Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın ən dəhşətli sirri – onun əsl tarixidir.” Estoniyada yaşayan rus yazıçı Mixail Veller yalnız bu ifadəsi ilə də tarixə düşə bilər. Vaxtilə Maksim Qorki də yazırdı ki, “ruslar öz tarixlərini bilmir və bilmək də istəmir”. Onların bildiyi, qonşulara yuxarıdan aşağı baxmaq, onları özlərindən asılı vəziyyətə salmaq, istismar etmək, qorxu altında saxlamaqdır. Ona görə də dünyadan təcrid olunublar.
Rusiya tarixində diplomatik qələbə nadir hallarda baş verib. Rusiya daha çox müharibələrdə zor və güc tətbiq etməklə qələbə əldə edib. İkinci Dünya müharibəsindən sonra Şərqi Avropada yaratdığı sosialist ölkələrini, Asiya, Cənubi Amerika, Latın Amerikası, Afrikada təsir altında saxladığı rejimləri, daha sonra SSRİ respublikalarını yanlış siyasət nəticəsində itirdi. Və yaxşı ki, itirdi, itirməkdə də davam edir. Bu günə qədər bəzi postsovet respublikaları üzərində saxladığı təsir də sürətlə daralır. Baltikyanı respublikaları daha tez itirən Rusiya, bu illərdə Gürcüstanla müharibə etdi, 3 ildən çoxdur ki, Ukrayna ilə genişmiqyaslı müharibə aparır, Moldova ilə də gərgin, soyuq münasibətləri hər an qaynar fazaya keçə bilər. Son iki-üç ildə isə 240 il əvvəl girdiyi Güney Qafqazı da addım-addım itirir. Postsovet məkanında dövlətləri təsir altında saxlamaq istəyən Putinin siyasəti iflasa uğradı. Rusiyanın düşmən etdiyi iki keçmiş sovet respublikasını Tramp barışdırdı. “Ukrayna ilə işimizi bitirək, sizlərlə hesablaşacağıq” hədəsi ilə siyasət quranın sonu belə olmalı idi.
200 ilə yaxın müddətdə Azərbaycana fəlakətlər gətirmiş Rusiya ilə müstəqillik əldə etdikdən sonra normal münasibətlər saxlamağa çalışsaq da, Moskva məkrli siyasətini davam etdirdi və Qarabağın işğalının baş memarı oldu. Qarabağ savaşını qələbə ilə bitirdikdən sonra da Azərbaycan və Ermənistan arasında real sülhün yaranmasına Kreml imkan vermədi, ənənəvi “parçala, hökm sür” siyasətinə sadiq qaldı və daim təxribatlara şərait yaratdı. Nəticə isə hər zamankı kimi Rusiyanın əleyhinə işləyib.
Rusiyanın tarixinə bu qısa ekskursu ona görə etdik ki, bu gün 200 ildən çox Rusiya təsirində olan Güney Qafqazda geosiyasi mənzərə dəyişir. Qətiyyətlə demək olar ki, Vaşinqtonda, Ağ Evdə ağ səhifə açıldı. Bu, həm ABŞ, həm də Azərbaycan və Ermənistan üçün yeni mərhələdir. Bu gündən etibarən ABŞ Güney Qafqazda birbaşa siyasi və iqtisadi təsir gücünə malik oldu və Birləşmiş Ştatlar üçün də uzun müddət davam edən geosiyasi rəqabətdə yeni səhifə yarandı. Bu səhifənin kölgəsində qaranlığa qərq olan isə regional güclər – Rusiya və İrandır. Bu, ilk növbədə Rusiyanın, daha sonra da İranın geosiyasi maraqlarına ziddir və hətta ciddi zərbədir.
Bu zərbənin təməlini Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət qoyub. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyanı Vaşinqton masasına əyləşdirən də məhz Azərbaycan Prezidentinin həyata keçirdiyi hərbi, siyasi və iqtisadi siyasətdir. Regional güclərin destruktiv siyasətini ilk mərhələdə neytrallaşdıran, daha sonra isə çəkinmədən ciddi müqavimət göstərib ölkəsinin maraqlarını önə çəkən İlham Əliyev Güney Qafqazda yeni geosiyasi reallıq formalaşdırdı.
Rusiya və İran on illərdir ki, Azərbaycanla Ermənistan arasında erməni millətçilərinin səpdiyi düşmənçilik toxumunu inkişaf etdirərək bu qarşıdurmanı alovlandırmaq xəttini davam etdirirdilər. Nəticə isə – Ağ Evdə, Prezidentin dediyi kimi, “dünyanın bir nömrəli ofisində” yekunlaşdı. Bu qanadlı ifadənin Kremlə ünvanlandığına şübhə yoxdur.
Rusiya Vaşinqton hadisəsinə açıq rəsmi münasibət bildirməsə də, daxildə narahatdır və hər iki Güney Qafqaz ölkəsinə necə təzyiq göstərəcəyi barədə planlar qurur. Bu gün əksəriyyət Ağ Evdə baş verənlərə Rusiyanın hansı cavabı verəcəyini düşünür. Rusiyanın sivil mövqedən uzaq olduğu və Azərbaycana təzyiqlərin əsasən hansı istiqamətlərdə olacağı da sirr deyil. Son günlər Ukrayna ərazisində SOCAR bazalarına, qaz anbarlarına dron hücumları, kənd təsərrüfatı məhsullarımızın Rusiyaya buraxılmaması, soydaşlarımıza qarşı repressiyalar, KİV və sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatının güclənməsi faktlardır.
Moskva günahı bizdə yox, özündə axtarmalıdır. Çünki dominant vasitəçi rolunu bacarmadı, daha doğrusu, sülhün yaranmasını istəmədi. Rusiyanın xisləti elədir ki, bununla kifayətlənməyəcək və Azərbaycan daxilində ictimai rəyi yönləndirmək üçün Rusiya yönümlü media və dezinformasiya kampaniyalarından istifadə edəcək. Buna görə də hərtərəfli ehtiyatlı olmaq həm səlahiyyətli orqanların, həm də vətəndaşların borcudur.
Əlbəttə, belə mürəkkəb vəziyyətdə Azərbaycan xüsusi qarşıdurmaya getməyəcək, əksinə, indiyə qədər apardığı balanslı və rasional siyasəti davam etdirməlidir. İqtisadi sahədə, xüsusən kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı yeni tərəfdaşlar və alternativ marşrutlar müəyyən edilməlidir. Artıq Qərbi Avropa və Körfəz ölkələri ilə iqtisadi əməkdaşlığı şaxələndirmək zəruridir. Bir sözlə, Rusiyayla münasibətlərdə yaranmış gərginliyin açıq qarşıdurmaya çevrilməsinə bəhanə verilməməlidir.
Azərbaycan Ağ Evdə açılmış ağ səhifəyə qızıl hərflərlə şanlı tarix yazacaq. Qızıl açar isə bizdədir – buna şübhə etməyin.
Xüsusi olaraq Musavat.com üçün
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ