Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın xarici siyasətinin dəyişməz əsas prioritetlərindən biri Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Bu yanaşmaya uyğun olaraq, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş istənilən səyləri dəstəkləyirik”.
Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli KİV-ə müsahibəsində deyib.
Diplomat ölkəsinin “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı məsələyə yanaşmasına da diqqət çəkib:
“Tramp yolu” adlanan marşrutla bağlı Rusiyanın mövqeyi bu nəqliyyat layihəsinin necə həyata keçiriləcəyi barədə ətraflı məlumat əldə etdikdən sonra formalaşacaq. Bildiyimizə görə, iş yeni başlayır. Yük və sərnişinlərin tranzit rejimləri və hərəkət təhlükəsizliyi ilə bağlı təfərrüatlar razılaşdırılmalıdır.
Bölgədə nəqliyyat əlaqələrinin bərpası səyləri ikitərəfli sənədlər əsasında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü, eləcə də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı şəraitin nəzərə alınmasını tələb edəcək. Onu da əlavə etmək istərdim ki, Rusiya tərəfi həm erməni tərəfdaşları, həm digər maraqlı tərəflərlə, həm də İranla bu məsələlərlə bağlı məsləhətləşmələrə açıqdır”.
Kopırkin Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala cavab olaraq bildirib ki, bu məsələ gündəmdə deyil və razılaşmaya uyğun olaraq, Rusiya Silahlı Qüvvələrinin bölmələri 2044-cü ilədək Ermənistanda qalmalıdır.
Səfir iddia edib ki, Rusiyanı sıxışdırıb Cənubi Qafqazdan çıxarmaq mümkün deyil:
“Rusiyanı Cənubi Qafqazdan ayırmaq kökündən boş bir işdir. Buna nə coğrafiya, nə ortaq tarix, nə də Rusiyanın Cənubi Qafqaz dövlətləri ilə çoxşaxəli əlaqələrinin genişliyi imkan verir. Buna rəğmən, bəzi xarici aktorlar bu cür absurd ideyalar səsləndirməklə, yalnız öz istəklərini və regional reallıqları zəif dərk etdiklərini ortaya qoyurlar”.
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ