Onlayn ictimai-siyasi qəzet
Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova, Əməkdar artist Cabir İmanovun qəfil ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, idman zallarında mövcud olan qeyri-professional şəraitə diqqət çəkib.
Musavat.com xəbər verir ki, həkim paylaşımında bir neçə vacib məqama toxunub və bu məsələdə məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb.
Dr. Rəhimova bildirib ki, dəfələrlə bu barədə yazsa da, çıxışlar etsə də, idmançılar və məşqçilər tərəfindən kinayə ilə qarşılanıb:
“1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır. Hansılar ki, ilkin tibbi yardımı həkim səviyyəsində bilir;
İkincisi, idman zallarında defibrilyator aparatı qoyulmalıdır, hansının ki, istifadəsini adi vətəndaş da edə bilər;
Üçüncüsü, idmana gələn, yazılan hər kəsin kardioloqdan sağlamlıq kağızı olmalıdır – əsl kağız, yalançı yox;
Cabir İmanovla uşaqlığımız, gəncliyimiz getdi.
Halbuki o hələ uzun yaşaya bilərdi. Ürək ən vəfasız orqandır. Ən vəfasız.”
Həkim həmçinin bildirib ki, hadisə ilə bağlı kamera görüntülərinə baxıb və zaman itkisinə görə təəssüfünü ifadə edib:
“Mənasız zaman itkisi. Zaman itkisi. Zaman itkisi. İndi daha çox yandım ölümünə.”
Dr. Günay Rəhimova bir daha idman zallarında tibbi təhlükəsizlik standartlarının qorunmasının zəruriliyini vurğulayıb.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ