Onlayn ictimai-siyasi qəzet
Amerikada mühacir həyatı yaşayan, Milli Məclisin sabiq spikeri Rəsul Quliyev avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla Dövlət Başçımız İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən danışıb. O, imzalanan Birgə Bəyannamənin tarixi rolunu önə çəkib.
Bu barədə Musavat.com xəbər verir.
Parlamentin eks rəhbəri hesab edir ki, ABŞ-ın iştirakı və imzası ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənədin Azərbaycan, o cümlədən Ermənistan üçün çox mühüm əhəmiyyəti var: "İlk növbədə, Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsi bərpa olunur, başqa sözlə, ölkə vahidləşir.
Ancaq bu, aysberqin görünən tərəfidir. Onun kökünün strateji əhəmiyyəti dəfələrlə möhtəşəmdir. Bu saziş işləməyə başlayacağı gündən Ermənistanın qazancı Azərbaycandan heç də az olmayacaq.
1.Siyasi nöqteyi-nəzərdən hər iki ölkə aqressiv Putin Rusiyasından nəhayət ki, xilas olacaq. Sözsüz ki, Rusiya Azərbaycandan daha çox Ermənistanda xaos yaratmağa çalışacaq. Azərbaycanda bu mümkün deyil, çünki ölkəmiz öz qüdrətini artıq göstərə bilib və onu Türkiyə, Pakistan və İran kimi dostları, həmçinin Yəhudi dünyası ciddi dəstəkləyir. Eyni zamanda, Türk dünyasının Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan dövlətləri də dəstəkləyənlər arasındadır. Bu, 600 milyona yaxın, başqa sözlə, dünya əhalisinin 10 faizə yaxın əhalisinin mövqeyidir, onu iqnor etmək sadəcə mümkün deyildir… Ən başlıca səbəb isə, ölkəmizin daxilində milli vəhdətin, siyasi birliyin olmasıdır. Demək olar ki, ölkənin əksər ciddi siyasi qüvvələri prezident İlham Əliyevin xarici siyasətini tamlıqla, vahid orqanizim şəklində dəstəkləyir və Prezident ətrafında dəmir yumruq kimi birləşiblər… Buraya prezident Əliyevin ölkədaxili şəxsi nüfuzunu da əlavə etmək yerinə düşər. Bütün bu səbəblər onu deməyə əsas verir ki, Azərbaycanda Rusiyanın imkanları sıfıra bərabərdir.
Ermənistana gəldikdə isə, heç şübhəsiz ki, vəziyyət fərqlidir. Koçaryan, Sarkisyan və onların ətrafındakı azsaylı neofaşistlər Rusiyanın pulu ilə ölkələrini həmişə sata bilərlər. Ancaq qeyd etmək lazımdır ki, bu saziş sözsüz ki, Paşinyanın siyasi mövqeyini də xeyli gücləndirmiş oldu.
2. Bu sənədə demək olar ki, dünyanın tanınmış ölkələrinin yarısından çoxu müsbət rəy verdi, Azərbaycan və Ermənistanı təbrik etdilər.
3. Bu sənəd regionda yaranacaq stabilliyə start verdi və Qafqaz regionunda siyasi ab-havanı dəyişdi, o cümlədən Dağıstan, Çeçenistan, İnquşetiya, Abxaziya və Cənubi Osetiyaya düşünüb-daşınmaq şəraiti yaratdı.
4. Sənəd Azərbaycan-Ermənistan əlaqələrini (Ermənistanın münaqişə yaratmaq xəstəliyinə qarşıdır) normallaşdıra bilər.
İqtisadiyyat baxımından, ilk növbədə, Ermənistanın İrandan başqa, Türkiyədən də dünyaya qapısını açacaq. Ermənistanın ixrac potensialı zəifdir, yəni xaricə satacaq elə bir məhsulu yoxdur. Ancaq kiçik bizneslərini inkişaf etdirə bilərlər. Bu yol tarixi İpək yolunun şah damarına çevrilə bilər. Bir çox məhsulun Asiya bazarından, o cümlədən Çindən Qazaxıstan və Tükmənistan limanlarına, oradan da Azərbaycana və dəmir yolu vasitəsilə həm də Ermənistandan keçməklə Avropa bazarına çıxarılmasına imkan yarada bilər. Bahalı və qeyri-stabil Rusiya yolundansa, bu yol bütün ölkələr üçün daha sərfəli olcaq. Sözsüz, bu işləri görmək üçün çox böyük investisiya qoyulmalıdır. Portlar müasir texnologiya ilə genişləndirilməlidir. Bəlkə də, 10 ildən sonra 2-ci dəmir yolu xətti inşa edilməlidir".
R.Quliyev onu da qeyd edib ki, Ermənistan bir çox enerji məhsullarını Azərbaycandan daha ucuz qiymətə ixrac edə bilər:
"Azərbaycan İpək yolu layihəsinin əsas iştirakçısına çevrilməlidir. Bu layihələri həyata keçirmək üçün dollar ekvivalentində 100 milyardlarla pul xərcləmək lazım gələcək. 10 minlərlə insan özlərinə yeni iş yerləri tapacaq. Ümumilikdə milyard dollarlarla əmək haqları veriləcək. Bir sözlə, bu sənəd dünya iqtisadiyyatına yeni nəfəs, yeni texnologiyalar və ekstra stabillik gətirə bilər. Bu, proseslərin hələ başlanğıcıdır. Ümid edirəm ki, maksimum 30 ilə bu gün həyata keçirilən bu böyük və olduqca əhəmiyyətli xarici siyasətin möhtəşəm bəhrəsi görünəcək. Mən də təbrik edənlərə qoşuluram, xalqımızı, dövlətimizi və dövlətimizin başçısını ürəkdən təbrik edirəm…".
Cavanşir ABBASLI,
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ