İnsanlara hürriyət, millətlərə istiqlal!

Riyaziyyata körpü

Dövlət İmtahan Mərkəzinin müdirəsi Məleykə Abbaszadənin açıqlamasına görə bu il universitetlərə qəbulda pis nəticələrdən biri riyaziyyat üzrə olmuşdur. Deyir, ingiliscədə müəyyən artım vardır, lakin riyaziyyatdan düzgün cavabların miqdarı əksər qruplar üzrə 30 faiz ətrafında fırlanmaqdaymış.

Ana dili və tarixin tədrisində problemləri təhsil nazirimiz, sayın Emin müəllim vaxtaşırı ifadə edir. Ancaq onlar qalsın başqa günə, hələlik riyaziyyata deyinək.

Niyə biz riyaziyyatı çətin qavrayırıq? Bunun həyatımızla rəqəmlər arasındakı ziddiyyətlərdən doğduğunu mən ötən yazılarımdan birində qeyd etmişəm, dünən bu istiqamətdə daha bir fakta rast gəldim.

Yəqin xəbəriniz vardır, Tarif Şurasının qərarı ilə Bakıda və Abşeron yarımadasında ictimai nəqliyyatın sərnişin daşıma qiymətləri oktyabrın 1-dən 10 qəpik artacaqdır. Daha doğrusu, qiymət yenə də artmır, dəyişir, diferensiallaşır. Üzr istəyirəm bayaqkı siyasi səhvimə görə. Bizdə axı heç vaxt qiymətlər qalxmır. Nəsə, bunu əsaslandırarkən idarədən belə cümlə işlədilibdir: “Qiymət dəyişikliyi yalnız nağdsız ödənişlər aparan ictimai nəqliyyata aiddir. Deməli, qiymət metroda tam olaraq 60 qəpiyə keçsə də, avtobuslarda bu, 30 faizdən çox marşrutu əhatə etməyəcəkdir”. Vallah, elə bu cür də yazılmışdı. Yəni bahaçılıq olmayacaq, gedin şadlıq eləyin.

Ancaq mənim əlim dinc durmadı, Bakıda nağdsız ödəməyə keçən avtobusların sayına baxmaq istədim. 2025-ci ilin yanvarında yerüstü nəqliyyat agentliyimizin şanlı açıqlamasına rast gəldim və orada deyilirdi ki, 2024-cü ildə Bakıda sərnişinlərin 78 faizə yaxını məhz nağdsız ödənişlə daşınmışdır.

Buradan isə belə nəticə çıxır ki, artım 80 faizdən çox daşımaları əhatə edəcəkdir (ilin əvvəlindən nağdsız ödəməyə keçən avtobusların sayı xeyli artıb).

Ancaq biz dövlət qurumuna inanmağa borcluyuq. Əgər artımın 30 faiz daşımaları keçməyəcəyini iddia edirlərsə, şübhəsiz, belədir. Ya da məntiqlə, 78 faiz sərnişini 30 faiz marşrut daşıyır, qalan 22 faiz sərnişin isə 70 faiz avtobusu zanit edir. Ax-vay... Gör necə qudurmuş insanlar var, boş avtobuslarda gəzirlər özləri üçün... Hələ bəlkə avtobus tutub Astara rayonuna toya gedirlər.

Yox, səhv anlaşılmasın, yenə o bölgədəki nərdli toydan bəhs etməyəcəyəm. Astaradan məktub almışam. Sərək kənd sakinləri şikayətlənir, deyirlər yolumuz pis gündədir, üstəlik, körpünü yağış və sel dağıdıb, düzəldən yoxdur.

Video da yollamışdılar. O səbəbdən körpünün xərabələrinə maraqla baxdım. Eni-uzunu 3-4 metr olan, metal borulardan düzəltmə, əldəqayırma bir körpü imiş və onun hələ indiyə qədər qalmağı möcüzədir. İstənilən, hətta ən cırtdan rayonumuzda belə icra başçısının, rəisin, prokurorun-filanın villasını araşdırsan oradan çıxan metal-armatur, sement-filan miqdarı Sərək kəndindəki o bədbəxt körpünün “tikintisində” işlədilən mal-materialdan qat-qat çox olar. (Bu cümlədə qəsdən çoxlu defis işlətdim, sözlərə körpü qoydum. Bizdə defis hələlik defisit deyil, oxucular kef eləsin).

Ən tragikomik detallardan biri isə budur ki, camaat indi çayın içindən maşınla keçməyə cəhd göstərir, yerli orqanlar da “gedin, körpünü özünüz qayırın” deyirmiş. Bəlkə yaxşı təşəbbüsdür, sadəcə, Sərək camaatı körpünü qayırsın və icra başçısı, hökumət üzvləri oradan keçəndə pulunu alsın. Hər kənddə camaat özü belə pullu, ödənişli, diferensiallaşmış körpülər tikməyə borcludur. Bu istiqamətdə tarixi təcrübəmiz var (bax: Dəli Domrulun “Azərkörpütikinti” idarəsinin fəaliyyəti).

Təsadüfən eyni gündə Çində tikilən ən hündür körpü haqda xəbəri oxudum. Hündürlüyü 625 metr imiş. Ümid edirəm sərəklilər bu xəbəri oxumazlar. Çünki halları pisləşər, çayın içinə yıxılarlar. O zaman sudan da gərək özləri çıxsın.

Bax, uşaqlar riyaziyyatı buna görə öyrənə bilmir. Nə avtobus daşımaları uyğun gəlir, nə rayonun kosmik tərəqqisi ilə Sərək körpüsünün dirəkləri...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR