Onlayn ictimai-siyasi qəzet
Aparıcı Rövşanə Ağasəfqızı ginekoloqları sosial media hesablarındakı paylaşımlarına görə tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə aparıcı İnstagram hesabında yazıb. Ağasəfqızı qeyd edib: “Bəzi həkimlər lap ağ ediblər. Abır-həya qalsın, kimisə bu şəkildə göstərmək tərbiyəsizlikdir, sadəcə. Ayıbdır vallah. Nə edirsiniz-edin, daha bunu gözümüzə soxmayın. Ərin xəyanət etməyəcək nə deməkdir? Belə çıxır ki, bu prosedurlardan keçməyənlərin əri ucdantutma xəyanət edir? Abrınız olsun! Çörəyiniz çıxan orqanı belə urvatsız etməyin! Vallah kişilərdə qadına maraq qalmayacaq. Hər şey ortadadır. Bir tikə çörək yemişdik, ürəyimiz çıxdı ağzımıza. Kimin harasından nə axır nəyimizə lazımdır? Ginekoloqların çoxunun paylaşımlarından ifrazat qoxusu gəlir. İnstagramı döndəriblər ginekoloji stola. İsmin bütün hallarını beldən aşağı işlədirlər. Nə qədər iyrənc...”
Yada salaq ki, daha əvvəl doğuş zamanı həkimin birinə ad günü keçirilmiş, bir başqası əməliyyatın reklamı üçün görüntüləri yaymışdı.
Həkimlərin sosial şəbəkə “xəstəliyi”nin səbəbi nədir? Bu qədər ifrata getmək hansı sosial və hüquqi məsuliyyət doğurur? Pasiyentin özünün hansı hüququ var?
Cərrah-həkim, professor Adil Qeybulla “Yeni Müsavat”ın mövzu ilə bağlı sualına belə cavab verib: “Bu məsələyə qısa cavab verəcəyəm. Bunun səbəbi tərbiyəsizlik, ictimai qınağın olmaması, korporativ maraqlar və qanunda olan boşluqlardır”.
Rəşad Sultan
Həkim ginekoloq Rəşad Sultan da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İndi abır-həya anlayışımı qalıb? Yalnız həkimlər deyil, kimdə abır-həya qalıb ki?! Sosial mediadan nəinki həkimlər, bütün təbəqələr, hətta prezidentlər belə istifadə edir. İndi həkimləri görəndə abır yada düşdü? Bu da ümumi abırsızlığın bir parçasıdır. Mən bunu təqdir etmirəm, sadəcə, gülürəm. İş ağlamaqdan keçib, artıq gülürük. Abırlıya pis baxırlar indi. İnsanları abır, etika yox, pul və güc maraqlandırır. Abırlı həkimə yox, bahalı maşını olan həkimə gedirlər. Pasiyentlər özləri bunu istəyir. Vaginoplastika üçün müraciət edən xəstə deyir ki, doktor, niyə bu əməliyyatlar yoxdur səhifənizdə? Deyirəm, mən xalqın ora-burasını necə paylaşım?! O xəstə gedir bunları paylaşan həkimin yanına. Abırlı da məcbur olur abırsızlaşmağa. Kütlə özü bunu istəyir. Axsaq atın kor nalbəndi olar. Bunu tənqid edənlər özləri də hırıldaya-hırıldaya qadının ayaqları arasında durub doğuş paylaşan bambılı ginekoloqlara gedirlər”.
Dünyanın müxtəlif ölkələrində pasiyentlərin razılığı olmadan tibbi prosedurların və görüntülərin sosial mediada paylaşılması hallarına rast gəlinir. Bəzi hallarda bu cür davranışlar həkimlərin cəzalandırılması ilə nəticələnib. Nümunələr göstərir ki, bu mövzu təkcə etik deyil, eyni zamanda hüquqi müstəvidə də ciddi nəticələrə səbəb olur. Bir çox ölkədə bu kimi hallara qarşı hüquqi tədbirlər mövcuddur. Məsələn, ABŞ-də HIPAA qanunu çərçivəsində pasiyentin sağlamlığına dair hər hansı şəxsi məlumatın onun razılığı olmadan yayılması qadağandır və bu, həkimin lisenziyasının itirilməsi ilə nəticələnə bilər. Böyük Britaniyada General Medical Council (GMC) tərəfindən müəyyən edilmiş etik prinsiplərə görə, həkimlərin pasiyent məxfiliyini qoruması vacib şərtdir. Almaniya, Fransa və Skandinaviya ölkələrində isə belə paylaşımlar yalnız yazılı razılıq əsasında həyata keçirilə bilər və həmin razılıq hüquqi sənədlərlə təsdiqlənməlidir.
Azərbaycan qanunvericiliyi də bu məsələdə pasiyentin hüquqlarını tanıyır. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Şəxsi məlumatlar haqqında” qanunlara əsasən, tibbi prosedurlar zamanı əldə edilən məlumatların yayılması yalnız pasiyentin razılığı ilə mümkündür. Əks halda, bu, qanun pozuntusu hesab olunur və Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır. Sosial şəbəkələrdə həkimlərin bu cür davranışlara meyl etməsinin əsas səbəbləri arasında izləyici sayını artırmaq, tibbi xidmətləri reklam etmək və bazarda fərqlənmək istəyi dayanır. Lakin bu kimi paylaşımlar, hətta maarifləndirici məqsəd daşısa belə, etik və hüquqi çərçivələr daxilində həyata keçirilməlidir.
Pasiyentin bədəninin və tibbi vəziyyətinin “şouya çevrilməsi” cəmiyyətdə tibbi peşəyə olan hörməti zədələyir, qadın bədəninin obyektləşdirilməsinə yol açır. Cəmiyyətin və peşə sahiblərinin bu kimi hallara qarşı həssas yanaşması, həm həkimlərin etik davranış sərhədlərinə riayət etməsi, həm də pasiyent hüquqlarının qorunması baxımından vacibdir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ