurama və saxta sayıram (bəlkə də bədbəxt rəssam ermənilərin “dənizdən dənizə Ermənistan” xülyasının təsiri, altşüurda buraxdığı izlərlə dəniz temasının - buna marina deyirlər - dalıyca düşmüşdür). Məsələn, təsəvvür edin, İvan müəllim marina üslubunda nə az, nə çox, düz 6 min rəsm çəkibdir! Altı min dəfə eyni dalğanın şəklini çəkmək əzabkeşlik əlamətidir yəqin. Ancaq, əlbəttə, dünya incəsənəti mənim zövqümlə formalaşmır, sevənlər olduqca, rəsm yaşayacaqdır.

Yaxşı yadıma düşdü, dahi rus yazıçısı Anton Çexov Ayvazovski ilə görüşündə onun necə dar düşüncəli olmasını bir cümlə ilə ifadə edib: “Ömrü boyu heç bir kitab oxumayıb”. Hətta Ayvazovski bizim bəzi bloger və manıslar fason, kitab oxumadığı ilə qürur duyurmuş, Çexova deyib ki, mənim hər şey barədə öz rəyim varsa, kitab oxumaq nəyimə lazımdır.

Təsəvvür edin. Zırramalığa və səfehliyə bu cür bəzəkli don geyindirmək özü də bir bacarıqdır. Milli cahillərimiz üçün yaxşı afyorizmdir, buyurub istifadə eləsinlər, halallığını verirəm. 

Yazıya “öncə milli məsələ haqda” qeydi ilə başladım, indi heç yadıma düşmür başqa nə yazmaq istəyirdim. Bizdə həmişə belə olur, mövzu millətdirsə, gerisi rəvayətdir!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR